Cənubi Qafqaz regionunda baş verən hər yeni geosiyasi təşəbbüs, nəinki iqtisadi marşrut xəritələrinin yenidən cızılması, hətta qlobal güclərin maraqlar xəritəsində ciddi korrektələrin edilməsidir. Bu mənzərədə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adı ilə təqdim olunan təşəbbüs ilk baxışda "mülayim" kommersiya təşəbbüsü təsiri bağışlasa da, əslində Qafqazın geosiyasi lövhəsini silkələyəcək qədər dərin strateji altqata malikdir.
Bu marşrut təkcə malların və kapitalın hərəkətini asanlaşdırmaq üçün deyil, nəzarətin, təsirin və gücün yeni trayektoriyasını qurmaq üçün planlaşdırılıb. Məsələ sadəcə yolların çəkilməsi, dəhlizlərin işləməsi, gömrük və logistika infrastrukturunun qurulması deyil – məsələ kiminsə regional tale üzərində söz sahibi olacağıdır. Söhbət yeni bir xətt çəkməkdən yox, müstəqil geosiyasi xətti silməkdən və onun yerinə Qərb mərkəzli bir vektor yerləşdirməkdən gedir.
ABŞ-nin indiyədək yalnız müşahidəçi və "maraqlı tərəf" kimi iştirak etdiyi Cənubi Qafqaz müstəvisi, bu marşrut vasitəsilə Vaşinqtonun birbaşa struktur dəyişikliklərinə imza atdığı bir arenaya çevrilir. Layihənin “Tramp marşrutu” adlandırılması da təsadüfi deyil. Bu, yalnız bir prezidentin siyasi markası deyil, eyni zamanda ABŞ-nin Cənubi Qafqaz siyasətindəki yeni dövrün simvoludur.
Tarixə diqqətlə baxsaq, bölgədə yaranan hər yeni nəqliyyat xətti sadəcə iqtisadi proseslərə deyil, siyasi dominoya çevrilmişdir: Bakı-Tbilisi-Ceyhan bir dövrü necə başlatdısa, TRIPP də yeni dövrün başlanğıc zəngi ola bilər.
Burada əsas məsələ ondan ibarətdir ki, bu marşrutun dəhliz kimi təqdimatı arxasında əslində bir güc dəyişimi, regional balansın yenidən qurulması və hətta ideoloji cəbhə xəttinin formalaşdırılması yatır. Hədəfdə isə sadəcə yük axınları yox, əsrlərdir bölgədə dayaqlar formalaşdıran güclərin mövqeləridir.
Rusiya, İran və qismən Çin – bu marşrutla Cənubi Qafqazın əsas təmas nöqtəsindən kənarlaşdırılmaq təhlükəsi ilə üzləşirlər. Digər tərəfdən, Azərbaycan və Ermənistan, bəlkə də illərdir münaqişələrdən başqa heç nədə birgə addımlaya bilməyən iki ölkə, bu yeni oyun quruculuğunda eyni masada faydaçı aktorlara çevrilir. Amma onların hansı şərtlərlə bu masada oturduğu, hansı dəyərlər hesabına razı salındıqları, hansı riskləri qəbul etdikləri isə hələ açılmamış siyasi sənədlərin, gizli razılaşmaların və diplomatik niyyətlərin pərdəarxası məsələsidir.
Qısası, Tramp marşrutu – beynəlxalq siyasətdə gücün logistika ilə necə daşındığının canlı nümunəsidir. Bu layihə göstərir ki, bəzən "marşrut" anlayışı təkcə yüklər üçün yox, xalqların gələcəyinin, sərhədlərin sabitliyinin, suverenlik anlayışlarının və təhlükəsizlik balanslarının da daşındığı strateji xətlərə çevrilə bilir.
Bu mənada Tramp marşrutu sadəcə xəritədəki bir dəhliz deyil – yeni dünya düzənində Cənubi Qafqazın hansı tərəfdə duracağına dair güclər mübarizəsinin pik nöqtəsidir. Və bu dəfə sükan arxasında nə Rusiya var, nə İran, nə də Avropa İttifaqı... Bu dəfə sükan Trampın əlindədir.
Rusiya üçün 240 illik trayektoriyanın sonu gəlir?
Cənubi Qafqazda Rusiya varlığının əsaslı şəkildə formalaşması 1783-cü ildə Gürcüstanın Kartli-Kaxeti çarlığı ilə bağlanmış Georgiyevsk traktatı ilə başlayıb. Bu sənəd faktiki olaraq, rus imperiyasının bölgəyə “müdafiəçi” paltarı ilə daxil olması və sonradan bu torpaqlarda siyasi himayədən hərbi və inzibati işğala keçidinin başlanğıc nöqtəsi idi. Həmin vaxtdan etibarən Moskva üçün Qafqaz yalnız geosiyasi bufer yox, həm də imperiya təhlükəsizliyinin cənub perimetri idi. Bu baxış Çar dövründən Sovetlərə, oradan da Putin dönəminə qədər dəyişmədən gəlib çatdı.
Amma 240 ildən sonra bu gün ilk dəfədir ki, Moskva özünü bu regionda oyundankənar vəziyyətə düşmüş kimi hiss edir. TRIPP marşrutu sadəcə nəqliyyat layihəsi deyil – bu, Rusiyanın Cənubi Qafqazdakı varlıq fəlsəfəsinə, tarixi imtiyazına və strateji prioritetlərinə qarşı yönəlmiş simvolik və praktiki zərbədir. Çünki bu marşrutun reallaşması Rusiya üçün iki cəhətdən kritik nəticələr doğurur:
Geosiyasi çəkilmə: Zəngəzur dəhlizi ideyası ilk gündən Rusiya tərəfindən “tənzimlənəcək” mexanizm kimi təqdim olunurdu. 2020-ci ilin 10 noyabr Bəyanatının 9-cu bəndində açıq şəkildə yazılırdı ki, bu dəhlizə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək. Bu, Moskvanın regiondakı logistika təhlükəsizliyi üzərində tam nəzarət ambisiyasının təzahürü idi. Lakin indi bu dəhlizin ABŞ nəzarətində fəaliyyət göstərəcəyi məlum olur. Beləliklə, Rusiya bir neçə il ərzində öz nəzarətində hesab etdiyi strateji arteriyanı rəqibinə təhvil vermiş olur.
Təhlükəsizlik modelinin çökməsi: Rusiya illərlə Ermənistanın təhlükəsizlik zəmanətçisi kimi çıxış etmişdi – Gümrüdəki hərbi baza, KTMT mexanizmləri, sərhədlərdəki rus hərbi postları bu zəncirin parçaları idi. Lakin indi Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır, amerikalı şirkətlər Zəngəzurda logistika operatoru qismində fəaliyyətə hazırlanır, üstəlik, Ermənistan hökuməti 10 noyabr formatından faktiki olaraq çəkilir. Bu, Rusiya üçün sadəcə nüfuz itkisi deyil, təhlükəsizlik sisteminin iflası anlamına gəlir.
Bu vəziyyət Moskvanı yeni reallıq qarşısında buraxır: Artıq Cənubi Qafqaz Moskva üçün imperial bir "arxa bağça" deyil, maraqlar toqquşmasının ön cəbhəsidir. Bunu dəyişmək üçün Rusiya ya sərt gücə əl atmalı, ya da yeni ittifaqlar qurmalı, yəni ya qayıtmalı, ya da etiraf etməlidir ki, bu dəfə oyunu uduzub.
Bütün bunların fonunda TRIPP marşrutu Rusiya imperiyasının Cənubi Qafqazda 240 illik trayektoriyasının qırılma nöqtəsinə çevrilə bilər. Əgər Moskva bu gedişi durdura bilməsə, onun Yaxın Şərqə, Orta Asiyaya və hətta Qara dənizə doğru olan geostrateji baxışı ciddi reviziyaya uğrayacaq.
İranın səssiz, amma dərin narahatlığı
İran İslam Respublikası Cənubi Qafqazda baş verən proseslərə daim ehtiyatlı, bəzən ziddiyyətli, amma dərin strateji maraqlarla yanaşıb. Tehran üçün bu region təkcə şimal qonşuluğu yox, həm də Avrasiya bağlantısının, Türkiyə ilə rəqabətin və Qərb təsirlərinə qarşı bufer zonasının əsas hissəsidir. Lakin TRIPP marşrutu İranın bu tarazlaşdırılmış strategiyasını kökündən sarsıdır – özü də ciddi şəkildə.
İran üçün Zəngəzur dəhlizinin Bakı-Ankara xəttində açılması belə ciddi narahatlıq doğururdu. Tehran bu dəhlizin “Pantürkist ekspansiyası” üçün potensial platforma olduğunu iddia edir, bu prosesin İranın milli birliyinə və sərhədlərinə təhdid olduğunu qabardırdı. Hətta bu narahatlıq fonunda İran ordusu Araz çayı boyunca təlimlər keçirdi, rəsmi bəyanatlarda Azərbaycanın "sionistlərlə əməkdaşlıq etdiyi" kimi iddialar səsləndirildi.
Amma indi Zəngəzurdan keçən marşrutun ABŞ nəzarətinə keçməsi İran üçün daha dərin təhlükə siqnalı verir. Burada məsələ artıq etnik təhlükəsizlik yox, geostrateji sıxışdırılmadır. İran üçün Ermənistan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu son illər ərzində sanksiyalar və beynəlxalq təcrid fonunda "qapalı qapılar arasında açıq pəncərə" rolunu oynayırdı. Bu xətt vasitəsilə Tehran Qərbə, xüsusilə də Avropaya alternativ yollar axtarırdı. İndi isə bu pəncərənin qıfılını Vaşinqton özü tutmaq niyyətindədir.
TRIPP marşrutu ABŞ hərbi mövcudluğu mənasında düşünülməsə də, onun operatorları, texniki heyəti, təhlükəsizlik strukturları və nəzarət mexanizmləri faktiki olaraq bu zonanı ABŞ-ın “yumşaq suverenlik” sahəsinə çevirəcək. Və bu proses İranın təkcə iqtisadi maraqlarını yox, həm də regionda qalan son geosiyasi təsir zonalarını risk altına salacaq.
Ən narahatedici məqam isə odur ki, bu prosesə qarşı İran müxtəlif cəbhələrdən təzyiqlə üzləşdiyi bir zamanda reaksiya verməkdə çətinlik çəkir. Şimal sərhədində ABŞ nəzarətində yeni arteriya açılır, daxildə islahat çağırışları, iqtisadi çətinliklər, beynəlxalq sanksiyalar və sosial narazılıq artır, Qərb ilə münasibətlər isə gərginlik həddindədir.
Nəticədə İran bütün bu prosesləri izləməyə məcbur qalan, lakin müdaxilə etmək alətlərini itirən bir regional gücə çevrilir. TRIPP, İran üçün əslində siyasi imkanların coğrafi daralmasıdır. Və bu daralma, əgər qarşısı alınmasa, Tehranı gələcəkdə daha aqressiv diplomatiyaya və ya lokal qarşıdurmalara sövq edə bilər.
Şahlar Ruhi
