Qədim Məbəd uğrunda Müasir Müharibə: Tailand Kamboca ilə niyə döyüşür?

 


Cənub-Şərqi Asiyanın qəlbində, sıx meşələrin, tarixi abidələrin və zamana sinə gərən buddist məbədlərinin fonunda başlayan mübahisə artıq sadəcə sərhəd xətti üstündəki çəkişmə deyil. Bu, yüzilliklərdən gələn siyasi yaddaşın, kolonial keçmişin və çağdaş geosiyasi iddiaların toqquşmasıdır. Preah Vihear məbədi ətrafında yenidən alovlanan Tailand-Kamboca qarşıdurması, iki qonşu ölkə arasındakı etimadsızlığın və millətçi ritorikanın simvoluna çevrilib. Bu dəfə isə hadisələrin miqyası və tempı daha təhlükəli dinamika alır. Son on ilin ən qanlı toqquşmaları bu günlərdə baş verir – artilleriya atəşi, təxliyə olunan minlərlə insan və beynəlxalq hüququn yenidən sınağa çəkilməsi.

 Münaqişənin tarixi kökləri

1907-ci il — Avropa imperiyalarının Cənub-Şərqi Asiyada sərhədlər çəkdiyi dövr. Fransa Hindçini öz təsir zonasında saxlayarkən, Kambocanın sərhəd xəttini təyin edərək Tay kralığı ilə arasına xəritəylə “divar” çəkdi. Bu xəritə sonradan Preah Vihear məbədini Kamboca tərəfində göstərdi. Lakin Tailand bu xəritəni sonralar sual altına aldı, onu qeyri-legitim hesab etdi və nəticədə 817 kilometrlik sərhəddə müxtəlif “boz zonalar” – mübahisəli ərazilər formalaşdı.

Bu hüquqi boşluq 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinə qədər gedib çıxdı. Məhkəmə Preah Vihear məbədinin Kambocaya məxsus olduğunu təsdiqlədi, lakin məbədin ətrafındakı torpaqların statusuna toxunmadı. Bu, münaqişəni həll etmək əvəzinə, yeni mübahisələrə zəmin yaratdı. Sərhəd bölgəsi hüquqi cəhətdən dondurulmuş münaqişəyə çevrildi, hansı ki, vaxtaşırı silahlı toqquşmalarla “əriməyə” başlayır.

UNESCO və milli qürur: 2008-dən sonra alovlanan ritorika

2008-ci il həm Kamboca, həm də Tailand üçün dönüş nöqtəsi oldu. Kamboca Preah Vihear məbədini UNESCO-nun Dünya İrsi Siyahısına salmaq təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs beynəlxalq hüquq çərçivəsində mədəni mirasın qorunması kimi təqdim olunsa da, Tailandda milli suverenlik və tarixi iddialar baxımından təxribat kimi qəbul edildi. Nəticə: sərhəddə qarşıdurmalar, itkilər və hərbi hazırlıqların intensivləşməsi.

Məbədin daşlarından çox, onun simvolik yüklü mənası mübahisəyə çevrildi. Hər iki ölkədə bu məsələ yalnız hökumətlərin yox, həm də müxalifətin, media qurumlarının və ictimaiyyətin əsas diskurs mövzusuna çevrildi. Millətçi ritorika qarşıdurmanı körüklədi, barışıq cəhdlərini isə zəiflətdi.

BƏM-in 2013 qərarı və yerinə yetirilməyən hüquq

2013-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi bir daha məsələyə münasibət bildirdi: Preah Vihear məbədinin ətrafındakı torpaqlar da Kambocaya məxsusdur və Tailand bu ərazilərdən ordusunu çıxarmalıdır. Lakin bu qərar real müstəvidə ciddi nəticələr doğurmadı. Tailand məhkəmə qərarını tanısa da, onu yerinə yetirməkdən yayınaraq ərazidəki hərbi mövcudluğunu müxtəlif bəhanələrlə saxladı. Bu isə Kambocada beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı məyusluq yaratdı.

BƏM-in qərarı hüquqi üstünlük kimi dəyərləndirilsə də, siyasi və hərbi gerçəklik onu kağız üzərində qoydu. Diplomatik müstəvidəki “qələbə” real vəziyyəti dəyişmək üçün yetərli olmadı.

Qığılcımı alovdıran yeni faktorlar

Gərginlik bu dəfə bir neçə faktordan qaynaqlandı. 2024-cü ilin sonunda kambocalıların Tay ərazisində yerləşən Ta Moan Thom məbədində millətçi məzmunlu himn oxuması Tay mediasında geniş rezonans doğurdu. Eyni zamanda, Tailand hökumətinin Kamboca ilə birlikdə dəniz enerji resurslarını işlətmək planları ölkədə millətçi çevrələrin kəskin reaksiyasına səbəb oldu.

İctimai basqılar fonunda baş nazir Paetongtarn Şinavatra kambocalı həmkarı Hun Sen ilə telefon danışığı apardı. Lakin bu sülh təşəbbüsü uğursuzluqla nəticələndi. Söhbətin məzmununun mediaya sızması, üstəlik baş nazirin öz generallarından birini tənqid etməsi Tailand daxilində siyasi zəlzələ yaratdı. Nəticədə, o, 1 iyulda məhkəmə qərarı ilə vəzifəsindən müvəqqəti uzaqlaşdırıldı. Beləliklə, siyasi böhran hərbi böhranla paralel getməyə başladı.

28 may tarixində kambocalı əsgərin həlak olması son qarşıdurmanın ilk qığılcımı oldu. 4 iyuldan etibarən isə bu insident şiddətli artilleriya döyüşləri ilə müşayiət olunan tammiqyaslı sərhəd qarşıdurmasına çevrildi. Hər iki tərəf bir-birini ilk atəşi açmaqda ittiham edir. Tailand Kambocanı mülki ərazilərə raket atmaqda, Kamboca isə Tailandı hava hücumları həyata keçirməkdə günahlandırır.

İnsan itkiləri və sosial sarsıntılar da az deyil. Tailandda 130 min insan, Kambocada isə 12 min ailə təhlükəli ərazilərdən təxliyə olunub. Qaçqın düşərgələri dolub-daşır, səhiyyə və humanitar xidmətlər çökür. Hər iki ölkə müharibənin humanitar və psixoloji nəticələrini hələ də qiymətləndirə bilmir.

Diplomatik cəbhədə soyuq savaş: BMT və ərazi narrativləri

Kamboca artıq BMT Təhlükəsizlik Şurasına müraciət edib. Tərəflər arasında vəziyyətin sabitləşdirilməsi və Tailandın “öncədən planlaşdırılmış hərbi təcavüzünün” dayandırılması tələb olunur. Tailand isə problemi yalnız ikitərəfli danışıqlar çərçivəsində həll etmək istəyir, amma bu, Kamboca hərbi əməliyyatları tam dayandırdıqdan sonra baş verə bilər.

Ərazi mübahisələrinin həlli üçün 2000-ci ildən fəaliyyət göstərən Birgə Sərhəd Komissiyası hələ də konkret nəticə ortaya qoya bilməyib. Diplomatiya hərbi ritorikaya uduzur.

Tarixin təkrarı, yoxsa yeni regional təhlükə?

Tailand-Kamboca münaqişəsi təkcə bir məbədin kimə aid olduğunu müəyyənləşdirmək deyil. Bu, postkolonial keçmişlə müasir siyasi iddiaların, milli qürurla beynəlxalq hüququn, simvolik abidə ilə strateji resursların toqquşmasıdır. Hər bir mərhələsi göstərir ki, regionda tarixi miraslar yalnız mədəni dəyər kimi deyil, həm də geosiyasi rıçaq kimi istifadə olunur.

Əgər tərəflər bu qarşıdurmanı diplomatik kanallarla həll etməzsə, Cənub-Şərqi Asiyada yeni miqyaslı münaqişə riski arta bilər. Bu isə yalnız Tailand və Kambocanın deyil, bütün ASEAN regionunun sabitliyi üçün ciddi təhlükə yarada bilər.

Şahlar Ruhi