Çoxumuz ABŞ–İsrail–İran müharibəsində qəfil yaranmış böhran görürük. Amma əslində bu müharibənin kökləri 2003-cü ildə İraqın işğal olunduğu günə, hətta ondan da əvvələ – Vaşinqtonun Yaxın Şərqi “yenidən dizayn etmək” iddiasına gedib çıxır. ABŞ-ın “Operation Iraqi Freedom” adı ilə həyata keçirdiyi işğal rəsmi dildə kütləvi qırğın silahlarını məhv etmək, terrorla mübarizə və iraqlılara demokratiya gətirmək kimi izah olunurdu, amma nəticə nə oldu? Dövlət strukturları dağıldı, ordunun buraxılması və Baas elitasının tam kənarlaşdırılması ölkə uzunmüddətli xaosa düçar oldu. Daha sonra təhlükəsizlik boşluğu şəraitində radikallaşan qruplar sonradan İŞİD kimi yeni nəsil terror təşkilatlarının “inkubatoruna” çevrildi.

 Bu xaos təkcə İraqı daxilən dağıtmadı. Tehran üçün strateji fürsət pəncərəsi açıldı: zəifləyən Bağdad üzərindən İran–İraq–Suriya–Livan xətti boyunca “dəhliz” formalaşdı və bu, analitiklərin Tehranın “Aralıq dənizinə uzanan təsir körpüsü” adlandırdığı geosiyasi reallığı yaratdı. ABŞ 2003-cü ildə rəqibini sıradan çıxardığını düşünürdü,  amma 2010- cu illərdə regionda daha güclü və özündən daha çox əmin olan yeni İranla üz-üzə gəldi.

 Sonra “Ərəb Baharı” gəldi. Vaşinqton  bunu əvvəlcə avtoritar rejimlərə qarşı “demokratik hərəkat dalğası” kimi gördü. Amma küçələrə çıxan kütlələr, devrilən rejimlər və uzanan vətəndaş müharibələri ABŞ-ın Yaxın Şərq planını alt – üst etdi . Misir, Liviya, Suriya – hamısında köhnə proamerikan balanslar dağıldı, onların yerinə isə sabit, idarə olunan yeni model gəlmədi. Üstəlik “Ərəb Baharı” Vaşinqtonun regiondakı ənənəvi ittifaqlarını da sarsıtdı, Körfəz monarxiyalarında “ABŞ bizi nə vaxta qədər dəstəkləyəcək?” sualını gücləndirdi və beləcə Yaxın Şərqdə uzunmüddətli sistem böhranı yarandı.

 Bu boşluğun içində meydanda yeni oyunçular önə çıxdı. Türkiyə özünü həm “sünni siyasi mərkəz”, həm də “regional güc vasitəçisi” kimi təqdim etməyə başladı; İran “müqavimət oxu” narrativi ilə şiə milisləri, Hizbullah və müxtəlif proksi qruplar üzərindən təsir sahəsini genişləndirdi; Səudiyyə Ərəbistanı enerji və maliyyə kapitalı ilə ərəb dünyasında liderliyə iddia etdi; İsrail isə yüksək texnologiyalı hərbi gücünü regiondakı əsas sərt güc alətlərindən birinə çevirdi.

 Bu konfiqurasiyanın içində daha bir epizod ABŞ-ın Yaxın Şərqdəki strateji dilemmasını daha da kəskinləşdirdi: İŞİD-ə qarşı mübarizə zamanı Suriya kürd qüvvələri ilə əməkdaşlıq. Vaşinqton İŞİD-ə qarşı ən effektiv quru qüvvəsi kimi YPG/PYD strukturunu seçdi; Türkiyə isə bu qüvvəni PKK-nın Suriya qolu kimi gördü və NATO müttəfiqləri arasında dərin strateji etimad böhranı yarandı. ABŞ-ın YPG-yə dəstəyinin Ankara ilə münasibətləri illərlə zədələdiyi, həm Türkiyə daxilində, həm də İraq və Suriyada gərginliyi artırdığı beynəlxalq hesabatlarda açıq qeyd olunur.

 Beləliklə, Türkiyə–ABŞTürkiyə–İsrailTürkiyə–İran xəttində yeni gərginlik qatları yaranarkən, Vaşinqton paralel şəkildə ABŞ–Səudiyyə Ərəbistanı və ABŞ–İsrail oxunu gücləndirməyə çalışdı. Strateji hipotez belə görünür:

 ABŞ Yaxın Şərqdə öz maraqlarını qorumaq üçün Səudiyyə Ərəbistanını ərəb–sünni blokunun, İsraili isə hərbi–texnoloji gücün mərkəzi kimi “regional lider”ə çevirmək istəyir, amma regionun dərin tarixi, demoqrafik və geosiyasi arxitekturası göstərir ki, təbii regional liderlik iddiası daha çox İran və Türkiyəyə məxsusdur.

 Bu hipotez faktoloji zəminə söykənir:

 

İran – uzun imperiya yaddaşı, ideoloji mobilizasiya qabiliyyəti, proksi şəbəkələri və quru-coğrafi mövqeyi ilə;

 

Türkiyə – NATO üzvlüyü, iqtisadi güc, siyasi-islamçı və neoosmanlı diskursları və tranzit coğrafiyası ilə Yaxın Şərqin “öz içindən çıxan” liderlik mərkəzləri kimi formalaşır, Səudiyyə və İsrail isə daha çox ABŞ-ın kənardan dizayn etdiyi strateji dayaqlar kimi görünür.

 Ərəb Baharı bu dizaynı gücləndirmədi, əksinə, altını oydu: regiondakı rejim dəyişiklikləri, İŞİD-in yüksəlişi, şiə–sünni xəttində dərinləşən parçalanma və Türkiyə–İran–Səudiyyə–İsrail arasında alovlanan liderlik mübarizəsi ABŞ-ın “tənzimlənən Yaxın Şərq” xəyalını “çoxmərkəzli, idarəolunmaz böhran məkanına” çevirdi.

 Bu mənzərənin fonunda bu gün verilən əsas sual daha aydın görünür:

ABŞ Yaxın İsraili qorumaq üçün qayıdır, yoxsa  hazırki geosiyasi arxitekturanı öz xeyrinə kodlaşdırmağa çalışır?

 Geosiyasətdə tez-tez səslənən, amma çox vaxt yanlış başa düşülən bir tezis var: böyük güclər müəyyən regionlardan “çıxır”. Amma Tarix göstərir ki, əslində böyük güclər regionlardan tam çıxmır; onlar sadəcə strategiyalarını dəyişdirir.

 Bu səbəbdən ABŞ-ın Yaxın Şərqdən çəkildiyi barədə tez-tez səslənən fikir geosiyasi reallığı tam əks etdirmirdi. Daha doğru ifadə belədir:

 ABŞ regiondakı rolunu transformasiya etməyə çalışdı.

 Bu transformasiyanın başlanğıc nöqtəsini anlamaq üçün XXI əsrin əvvəlində baş verən hadisələrə qayıtmaq lazımdır.

2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi Yaxın Şərqin geosiyasi arxitekturasını kökündən dəyişdi. O vaxta qədər regionun əsas güc balansı üç mərkəz üzərində qurulmuşdu:

  • İran
  • Səddam Hüseynin rəhbərlik etdiyi İraq
  • Türkiyə

İraqın dövlət strukturlarının dağılması ilə bu balansın ən mühüm sütunlarından biri yox oldu. Bu isə regionda strateji boşluq yaratdı.

 Geopolitika nəzəriyyəsində belə vəziyyətlər çox təhlükəli hesab olunur. Çünki güc balansı dağıldıqda regional sistem uzun müddət sabit qala bilmir.

 XX əsrin məşhur geopolitik nəzəriyyəçisi Halford Makkinder bu fenomeni belə izah edirdi:

 Qlobal siyasətdə əsas məsələ təkcə gücün mövcudluğu yox, həm də güc boşluqlarının kim tərəfindən doldurulacağıdır.

 İraqın işğalından sonra yaranan boşluğu ilk dolduran aktor isə məhz İran oldu.

Tehran çox qısa müddətdə Bağdaddakı yeni siyasi elitaya təsir etməyə başladı. Şiə partiyalarının hakimiyyətə gəlməsi, milis qruplarının formalaşması və təhlükəsizlik aparatının yenidən qurulması İranın regiondakı təsirini xeyli artırdı.

Beləliklə İraqın işğalı paradoksal nəticə doğurdu:

 ABŞ İranın regional rəqibini zəiflətdi, amma eyni zamanda onun geosiyasi mövqelərini də dolayı yolla  gücləndirdi.

 Bu proses daha sonra Suriyadakı vətəndaş müharibəsi ilə yeni mərhələyə keçdi.

Suriya böhranı İran üçün strateji əhəmiyyət daşıyırdı. Çünki Dəməşq həm də Tehran üçün Aralıq dənizinə çıxışın əsas qapısı idi. İran Suriyada mövcudluğunu qorumaq üçün həm hərbi müşavirlər, həm də müxtəlif milis qrupları vasitəsilə aktiv iştirak etdi.

 Nəticədə regionda yeni  geosiyasi xətt formalaşdı:

 Tehran – Bağdad – Dəməşq – Beyrut

 Bu xətt analitiklər tərəfindən tez-tez “şiə dəhlizi” adlandırılır.

 Bu, həm də strateji əhəmiyyət daşıyır. O, İranın təsir sahəsini Yaxın Şərqin mərkəzinə qədər genişləndirir və İsrailin təhlükəsizlik hesablamalarını kökündən dəyişdirir.

 Beləliklə ABŞ-ın regionda yaratdığı boşluq yeni  geosiyasi dinamika doğurdu.

 Amma bu dinamika təkcə İranın güclənməsiylə məhdudlaşmadı.

Eyni zamanda Türkiyə də regiondakı rolunu yenidən müəyyən etməyə başladı. Ankara Suriyadakı münaqişəyə bir neçə səbəbdən müdaxilə etdi:

-          Sərhəd təhlükəsizliyi

-         PKK/YPG faktorunun qarşısını almaq

-         regional siyasi təsiri artırmaq

 Bu proses Türkiyə ilə ABŞ arasında yeni gərginlik yaratdı. Bu gərginlik  isəregiondakı güc balansını daha da mürəkkəbləşdirdi.

 Çünki Yaxın Şərqdə eyni vaxtda bir neçə geosiyasi xətt formalaşırdı:

 

-         İran və İsrail arasında strateji qarşıdurma

-         Türkiyə və İran arasında regional təsir rəqabəti

-         Türkiyə və ABŞ arasında taktiki ziddiyyətlər

-         Səudiyyə Ərəbistanı və İran arasında ideoloji və siyasi mübarizə

 Beləliklə region tədricən çoxmərkəzli güc sisteminə çevrildi.

 Konfliktologiyada belə sistemlər ən qeyri-sabit strukturlar hesab olunur. Çünki burada hər bir aktor öz təhlükəsizliyini artırmaqla  digər aktorların təhlükəsizlik hissini zəiflədir.

 Bu fenomen beynəlxalq münasibətlər nəzəriyyəsində “təhlükəsizlik dilemması” adlanır.

 Məşhur strateq Karl fon Klausvits müharibəni “siyasətin davamı “adlandırırdı. Yaxın Şərqdə isə bu tezis özünü daha mürəkkəb formada göstərir:

 siyasət müharibəni dayandırmır, sadəcə onun formasını dəyişdirir.

 Bu kontekstdə ABŞ-ın regiondan çəkilməsi ideyası praktiki olaraq mümkün görünmür.

 Çünki ABŞ geri çəkildikcə regiondakı güc balansı daha da qeyri-stabil olur. Bu isə Vaşinqtonu  müdaxilə etməyə məcbur edir.

Beləliklə bir paradoks yaranır:

 ABŞ Yaxın Şərqdən çıxmaq istəyir, amma regionun geosiyasi arxitekturası buna imkan vermir.

 Məhz bu paradoks ABŞ-ın regiona yenidən qayıdışının əsas səbəblərindən biridir.

 Lakin bu qayıdışın motivlərini təkcə güc balansı ilə izah etmək olmaz.

 Çünki Yaxın Şərqin geosiyasi əhəmiyyətini müəyyən edən daha bir fundamental faktor var: enerji geopolitikası.

 

“Hər şey o qədər də sadə deyil.  Heç nə o qədər də mürəkkəb deyil”


 Enerji təkcə iqtisadi resursdur, yoxsa…?

 Bu sual Yaxın Şərq siyasətini başa düşmək  üçün açar rol oynayır. Çünki XXI əsrdə geopsiyasətin ən fundamental reallıqlarından biri hələ də  dəyişməyib: enerji axınlarını idarə edən güc qlobal siyasətin ritmini də müəyyən edir.

 Bu baxımdan ABŞ-ın Yaxın Şərqə qayıdışını təkcə regional təhlükəsizlik məsələsi kimi izah etmək sadəlövhlük olardı. Bu siyasi gedişin arxasında daha geniş və çoxqatlı strategiya dayanır.

 Bu strategiyanın konturları xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra daha aydın görünməyə başladı.

 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi dünya enerji sistemində köklü dəyişikliklərə səbəb oldu. Avropa uzun illər ərzində enerji ehtiyacının böyük hissəsini Rusiyadan alırdı. Müharibə və sanksiyalar isə  bu sistemi sarsıtdı.

 Bu situasiya rəsmi Vaşinqton üçün yeni strateji imkan yaratdı.

 Vaşinqton bir tərəfdən Avropanın Rusiyadan enerji asılılığını azaltmağa çalışır, digər tərəfdən isə qlobal enerji bazarının yeni xəritəsini formalaşdırır. Bu günABŞ  ixrac etdii maye təbii qaz hesabına Avropanın əsas alternativ enerji mənbələrindən birinə çevrilməkdədir.

 Bu proses həm də  ABŞ–Çin rəqabətinin əsas komponentinə çevrilib.

 Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və enerji marşrutlarının təhlükəsizliyi Pekin üçün strateji prioritetdir. Çin iqtisadiyyatının sabitliyi böyük ölçüdə Yaxın Şərqdən gələn neft və qaz axınlarından asılıdır.

 Beləliklə, Yaxın Şərqdə enerji axınlarına nəzarət həm də ABŞ və Çin arasında qlobal rəqabətin  mühüm alətidir.

 Yaxın Şərq eyni zamanda qlobal enerji ticarətinin ən kritik marşrutlarını özündə birləşdirir.

 Bu marşrutların mərkəzində Hörmüz körfəzi dayanır. Dünya neft ticarətinin böyük hissəsi məhz bu boğazdan keçir.

 Bu marşrut təhlükə altına düşsə, qlobal enerji bazarlarında qiymətlər kəskin dəyişə, dünya iqtisadiyyatında qeyri-sabitlik yarana bilər.

 Səudiyyə Ərəbistanının passivliyi, Türkiyənin  ambisiyaları və ram edilməzliyi ,İran ilə “toksik münasibətlər” fonunda ABŞ-ın regiondakı enerji strategiyasında xüsusi rolu məhz   İsrail oynayır.

 Son illərdə Aralıq dənizi hövzəsində kəşf edilən yeni qaz yataqları İsrailin enerji siyasətində rolunu və ABŞ-ın gözündə dəyərini biraz da artırdı.

 Bu situasiya ABŞ üçün yeni imkanlar yaradır:


-         regionda enerji marşrutlarının təhlükəsizliyini təmin etmək

-         enerji infrastrukturuna nəzarəti gücləndirmək

-         regional ittifaqlar vasitəsilə enerji balansını yenidən formalaşdırmaq

 Beləliklə İsrail rəsmi Vaşiqtonun enerji geopolitikasının mühüm komponentinə çevrildi.

 Rusiya-Ukrayna müharibəsi  isə enerji geopolitikasında başqa bir paradoksu da üzə çıxardı.

 Bir tərəfdən ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları dəstəklədi və Avropanı alternativ enerji mənbələrinə yönəltdi. Digər tərəfdən isə qlobal enerji bazarının sabitliyi üçün Rusiyanın tam iqtisadi kollapsa uğraması da Vaşinqton üçün arzuolunan ssenari deyil.

 Bu səbəbdən bəzi analitiklər belə bir hipotez irəli sürürlər:

 ABŞ Ukrayna böhranını elə bir balansda saxlamağa çalışır ki, Rusiya tam məğlub olmasın, amma Avropa da əvvəlki enerji asılılığına qayıda bilməsin.

 Belə bir balans Vaşinqton üçün iki strateji nəticə yarada bilər:


-         Avropanın enerji təhlükəsizliyi ABŞ- dan asılı hala gəlir

-         Rusiya isə uzunmüddətli iqtisadi təzyiq altında qalır

-         ABŞ Çinin enerji təminatına nəzarəti də öz əlinə alır.

 Beləliklə Yaxın Şərqdə enerji axınlarına nəzarət qlobal strategiyanın bir hissəsinə çevrilir.

 Enerji marşrutlarının təhlükəsizliyi və nəzarəti Pekinin strateji planlarına birbaşa təsir edə bilər.

Beləliklə enerji siyasəti Yaxın Şərqdə baş verən hadisələrin arxasında duran əsas faktorların birinə çevrilir.

 Bu səbəbdən ABŞ-ın Yaxın Şərqə “qayıdışı” qlobal enerji sisteminin gələcəyi ilə də bağlıdır.

 Şahlar Ruhi