Paşinyanın "xaç yürüşü" erməni xalqına nə vəd edir?


Ermənistanda kilsə ilə hökumət arasında gərginlik ötən onilliklərin siyasi rəqabətindən fərqli olaraq, artıq institusional güc toqquşmasına çevrilib. Paşinyan hökumətinin Ermənistanda ənənəvi mövqeyə malik olan Erməni Apostol Kilsəsinə qarşı atdığı addımlar sadəcə bir islahat paketi deyil – bu, Ermənistanın milli kimliyində, hakimiyyət arxitekturasında və geosiyasi mövqeyində dərin dəyişikliklərin xəbərçisidir.

Dövlətin bu səviyyədə dini institutla üz-üzə gəlməsi nə üçün indi baş verir? Sualın cavabı Ermənistanın post-müharibə dövründəki yeni reallıqları, regional yönləri və daxili müxalif konturlarında gizlidir. Kilsə bu gün Paşinyan üçün siyasi hakimiyyətə real təhlükə, onun reformist gündəminə isə ideoloji barikadadır.

Paşinyanın Planı: Kilsə Taxtını Boşaltmaq

Baş nazir Paşinyanın 2024-cü ilin ortalarından etibarən yaydığı ictimai bəyanatlarda diqqətçəkən əsas motiv – kilsənin monolit strukturunun sarsıdılmasıdır. O, II Qareginin vəzifədən uzaqlaşdırılması ilə kifayətlənməyəcəyini açıq bəyan edir. Bu, fərdi yox, sistemə yönəlik hədəfdir.

Paşinyan Ermənistanda kilsənin “avtokefal” deyil, “avtoritar” sistemlə idarə olunduğunu iddia edir. Katolikosun istər mənəvi, istər inzibati, istərsə də xarici siyasət məsələlərinə müdaxiləsi Paşinyanın dünyəvi idarəçiliyi ilə kəsişir. Bu səbəbdən o, “keçid dövrü rəhbərsiz kilsə” modelini irəli sürür – yəni dini idarəçiliyin kollegial formaya keçirilməsi və strukturun yeni konstitusiya ilə yenilənməsi.

Bu yanaşma Ermənistanda ilk dəfə bir baş nazirin kilsə üzərində nəzarət qurmaq deyil, onu dəyişmək niyyətində olduğunu göstərir. Belə bir cəhd tarixdə ilk dəfədir və Paşinyan bu baxımdan özünü Erməni tarixi üçün çevriliş aktoru kimi təqdim edir.

Seçki Önü Səlib Yürüşü: Ruhani Müxalifətin Sükutu

2025-ci il parlament seçkiləri Paşinyanın strateji gündəliyində təkcə səs toplamaq deyil, müxalif səslərin kəsilməsi missiyasını da daşıyır. Bu kontekstdə Erməni Apostol Kilsəsi, xüsusilə də onun radikal qanadı – Bağrat Srbazanın liderliyi altında ruhanilərin siyasi aktivliyi ciddi təhdid hesab olunur.

Srbazanın keçmiş prezidentlər Koçaryan və Sarqsyan tərəfindən hökumət alternativi kimi təqdim olunması, onun dini rütbəsindən siyasi legitimlik üçün istifadə edilməsi Paşinyan üçün “kilsə müxalifəti” anlayışını reallığa çevirir.

Bütün bu proseslər fonunda Paşinyan hakimiyyətə qarşı yaradılan ruhanilər blokunu dağıtmaq üçün kilsənin içində təmizləmə əməliyyatları, siyasi təcrid və informasiya hücumlarını aktivləşdirir. Məqsəd sadədir: seçkiyə qədər dini tribunanın siyasi ritorikasını susdurmaq.

Şəxsi Həyatdan İctimai İfşaya: Qareginin Gölgələri

Paşinyanın taktikasında təkcə institusional deyil, etik-moral hücum komponenti də nəzərə çarpır. II Qareginin şəxsi həyatına dair mediaya sızdırılan detallar – guya onun gizli evliliyi və övladının olması iddiaları ictimai rəydə “müqəddəslik aurunu” dağıtmaq üçün istifadə olunur.

Ən diqqətçəkən məqam – Paşinyanın gələcək katolikosun mütləq evli və ailəli biri olmalı olduğu fikrini önə çəkməsidir. Bu, bir tərəfdən mövcud katolikosun nüfuzunu sarsıdır, digər tərəfdən isə kilsənin daxili kanonlarını dəyişdirmək üçün ruhanilər arasında polemika yaradır. Bu dağılma və ikitirəlik mühitində kilsənin monolit gücü zəifləyir.

Bu addımın arxasında iki əsas məqsəd dayanır:

- Katolikosu etik legitimlikdən məhrum etməklə ictimai dəstəyini azaltmaq.
- Kilsənin içində parçalanma yaradaraq, onu idarəolunan xaosa sürükləmək.

Eçmiədzin və Qarabağ: Mantiyada Gizlənən Silahlı Revanşizm

Erməni kilsəsinin yalnız dini yox, hərbi-siyasi aktor kimi çıxış etməsi artıq tarixi faktlarla sübuta yetirilib. Qarabağ müharibələri dövründə kilsəyə bağlı ruhanilərin əllərində silah, boyunlarında xaç döyüşmələri, dinlə militarizmin sintezini göstərir.

Kilsənin Azərbaycan torpaqlarında – xüsusilə işğal dövründə – separatçı rejimlə birgə dini idarələr formalaşdırması, oradakı keşişləri legitimləşdirməsi və beynəlxalq platformalarda bu dini qurumları "erməni irsinin daşıyıcısı" kimi təqdim etməsi onun ideoloji-siyasi alətə çevrildiyini sübut edir.

Bu gün Eçmiədzin hələ də Azərbaycanla sülh prosesinə qarşı çıxışlar edir, revanşizm çağırışları səsləndirir və hökumətin regionda atdığı hər addımı şübhə altına alır. Paşinyan üçün bu, artıq yalnız daxili yox, regional təhlükəsizlik məsələsidir.

Moskva ilə Müqəddəs İttifaq: Kilsə Rusiyanın Taktik Aləti

Erməni Apostol Kilsəsinin ən güclü dayaqlarından biri – onun Rusiya ilə dərin əlaqələridir. Bu kilsə Ermənistanın sadəcə mənəvi deyil, geopolitik loyallıq vektorudur. Rusiya Pravoslav Kilsəsi ilə gizli təmaslar, Koçaryan-Sarqsyan dönəmindəki qarşılıqlı güzəşt əsaslı razılaşmalar Eçmiədzini Kremldə xüsusi statuslu aktora çevirmişdi.

Bu “Moskva–Eçmiədzin oxu” Paşinyan üçün ciddi təhlükədir. Çünki kilsə vasitəsilə Rusiyanın Ermənistanın daxili siyasətinə yumşaq nüfuz imkanları var. Paşinyan isə bu dövrəni qırmaq üçün kilsənin strateji, siyasi və iqtisadi resurslarını hədəfə alır.

Burada əsas məqsəd:

– Rusiya ilə bağlı ruhaniləri passivləşdirmək,
– Eçmiədzinin Moskva ilə siyasi koordinasiyasını kəsmək,
– Ermənistanın kilsə daxilindəki “beşinci kolonunu” zərərsizləşdirməkdir.

Paşinyan müasir "IV Filip" ola biləcəkmi?

Tarixdə kilsə ilə dövlət arasında çoxlu qarşıdurmalar olub. Lakin bəzilərində dövlət qalib gəlib və dini güc sıradan çıxarılıb, bəzilərində isə kilsə dövləti zəiflədərək öz hegemonluğunu bərpa edib.

Paşinyan özünü Fransa kralı IV Filip kimi görür – kilsənin mütləqiyyətinə qarşı çıxan, onu strukturlaşdıran, məhdudlaşdıran dünyəvi lider kimi. Amma bu yol asan deyil. Qarşısında güclü tarix, daxildə fanatizm, kənardan isə Rusiya təzyiqi dayanır.

Əgər o, bu sınaqdan keçərsə – Ermənistan post-kilsə dövrünə qədəm qoyacaq. Əks halda – bu, sadəcə kilsənin deyil, Paşinyanın da axırına çıxacaq müqəddəs savaşa çevrilə bilər.

Şahlar Ruhi