XXI əsrin geosiyasi xəritəsində ABŞ və Hindistan münasibətləri uzun müddət boyunca "strateji yüksəliş oxu" kimi təqdim olunurdu. Bu əməkdaşlığın təməlində liberal dəyərlər, texnoloji mübadilə, regional təhlükəsizlik və, ən başlıcası, Çinin sürətlə artan gücünü balanslaşdırmaq dayanırdı. Lakin ABŞ prezidenti Donald Trampın son ritorikası bu münasibətlərin səmimiliyini sual altına alır. Tramp Hindistanı ilk dəfə açıq şəkildə Rusiya ilə münasibətlərinə görə sərt tənqid edib, hətta iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.
Bu nəinki Vaşinqtonun Hindistanla bağlı illərlə formalaşdırdığı geosiyasi strategiyanı alt-üst edir, həm də qlobal çoxqütblü düzənə keçidin fonunda Birləşmiş Ştatların yeni davranış kodlarını üzə çıxarır. ABŞ artıq yalnız Kremlə yox, onun iqtisadi müttəfiqlərinə qarşı da mübarizə aparır. Bu isə beynəlxalq diplomatiyanı yeni gərginlik mərhələsinə daşıyır.
Donald Trampın Hindistana qarşı gözlənilməz və sərt ritorikası təkcə siyasi bəyanat deyil. Bu, ABŞ-ın xarici siyasətində ciddi dönüş nöqtəsinin başlanğıcıdır. Əgər əvvəllər Vaşinqton, xüsusilə də Çin təhlükəsinə qarşı Hindistanı mühüm strateji tərəfdaş kimi görürdüsə, bu gün Tramp onu Rusiya ilə əlaqələrinə görə hədəfə alır.
Tramp "Truth Social" platformasında Hindistan və Rusiyanın "birlikdə öz ölü iqtisadiyyatlarını məhv edə biləcəklərini" bəyan etməklə, həm iqtisadi alçaltma ritorikası qurur, həm də Hindistanın beynəlxalq imicinə zərər vurmaq istəyir. Onun bu bəyanatları Hindistanın müstəqil xarici siyasət modelinə qarşı təzyiq forması kimi çıxış edir.
Vaşinqtonun Hindistan siyasətində bu cür kəskin ton dəyişikliyi Qərbin ikili standartlarını da üzə çıxarır: Rusiya ilə münasibət quran Avropa ölkələrinə qarşı yumşaq yanaşma sərgilənərkən, eyni münasibət Hindistana qarşı iqtisadi təhdid və təzyiqlərlə müşayiət olunur.
Hindistanla Rusiya arasındakı münasibətlər yalnız iqtisadi maraqlardan ibarət deyil. Bu münasibətlər uzun illər ərzində strateji, hərbi və ideoloji müstəvidə formalaşıb. Hələ Sovet dövründən bəri Rusiya Hindistanın əsas silah təchizatçısı olub və bu gün də bu istiqamətdəki əməkdaşlıq davam edir. Hindistanın arsenalının böyük hissəsi Rusiya istehsalıdır və texniki baxımdan bu asılılıq tam aradan qalxmayıb.
Ukrayna müharibəsindən sonra Rusiya neftinin Hindistana endirimli qiymətlərlə satılması Nyu-Dehlinin iqtisadi gündəminə uyğun gəldi. Hindistan bu fürsəti qiymətləndirdi və öz daxili enerji ehtiyaclarını daha sərfəli şərtlərlə təmin etməyə başladı. Bu da Trampın qəzəbinə səbəb oldu.
Əslində Hindistanın bu addımı Qərb dünyasının enerji böhranı və qiymət artımı ilə çarpışdığı dövrdə riyazi baxımdan rasional qərardır. Amma ABŞ-nin strateji prizmasında bu, "geosiyasi xəyanət" kimi qiymətləndirilir. Trampın arqumentinə görə, Rusiya ilə enerji əməkdaşlığı Ukraynada müharibənin maliyyələşdirilməsinə bərabər tutulur.
1 avqustdan etibarən ABŞ Hindistandan idxal olunan mallara 25% gömrük rüsumu tətbiq etməyə başlayıb. Bu addım ilk baxışda ticarət balansını tənzimləmə tədbiri kimi təqdim olunsa da, əslində siyasi cəza mexanizmidir. Tramp bu qərarı ilə Hindistanın "tərəf seçmək məcburiyyətində olduğunu" açıq şəkildə bəyan edir.
Bu rüsum təkcə iqtisadi yük deyil – bu, Hindistanın beynəlxalq imicinə, onun regional partnyorlar qarşısındakı etibarlılığına da zərbə vurur. "Bloomberg"in yazdığı kimi - bu qərar Nyu-Dehlinin "imtiyazlı ticarət rejimi"nə ümidlərini yox edir. Hindistan istehsalçıları və ixracatçıları üçün ABŞ bazarı mühüm əhəmiyyət daşıyır və bu tariflər birbaşa iqtisadi sarsıntı deməkdir.
Eyni zamanda Tramp əlavə cərimələrdən də danışır – xüsusilə Rusiyadan neft və silah alınmasına görə. Bu isə artıq yalnız iqtisadi yox, həm də ideoloji təzyiq vasitəsidir -Tramp açıq aydın deyir ki, Hindistan "doğru tərəfdə" yer almasa, sanksiyaların həcmi genişlənə bilər.
Hindistan da bu təzyiqlərə cavab olaraq səssiz qalmadı. Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval rəsmi açıqlamada bildirdi ki, “Hindistanın ikitərəfli münasibətləri öz daxili dəyərinə malikdir və üçüncü ölkənin prizmasından qiymətləndirilməməlidir.” Bu bəyanatın verdiyi mesaj çox aydındır – Hindistanın xarici siyasəti Vaşinqtonun maraqlarına tabe olmayacaq.
Bundan əlavə, “The New York Times” hökumət mənbələrinə istinadən bildirib ki, Trampın hədələrinə baxmayaraq, Hindistan Rusiya neftindən imtina etməyi planlaşdırmır. Əksinə, bu əməkdaşlıq genişləndirilir və regionda yeni enerji kəmərləri, logistik modellər müzakirə olunur.
Bu isə Hindistanın Çin, Rusiya, İran kimi dövlətlərlə paralel diplomatiya aparmaq siyasətinin bir hissəsidir. Nyu-Dehli Qərbdən asılı olmayan, çoxvektorlu və suveren qərarlar verən güc kimi çıxış edir – bu isə ABŞ-nin qlobal liderlik iddialarını çətinləşdirən amillərdəndir.
Trampın bu sərt siyasəti ABŞ-Hindistan münasibətlərində uzun müddətə iz buraxa bilər. Əgər bu dinamika davam edərsə, Vaşinqton Hindistanı Çinə qarşı mühüm strateji dayaqlardan biri kimi itirə bilər. Beləliklə, ABŞ-nin Asiyada yaratmağa çalışdığı "demokratik blok" zəifləyər və Çin-Rusiya-Hindistan üçbucağı daha da güclənər.
Digər tərəfdən, Hindistan da ABŞ ilə münasibətləri kəskinləşdirməklə texnologiya, müdafiə sənayesi və investisiya sahəsində çətinliklərlə qarşılaşa bilər. Bu, qlobal ticarət sistemində Hindistanın mövqeyinə ciddi təsir edə bilər.
Avqustun sonunda ABŞ nümayəndə heyətinin Hindistana ticarət danışıqları üçün səfəri planlaşdırılır. Bu, hər iki tərəfin hələ də diplomatik körpüləri tam yandırmadığını göstərir. Amma fon artıq gərgindir və qarşılıqlı inamsızlıq günbəgün dərinləşir.
Donald Trampın Hindistana yönəlmiş yeni ritorikası və tədbirləri yalnız iki ölkə arasındakı münasibətlərin yox, həm də qlobal sistemin transformasiyasının təzahürüdür. Bu, post-amerikan dünyasının xəbərçisidir – burada ölkələr daha az itaətkar, daha çox maraq yönümlüdür.
ABŞ-nin bu yeni dövrdə hansı strategiya ilə hərəkət edəcəyi, qarşılıqlı asılılıqları necə tənzimləyəcəyi və partnyorlarını hansı dildə inandıracağı hələ bəlli deyil. Amma bir şey aydındır ki, Hindistan artıq təkcə ABŞ-nin "müttəfiqi" deyil – o, qlobal güclər arasında öz çəkisini tanıyan və siyasətini ona uyğun quran oyunçudur. Trampın sərt tonu bu dəyişimi dayandıra bilməz.
Şahlar Ruhi
