Fələstin məsələsi artıq yalnız regional münaqişə deyil. Bu, beynəlxalq hüquqla siyasi maraqların, diplomatik jestlərlə strateji oyunların kəsişdiyi mürəkkəb bir geosiyasi düyünə çevrilib. Avropa dövlətləri bu məsələdə həm normativ humanizmlə, həm də realpolitik maraqlar arasında sıxışıb qalıblar. Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstini tanıyacaqlarını bildirməsi ilə İtaliya Baş naziri Ciorgia Meloninin "dövlət hələ formalaşmayıb" arqumenti arasında yaranan ziddiyyət, Avropanın həm daxili, həm də xarici siyasətində strateji ikililiyi göstərir. Bu ikililik isə nə bölgəyə sabitlik gətirir, nə də Avropanın özünü inandırıcı beynəlxalq aktor kimi təqdim etməsinə xidmət edir.
Fələstinə "vaxtsız" dəstəyin kökləri
Fələstin problemi Avropanın siyasi tarixində daima bir sınaq nöqtəsi olub. 1993-cü il Oslo Sazişləri ilə başlayan "proses yönümlü sülh" yanaşması, əslində reallıqda davamlı olaraq prosesin özünün təxirə salınmasına səbəb oldu. Avropa o dövrdən bu günə qədər Fələstin məsələsində "qəti həll" əvəzinə, "mərhələli dəstək" modelini əsas götürdü. Meloninin "əvvəl dövlət qurulsun, sonra tanıyaq" fikri bu uzunmüddətli strateji gecikdirmənin müasir ifadəsidir. Halbuki 1988-ci ildə elan olunmuş Fələstin dövləti artıq dünyanın böyük əksəriyyəti tərəfindən tanınıb və bu tanıma faktı sadəcə BMT sənədlərində deyil, çoxsaylı dövlətlərarası münasibətlərdə öz əksini tapıb.
Əslində Avropa bu məsələdə yalnız İsrailin deyil, ABŞ-ın da diplomatik orbitindən çıxmaqda aciz görünür. ABŞ və İsrailin açıq təzyiqi qarşısında Avropa tez-tez "gözləmə mövqeyi" tutur. Bu gözlənti isə əslində Fələstin xalqının hüquqlarını qeyri-müəyyən gələcəyə həvalə etməkdən başqa bir şey deyil.
Makronun Manervası
Emmanuel Makronun Fələstini tanımaqla bağlı son bəyanatı Fransa üçün həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış çoxqatlı siyasi jestdir. Daxili siyasətdə bu addım Fransa müsəlman icmasının və insan hüquqları müdafiəçilərinin dəstəyini qazanmağa xidmət edir. Xarici müstəvidə isə bu, ABŞ-dən fərqli, müstəqil Avropa imici formalaşdırmaq cəhdidir. Amma bu tanımanın real təsiri sual altındadır.
İsrailin sərt reaksiyası – Netanyahunun bəyanatları, ABŞ-dən gələn tənqidlər və Britaniyanın ehtiyatlılığı, Fransanın Yaxın Şərqdəki vasitəçilik imkanlarını azalda bilər. Bu isə tanımanın təsir gücünü kağız üzərində qoyur. Makronun addımı, əslində, gecikmiş və nəticəsiz bir manevr təsiri bağışlayır – çünki bu tanıma reallıqla yox, daha çox Fransanın diplomatik portreti ilə bağlıdır.
İki Yanaşma, Eyni Qərarsızlıq: Tanımaqmı, gözləməkmi?
Meloninin ritorikası ilə Makronun jesti arasında ideoloji fərq görünür. Amma mahiyyət etibarilə hər iki mövqe Fələstin məsələsində qərarsız və ikibaşlı yanaşmanın təzahürüdür. Tanıma prosesi burada siyasi təzyiq alətinə çevrilir – məqsəd Fələstin xalqına hüquq qazandırmaqdan çox, beynəlxalq diplomatiyada "doğru tərəfdə dayanmaq" imicidir.
Bu isə səmimi təşəbbüsdən çox, geosiyasi teatra bənzəyir. Avropa nəinki işğalın legitimliyini sual altına qoymur, eyni zamanda məskunlaşma siyasətinə qarşı konkret sanksiyalar tətbiq etməkdə də çəkingən davranır. Tanıma, əgər ardınca real siyasi və iqtisadi dəstək gəlmirsə, sadəcə simvolik addımdır və daha çox daxili istehlaka yönəlib.
Fələstin – Tanınmış və Tanınmamış Dövlətlərin Arasında
Bu gün Avropa qarşısında duran əsas sual budur: Fələstini tanımaqla problemi həll edəcək, yoxsa sadəcə donduracaq? Mövcud tendensiyalar göstərir ki, Avropa siyasi cəsarətdən çox, diplomatik ziqzaqlarla problemi "idarə etməyə" çalışır. Bu isə nə sülh gətirir, nə də ədalət. Avropa Fələstin məsələsini ya ciddi şəkildə BMT mexanizmləri və beynəlxalq hüquq çərçivəsində həll etməyə yönəlməli, ya da səmimi olmadığını etiraf edərək passiv müşahidəçi mövqeyini rəsmiləşdirməlidir.
Əgər Avropa həqiqətən iki dövlətli həllə inanırsa, bu, sadəcə tanıma bəyanatları ilə yox, hüquqi sənədlər, maliyyə dəstəyi ilə, məskunlaşmalara qarşı sanksiyalarla və real vasitəçilik səyləri ilə ifadə olunmalıdır. Əks halda, bu tanıma – istər indi, istər sonra – sadəcə kağız üzərində "var olan" bir dövlətin, realda isə "olmayan" bir həllin illüziyasına çevriləcək.
Şahlar Ruhi
