USAID-in fəaliyyəti əsasən “liberal beynəlxalq nizam”ın təminatı üçün mexanizm kimi qurulmuşdur. Təsis edildiyi 1961-ci ildən bu yana USAID postsovet ölkələrində, Latın Amerikasında, Yaxın Şərqdə və Afrikada müxtəlif layihələr vasitəsilə “inkişafı təşviq etmək” adı altında yeni ictimai nizamların formalaşmasına çalışıb.
Bunun arxasında duran əsas ideya ABŞ-ın “liberal hegemoniya” modelidir. Bu modelə görə, ABŞ yalnız hərbi deyil, həm də qeyri-hərbi – sosial, siyasi və mədəni vasitələrlə öz təsir dairəsini genişləndirir. USAID bu məqsədlə aşağıdakı metodlardan istifadə edib:
QHT-lərə maliyyə dəstəyi: Yerli hökumətləri tənqid edən QHT-lər USAID tərəfindən dəstəklənib.
Medianın formalaşdırılması: Azad media adı altında siyasi yönümlü media institutları yetişdirilib.
Təhsil proqramları: İdeoloji tərkibli “liderlik” proqramları ilə ABŞ-a sadiq kadrlar formalaşdırılıb.
Seçki müdaxiləsi: Bəzi ölkələrdə seçkiqabağı USAID-in layihələri, əslində müxalif qüvvələrin gücləndirilməsi üçün platforma rolunu oynayıb.
Bu təcrübələr həm Venesuela, Nikaraqua, Boliviya, Gürcüstan, həm də postsovet regionunda – o cümlədən Azərbaycanda müxtəlif dövrlərdə müşahidə olunub.
Tramp Doktrinası və USAID-in Qayçı
Donald Tramp ABŞ xarici siyasətində ciddi dönüş nöqtəsi oldu. “America First” (“Əvvəl Amerika”) şüarı ilə çıxış edən Tramp administrasiyası USAID-in fəaliyyətini “boşuna pul xərcləmək” kimi qiymətləndirdi. Trampın dövründə aşağıdakı addımlar atıldı:
USAID büdcəsinin azaldılması: 2020-ci ildə USAID-in illik büdcəsində ciddi kəsinti edildi.
İdeoloji monitorinq: Agentliyin dəstəklədiyi layihələrə dair ideoloji meyarlar sərtləşdirildi.
Yeni rəhbərlik: USAID rəhbərliyinə neomühafizəkar və milliyyətçi dairələrə yaxın bürokratlar gətirildi.
Tramp, xüsusilə “rəngli inqilab”ların arxasında USAID kimi institutların olduğunu iddia edərək, bu qurumu Amerika əleyhdarlarının əlinə silah verməkdə günahlandırmışdı. Onun dövründə Polşa, Macarıstan və Nigeriya kimi ölkələr USAID-lə əməkdaşlığa daha tənqidi yanaşmağa başladılar. Azərbaycanda isə bəzi USAID proqramları açıq şəkildə sual altına alındı.
Azərbaycan və USAID – Qarşılıqlı Etimadın Eroziyası
Azərbaycanda USAID-in fəaliyyəti uzun illər müxtəlif sosial və infrastruktur layihələri ilə müşayiət olunsa da, son illərdə bu fəaliyyətə münasibət dəyişib. Xüsusilə:
- USAID vasitəsilə dəstəklənən bəzi təşkilatların fəaliyyəti Azərbaycan dövlətçiliyi və ictimai sabitlik baxımından qərəzli və destruktiv sayılıb.
- USAID-in media və sosial şəbəkə yönümlü layihələri vasitəsilə daxili müzakirələrə ideoloji təsir göstərilməsinə dair şübhələr artıb.
- Azərbaycanın milli təhlükəsizlik strategiyası çərçivəsində USAID kimi xarici təsir alətlərinin fəaliyyəti artıq daha sərt hüquqi və strateji qiymətləndirmə ilə qarşılanır.
2024-cü ildə bəzi USAID proqramlarının fəaliyyətinin dayandırılması və ya yenidən qiymətləndirilməsi bu dəyişən münasibətin göstəricisidir.
Yeni Geosiyasi Realitetdə USAID-in Yeri varmı?
USAID-in fəaliyyətinin dayandırılması yalnız texniki və ya inzibati bir qərar deyil – bu, geosiyasi və ideoloji təmayüllərin ciddi dəyişməsinin rəmzidir. Qlobal miqyasda yumşaq güc vasitələrinin artıq təkqütblü dünya üçün işləmədiyi aydınlaşır.
Postliberal dövrün çağırışları fonunda milli dövlətlər öz suverenliklərini daha sərt qoruyur, beynəlxalq donorların təsir imkanlarını ciddi şəkildə tənzimləyirlər. Bu proses həm də yeni çoxtərəfli geosiyasi nizamın (BRİKS, ŞƏT, Avrasiya İttifaqı) formalaşması ilə paralel gedir.
Nəticə etibarilə, USAID-in tənəzzülü yalnız bu agentliyin deyil, bütövlükdə liberal hegemoniyanın yenidən baxılmağa başlanmasının geosiyasi göstəricisidir. Yeni dünya düzəni artıq "yardım aləti" ilə deyil, "qarşılıqlı maraq" prinsipi ilə qurulmaqdadır.
Şahlar Ruhi
