2023-cü ilin avqustunda Burkina Fasoda bir əsgər bazadan çıxdı. Fransız idi. Arxasına baxmadı — çünki baxacaq bir şey qalmamışdı.

Küçədə camaat alqışlayırdı. Öz torpağında xarici əsgərin gedişini alqışlamaq — bu sevincdir, yoxsa ağrı? Bəlkə  də hər ikisi. Altmış il əvvəl fransız idarəçilər gedəndə də belə alqışlamışdılar. İndi yenə gedirdilər. Bəs aradadakı altmış il nə idi? Bəlkə heç nə. Bəlkə də hər şey.

Küçədə başqa bir bayraq yellənirdi. Rusiya bayrağı.

Afrika belə bir qitədir: tarix orada heç vaxt bitmir, ancaq başqa paltarla qayıdır.

Bir an üçün rəqəmləri unudub  xəritəyə baxın — o qədim, yorğun, üstündə xətlər çəkilmiş xəritəyə. 1884-cü ildə Berlində bir neçə Avropa dövləti masa arxasında oturdu. Şampan içdilər, danışdılar — və xəritə üzərindən rətvə ilə xətlər çəkdilər. Düz xətlər. Coğrafiyanın, çayların, dağların, tayfaların, dillərin heç bir dəxli olmadığı xətlər. Afrikanı tort kimi böldülər — hər dilim bir ölkə oldu.

O xətlər bu gün də qalır.

Afrika dövlətlərinin sərhədlərinin böyük hissəsi düz xəttdir — coğrafiyanın yox, iddiaların məhsulu. Çünki Afrikanın xəritəsini çəkənlər orada yaşayanlardan heç nə soruşmadılar. Soruşmağa ehtiyac da duymadılar. Şampan çox dadlı idi.

Afrikadakı siyasi xaosun, etnik münaqişələrin böyük bir hissəsinin kökü məhz o masada, o şampandadır.

 İndi rəqəmlərə qayıdaq — çünki bu dəfə rəqəmlər hər şeyi dəyişdirir.

Bu gün yer üzündəki hər altı insandan biri Afrikada yaşayır. 2100-cü ildə isə hər dörd insandan biri Afrikada doğulacaq. Dörd milyard insan. Bütün Avropa, Şimali Amerika, Avstraliya — hamısını bir yerə toplasanız, Afrikanın yarısı edir.

Bu rəqəmləri oxuyanda bir şey hiss etmək lazımdır: gizli, oyadılmamış, nəhəng bir gücün ayaq səsi.

Amma tarix bizi tez-tez xəbərdar edir: kütlə güc deyil. Güc — kütlənin öz səsini tapmağıdır.

Afrika hələ də o səsi axtarır.

 Axtarış isə boş ərazidə getmir. Bu axtarışın üzərindən keçən gözlər var — iti, səbirli, hesablayan gözlər. Çin liman tikir, yol döşəyir, körpü qurur — sual vermədən. Rusiya silah satır, əsgər göndərir — sual vermədən. ABŞ uzaqdan baxır, narahat olanda müdaxilə edir — sual vermədən. Fransa isə getməyi bilmir, qalmağı da bacarmır — keçmişin gölgəsindən çıxa bilməyən bir adam kimi küncündə dayanır.

Hamı Afrikanı görür. Amma onlardan heç biri Afrikalıları görmür. Bu fərq kiçik görünür — amma bütün sual bu fərqin içindədir.

 Bəs dəyişmək mümkündürmü? Ruandaya baxın — soyqırımın izlərini daşıyan ölkə, bu gün qitənin ən səmərəli idarə olunanlarından biridir. Nigeriyaya baxın — 200 milyon insanla, öz kino sənayesiylə, texnoloji startaplarıyla, səsini axtaran gənc nəsliylə. Efiopiyaya, Keniyaya, Seneqala baxın — hər birinin içindəki o narahat, qəzəbli, inamlı enerjiyə.

 Dəyişim potensialı yoxdur demək yalan olardı. Amma potensial öz-özünə tarix yazmır.

 Dörd milyard insan. Bir qitə. Çoxlu əl. Bu əllərin içindən hansı Afrikanın gələcəyini, Afrikalıların  əllərini tutacaq  ?

Bu sual sadə görünür. Amma sadə deyil — bu, XXI əsrin ən böyük siyasi müəmmasıdır. Və cavabını axtarmaq üçün əvvəlcə ərazinin özünü anlamaq lazımdır: kim oynayır, necə oynayır, niyə oynayır.

 Qitənin üzərindən keçən gözlər var — iti, səbirli, hesablayan gözlər. Onların hər birinin öz oyunu, öz dili, öz niyyəti var. Və maraqlısı budur: bu niyyətlərin heç biri gizli deyil. Sadəcə  heç kim ucadan danışmır.

Gəlin onların pıçıltılarını dinləyək.

 Çin: Səbirli Tacir

 Çin Afrikaya gəlmədi — Çin demək olar ki, Afrikaya köçdü. Fərq böyükdür.

2000-ci illərin əvvəlindən bu yana Çin Afrikada 40-dan çox liman, minlərlə kilometr yol, onlarca stadion, parlament binaları, xəstəxanalar tikib. Rəqəmlər nəhəngdir — lakin rəqəmlərin arxasındakı məntiq daha nəhəngdir. Çin heç vaxt soruşmadı: siz demokratiksinizizsə? İnsan hüquqları vəziyyətiniz necədir? Müxalifəti necə idarə edirsiniz? Çin yalnız bir şey soruşdu: müqaviləni imzalayırsınızmı?

Bu yanaşmanın adı var — "şərtsiz əməkdaşlıq." Afrikalı liderlər üçün bu son dərəcə cazibədardır. Çünki Qərb hər kreditlə birlikdə bir çamadan islahat tələbi gətirir. Çin isə təkcə qələm gətirir.

 Amma bu səxavətin kulis arxası  davar. Zambiya 2020-ci ildə borcunu ödəyə bilmədi və Çinlə illərlə süründürməçi danışıqlar apardı. Cibuti limanı Çin nəzarətinə keçdi. Etiopiya-Cibuti dəmir yolu Çin kreditiylə tikildi. İndi isə həmin kredit zəncirinə bağlıdır. Çin Afrikanı sevmir. Çin Afrikanın gələcəyinə investisiya edir. Bu fərqi anlamaq  gördüyümüz hər şeyin mahiyyətini dəyişdirir.

 Rusiya: Xaos Taciri

 Rusiya Çin kimi liman tikmir. Qərb kimi demokratiya da vəd etmir. Rusiya tamam başqa bir oyun oynayır — və bu oyunu da çox yaxşı bilir.

 Oyunun adı “Vaqner” idi.

 “Vaqner” qrupu rəsmi ordu deyildi. Dövlət strukturu da deyildi. O, Kağız üzərində “özəl hərbi şirkət” adı daşıyırdı. Əslində isə Kremlin əlçatmaz əliydi. Zəif, qeyri-sabit, dövlət strukturları çökmüş ölkələrə girirdilər. Hökumətə hərbi dəstək verirdilər. Bu dəstəyin müqabilində isə hər şey alırdılar — qızıl, almaz, uran. Sual yoxdur. Hesab yoxdur. Mətbuat konfransı yoxdur.

 Malidə belə oldu. Mərkəzi Afrika Respublikasında belə oldu. Sudanda, Liviyada  da belə oldu. Hər dəfə eyni ssenari: xaos gəlir, Vaqner gəlir, Rusiya isə qalır.

2023-cü ildə “Vaqner”-in lideri Priqojin Putinə qarşı qısamüddətli silahlı üsyan qaldırdı. Bir neçə ay sonra isə təyyarə qəzasında həlak oldu. Bir çox müşahidəçi düşündü ki, bununla da“Vaqner” -in dövrü  başa çatdı.

 Amma onlar yanılırdılar.

 2023-cü ildə “Vaqner”-in lideri Priqojin təyyarə qəzasında həlak oldu. Amma struktur dağılmadı. O, "Afrika Korpusu" adı altında yenidən quruldu, bu dəfə birbaşa Moskvanın nəzarəti altında. Ad dəyişdi, oyun isə dəyişmədi. Malidə, Burkina Fasoda, Nigerdə, Mərkəzi Afrika Respublikasında bu qüvvələr hələ də varlığını davam etdirir.

 Rusiya Afrikanı qurmaq istəmir. Rusiya Afrikada nüfuz sahəsi istəyir — idarə olunan xaos içindəki bir sıra dayaq nöqtəsi. Bu strategiya ucuzdur, sürətlidir, effektivdir. Və ən əsası — Rusiya bu ölkələrə düşmən kimi yox, "Qərbin əleyhinə" dostlar kimi gəlir. Saheldəki gənclər Fransanı müstəmləkəçi kimi tanıyır. Rusiya isə "qəhrəman xilaskar" obrazında peyda olur.

 Bu obrazın nə qədər saxta olduğunu tarix yaxında göstərəcək. Amma hələlik — o bayraqlar o  küçələrdə yellənməyə davam edir.

 ABŞ-Köhnə Xəritəylə Gəzən Səyyah

 Amerika Birləşmiş Ştatları Afrikaya köhnə, Soyuq Müharibənin xəritəsiylə gəlir. O xəritədə ancaq iki rəng var: qırmızı və mavi. Sovet nüfuzunu dayandır, demokratik bloku genişləndir. Amma Afrikanın rəngləri çoxdan dəyişib. Səyyah isə hələ də  köhnə xəritəsinə baxır.

O xəritənin nəticələri ağırdır. Patris Lumumba öldürüldüyünü ABŞ bilirdi. Mobutu Sese Seko dəstəkləndi — ABŞ bunu da bilirdi. Demokratiya deyilirdi, maraqlar nəzərdə tutulurdu. Xəritədə "dost" yazan hər kəs dost idi — nə qədər qanlı, nə qədər zalım olmasından asılı olmayaraq.

 Soyuq Müharibə bitdi. Xəritə köhnəldi. Amma səyyah yeni xəritə çəkmədi. Yerinə humanitar yardım proqramları, QHT-lər, QİÇS-lə mübarizə gəldi — bunlar əhəmiyyətsiz deyil, amma bunlar ortaqlıq  yox, himayədarlıqdır. Afrikalı liderlər bu fərqi dərhal hiss edir.

 Bu gün ABŞ Çinin Afrikada nə qədər dərinləşdiyini görür — və gec oyandığını anlayır. "Prosper Africa", "Build Back Better World" kimi proqramlar elan edildi. Amma söz infrastruktur deyil. Çinin körpü tikdiyi vaxtda ABŞ çıxış bəyanatı oxuyur. Səyyah yol ayrıcında dayanıb — əlindəki xəritə isə bu ayrıcı göstərmir.

 Ən böyük paradoks isə budur: ABŞ-ın Afrikada istifadə etmədiyi nəhəng üstünlükləri var. Texnologiya. Universitetlər. 40 milyon nəfərlik Afro-Amerikalı diaspora — möhtəşəm bir körpü. Xəzinənin açarı cibindədir. Amma səyyah xəritəsinə baxmaqdan başını qaldırmır.

 Köhnə xəritə ilə gəzən səyyahın problemi rəqib deyil — xəritənin özüdür. Bir gün yolun sonuna çatır. Xəritəyə baxır — xəritə deyir: "hələ yol var." Ayaqlarının altına baxır — uçurum başlayır. Ən dəhşətli an isə bu deyil. Ən dəhşətli an — səyyahın hələ xəritəsinə inanmasıdır.

 Fransa: Toksik Sevgili

 Bəzi münasibətlər var ki, ayrılmaq istəyirsən, amma qaça bilmirsən. “Gedirəm” deyirsən. “Sabah gedəcəyəm”. Amma sabah yenə oradasan. Çünki o, həyatına o qədər dərin girib ki, onun olmadığı həyatı artıq təsəvvür edə bilmirsən. Bu münasibətin adı var: toksik sevgi.

 Fransanın Afrikaya münasibəti də tam budur.

 Fransa Afrikadan əlini rəsmən çəkib, amma gözü hələ də ondadır. "Fransafrik" adlanan bu qeyri-rəsmi sistem onilliklərdir ki, davam edir: Fransız şirkətləri afrikalı resurslara imtiyazlı çıxış əldə edir, Fransız əsgərləri afrikalı liderləri qoruyur, hətta zəruri olanda onları hakimiyyətdə də saxlayır. CFA frankı Paris tərəfindən idarə olunur. Onlar rəsmi olaraq müstəqildilər. Əslində isə Fransanın maliyyə sisteminə zəncirləniblər.

Toksik sevgili də belədir: "Mən sənin xeyrini istəyirəm" deyir — amma incitdiyini bilə-bilə əlini buraxmır.

 "Mən səni müdafiə edirəm" deyir — amma müdafiənin qiyməti həmişə sənin cibindən çıxır. Onlar Afrikaya " sivilizasiya gətirdim" deyir — bu cümləni 1884-də də deyirdi, 1960-da da, 2000-də də. Hər dəfə eyni cümlə, hər dəfə boyunduruğun üstündə eyni əl .

 İndi həmin əl itələnir. Mali, Burkina Faso, Niger — üç ölkə, üç çevriliş, üç "get" tələbi. Fransız bazaları bağlandı. Fransız səfirləri deportasiya edildi. Küçələrdə Fransız bayraqları yandırıldı.

 Toksik sevgili isə bu anı heç vaxt anlaya bilmir. Çünki o həmişə özünü qurban hesab edir. "Mən onun üçün nələr elədim" deyir — etdiklərinin arxasındakı niyyəti isə ya görmür, ya da görmək istəmir. Fransız mediası bunu "nankorluq" adıyla tirajlayır, fransız siyasətçilər  buna "Rusiya təsiri" deyir. Heç biri özünə sual vermir: bəlkə problem elə bizdəydi?

 Ən ağrılı sual da məhz budur: Fransa Afrikanı sevirdi, yoxsa Afrikadan aldıqlarını?

 Cavab — resurslarda, valyutada, hərbi bazalarda, diplomatik səslərdə gizlidir. Sevgi belə ölçülmür. Amma bu münasibət belə ölçülürdü.

 İndi qapı bağlanır. Fransa əyilmiş, gələcəyin dilini bilməyən, itirdiyini hələ qəbul etməyən biri kimi keçmişin ağırlığı altında, küncündə dayanıb. Toksik sevgilinin klassik sonu da elə budur: tərk edildikdən sonra da "mən olmadan edə bilməzsiniz" deyir.

 Afrikanın gözü isə artıq başqa qapıdadır.

 Türkiyə: Qardaş Kimi Gələn Güc

 Türkiyə Afrikaya Çin kimi kapital ilə gəlmir. Rusiya kimi silah ilə gətirmir. ABŞ kimi şərtlər irəli sürmür.  Heç Fransa kimi keçmişin yükünü də yükləmir.

 Türkiyə Afrikaya məscid tikərək gəlir.

 Bu metafora deyil —strategiyadır. Türkiyənin dövlət qurumları onilliklərdir ki, Afrikanın müsəlman əhalisinin sıx olduğu bölgələrə məscidlər, məktəblər, xəstəxanalar tikir. Türk universitetlərində minlərlə afrikalı tələbəyə təqaüd verilir Türk serialları Somaliədən Seneqala qədər ən çox izlənilən xarici məzmuna çevrilib.

Bu "yumşaq güc"dür. Amma bu "yumşaq güc"ün arxasında çox sərt bir hesab var.

 Türkiyənin Afrika strategiyası üç sütun üzərində dayanır.

Birincisi — dindir. Ərdoğan bunu açıq deyir: "Biz qardaşıq." Bu cümlə nə Çinin, nə də ABŞ-ın ağzından çıxmır. Amma Afrikalı müsəlman üçün bu cümlənin çəkisi var.

 İkincisi — silahdır. Türkiyə son illərdə hərbi iştirakını sürətlə genişləndirib. Somalidə NATO üzvü kimi ölkənin ən böyük xarici hərbi bazasını qurub. Bayraktar TB2 pilotsuz uçuş aparatı Efiopiyada, Toqoda, Ruandada, Mərakeşdə artıq ordunun silah anbarındadır. Türk silahı ucuzdur, effektivdir — və Qərbin şərtləri olmadan satılır. Bu üç xüsusiyyətin birləşməsi Afrika bazarında çox nadir tapılan sərvət dəyərindədir.

 Üçüncüsü — ticarət. 2003-cü ildə Türkiyənin Afrika ilə ticarət həcmi 5 milyard dollar idi. Bu gün  isə bu rəqəm 40 milyard dolları keçib. Türk Hava Yolları dünyada ən çox Afrika ölkəsinə uçan aviaşirkətdir (60-dan çox destinasiya). Hər uçuş bir ticari körpüdür. Bu rəqəm təsadüf deyil — bu, uzunmüddətli niyyətin görünən üzüdür.

 Amma Türkiyənin ən maraqlı silahı obrazıdır. Türkiyə özünü nə Qərb kimi, nə Şərq kimi təqdim edir. "Biz də müstəmləkəçilik gördük" deyir — tarixi cəhətdən tam doğru deyil, amma narrativ olaraq güclüdür. "Biz Qərbin imkanlarına sahibik, amma Qərbin şərtlərini qəbul etmirik" deyir. Bu mesaj Afrikalı liderlər üçün cazibədardır: eyni texnologiya, eyni bazarlar — amma yuxarıdan baxan gözlər olmadan.

 Türkiyənin Afrikası hələ yazılır. O, digərləri kimi böyük oyunçu deyil — amma ağıllı oyunçudur. Boşluqları görür, oraya girir. Fransanın çıxdığı yerdə dərhal o peyda olur. Münaqişəli bölgələrdə vasitəçi rolunu üzərinə götürür.

 Bir şey isə aydındır: bu oyunçu masa arxasına öz adıyla oturub — nə kimsənin kölgəsində, nə kimsənin adından.

 Beş oyunçu. Beş fərqli dil. Bir qitə.

 Çin investisiya dilində danışır. Rusiya xaos dilində. ABŞ-ın dili şərt, Fransanınki isə nostalji dilidir. Türkiyə də qardaşlıq dilini seçir. Hər biri Afrikaya öz güzgüsünü tutur — və güzgüdə ancaq özünü görür.

 Bütün bu oyunların mərkəzində bir boşluq var. Böyük, səssiz, görünməz bir boşluq. Bu boşluğun adı Afrikalıların öz səsidir.

 Hər oyunçu Afrikanı müəyyən edir — kimisi "gələcəyin bazarı", kimisi "xammal anbarı", kimisi "nüfuz sahəsi", kimisi "qardaş ölkə" kimi. Amma heç biri soruşmur: Afrikalılar özləri nə deyir?

 Afrikalılar nə istəyir?

 Bu sualı vermək özü artıq bir şeyi dəyişdirir.

 Çünki son iki yüz ildə bu sual demək olar ki, verilməyib. Afrika haqqında demək olar ki, hamı danışır,  amma afrikalılardan heç nə soruşan Qərarlar qəbul edilir — amma qərar masasında Afrikalılar olmur. Eynən kçmişdəki kimi-- Xəritələr çəkildi, sərhədlər müəyyən edildi, liderler seçildi, liderler devrildi — hamısı  da afrikalının üstündən keçib.

 İndi isə qitənin içindən başqa bir səs qalxır. Hələ tam formalaşmamış, hələ tam eşidilməyən — amma artıq susdurmağı da mümkün olmayan bir səs.

 Pan-Afrikanizm nədir: Ölən Xəyal, Yoxsa Yenidən Doğulan İdeya?

 Pan-Afrikanizm 1960- cı illərdə alışdı. Qananın ilk prezidenti Kvame Nkruma dedi ki,  "Afrika birləşməlidir." Konqonun ilk baş naziri Patris Lumumba isə  onun fikrini davam etdirdi - "Afrika Afrikalılarındır".  Bu səslər güclü idi — elə güclü ki, onları susdurmaq üçün sui-qəsdlər təşkil edildi. Lumumba öldürüldü, Nkruma isə devrildi. Pan-Afrikanizm siyasi cəhətdən məğlub edildi.

 Amma ideyalar “güllə keçirtmir”.

 Bu gün Pan-Afrikanizm 2.0 adlanan bir şey yaranmaqdadır — amma bu dəfə o, kürsülərdən yox, sosial mediadan, startaplardan, musiqi studiyalarından, universitetlərdən yüksəlir. Əvvəlki Pan-Afrikanizm idealist idi — bu dəfəki isə  praqmatikdir. "Afrika Birləşsin" yox, "Afrika öz resurslarını özü idarə etsin" deyir. Fərq böyükdür. Birincisi xəyaldır, İkincisi isə strategiya.

 Amma bir sual yaranır: strategiya kifayətdir?

 1884-cü ildə Berlində başqaları Afrikanın xəritəsini çəkdi. Düz xətlər. Rətvə. Şampan.

O xəritə hələ qalır — amma bəzi ölkələr artıq öz xəritələrini çəkməyə başlayıb -Sakit, car çəkmədən.

 Ruanda: İradənin Anatomiyası

 1994-cü ildə Ruandada 100 gün ərzində 800,000 insan öldürüldü. Dünya baxdı — müdaxilə etmədi. BMT əsgərləri soyqırımı dayandırmaq əvəzinə ölkəni tərk etdi.

 Bu, tarixin ən utanc verici anlarından biridir.

Otuz il sonra həmin ölkəyə baxın. Ruanda bu gün Afrikanın ən aşağı korrupsiya, ən yüksək qadın təmsili, ən səmərəli idarəçilik göstəricilərinə sahib ölkələrindən biridir. Kiqali Afrikanın texnologiya mərkəzinə çevrilir. Pol Kaqame Qərbin şərtlərini rədd etdi, Çinin yolunu da getmədi — öz modelini qurdu.

 Bu model mükəmməl deyil - Avtoritar tərəflər var, mətbuat azadlığına məhdudiyyətlər var, siyasi müxalifətə dözümsüzlük var. Bunlar danılmaz faktlardır. Amma, mükəmməl olmayan modelə sahib olmaq başqasının modelini təkrarlamaqdan yaxşıdır, elə deyil?

 Ruanda kiçik ölkədir, amma kiçik ölkələr bəzən böyük sualları cavablaya bilir.

 Nigeriya: Mədəniyyətin Qabaqcıl Ordusu

 Nigeriya Afrikanın ən böyük iqtisadiyyatıdır. 200 milyon əhalisi var. Nollivud  Hollivuddan sonra dünyanın ikinci ən məhsuldar kino sənayesi hesab olunur. Afrobeats isə statistic olaraq  bu gün qlobal musiqi bazarının ən sürətlə böyüyən janrıdır.

 Burna Boy, Vizkid, Davido — bu adlar Londonda, Parisdə, Los-Ancelesdə stadionları doldurur. Nigeriya öz mədəniyyətiylə artıq dünyanı fəth edib. Mədəniyyət isə həmişə siyasi gücün öncüsüdür — bunu tarix dəfələrlə sübut edib.

Amma  Nigeriyanın özü kimi daxilindəki ziddiyyətləri də nəhəngdir. Korrupsiya sistemi boğur. Elektrik enerjisi hələ stabil deyil. Şimalda silahlı qruplar aktiv fəaliyyət göstərir. Ölkənin potensialı ilə reallığı arasındakı uçurum isə dünyada ən böyük uçurumlardan biridir.

 Nigeriya yatmış nəhəngdir. Bəs onu yuxusundan kim oyandıracaq?

 Cənubi Afrika: Cəsarətin Qiyməti

 2010-cu ildə Cənubi Afrika BRICS-ə qoşuldu — o vaxt bu addım cəsarət tələb edirdi. BRICS hələ kiçik idi, Afrika üçün naməlum idi. Amma Cənubi Afrika öz adıyla masaya oturdu — nə Qərbin kölgəsində, nə Şərqin arxasında.

 Digər Afrika ölkələri (Misir və Efiopiya)həmin masaya ancaq 2024-cü ildə gəldi. Cənubi Afrika  bunu 14 il əvvəl görmüşdü.

 Amma bu cəsarətin də qiyməti var. ANC-nin korrupsiyaya batması, elektrik böhranı, iqtisadi bərabərsizliyin davam etməsi  aparteiddən çıxışın möhtəşəmliyini bu gün ağır suallar altında qoyur. Cənubi Afrika həm Afrikanın ən parlaq nümunəsidir, həm də ən mürəkkəb xəbərdarlığı: azadlıq qazanmaq ayrı şeydir, azadlığı idarə etmək isə ayrı şey.

 Misir: İki Dünyanın Arasında

 Misir Afrikalıdır — amma dünya onu heç vaxt belə görməyib.

Ehramlar, Nil, Süveyş kanalı — bu obrazlar Misiri Afrikaya yox, Yaxın Şərqə, Aralıq dənizinə bağlayır. Misir özü də bu obrazlarla yaşayır. Ərəb Liqasının üzvüdür, Yaxın Şərq diplomatiyasının da mərkəzindədir. Qəzzada hər müharibə Misiri titrədir, Süveyş kanalı gərginləşir, qaçqın təzyiqi artır, daxili islamçı hərəkatlar qızışır.

 Yəni, Misir Afrikanın problemlərini yaşayır, amma Yaxın Şərqin də problemlərini daşıyır. İki qitənin yükü bir ölkənin üzərindədir.

 Amma bu ikili kimliyin daha dərin bir paradoksu var. Yaxın Şərq Misirə dünya görünürlüyü verir — amma eyni görünürlük onu Afrikanın içindəki oyanış dalğasından da ayırır. Dünya Misiri müzakirə edəndə Fələstin danışılır, İsrail danışılır, Süveyş danışılır. Afrikanın gənc nəslinin enerjisi, Pan-Afrikanizm 2.0, qitənin dəyişən geosiyasi balansı — bunlar Misirin gündəminə girmirir. Çünki Misir həmişə başqa yanğının içindədir.

 Bu, görünməyin qiymətidir: dünyaya tanınan Misir, Afrikaya görünmür.

 2024-də BRICS üzvlüyü Misirin bir seçim etdiyini göstərdi — çoxqütblü dünyaya meyillidir. Amma bu seçim hələ tam deyil. Misir hər iki dünyada yaşayır, hər ikisinin suallarına cavab axtarır.

 İki dünyanın arasında dayanmaq — bəzən ən güclü mövqedir. Bəzən də ən təhlükəli.

 Efiopiya: Ziddiyyətlərin Qitəsi

 Efiopiya Afrika Birliyinin qərargahına ev sahibliyi edir. Qitənin diplomatik mərkəzidir. 120 milyonluq əhali ilə ikinci ən böyük ölkədir. BRICS üzvüdür.

Amma eyni Efiopiya 2020-2022-ci illərdə Tiqray müharibəsini yaşadı — 500,000-dən çox insan həlak oldu. Dünya mediasında bu müharibə demək olar ki yox idi. Ukraynada hər şəhid sayıldı. Efiopiyada isə rəqəmlər ancaq statistika olaraq qaldı.

Bu fərq təsadüf deyil — bu, kimin həyatının daha görünən olduğunu göstərir. Efiopiya həm Afrikanın diplomatik səsidir, həm də Afrikanın görünməzliyinin simvolu. Bu ziddiyyət məqalənin əvvəlindən bəri danışdığımız hər şeyin içindədir.

Seneqal: Demokratiyanın Diri Qaldığı Yer

2024-cü ilin martında Seneqalda seçkilər keçirildi. Hakimiyyətdəki lider uduzdu. Hakimiyyət dəyişdi. Amma güllə açılmadı. Tanklar da küçəyə çıxmadı.

 Bu hadisə başqa bir kontekstdə normal görünərdi. Amma Mali çevrilişdən sonra Rusiya bayrağı yelləndirən region üçün bu, siyasi möcüzədir.

 Seneqal Qərb Afrikanın ən sabit demokratiyalarından biri olaraq qalır — həm də Fransanın güclü tarixi nüfuzuna baxmayaraq. Bu nüfuzu tamamilə rədd etmədi, amma öz müstəqil səsini də saxladı. Neft və qaz yataqlarının kəşfi ölkəyə yeni bir güc verdi — bu güclə birlikdə yeni bir sual da gəldi: bu sərvəti kim və  kimin xeyrinə idarə edəcək?

 Seneqal hələ cavab axtarır. Amma sualın müəllifi də elə özüdür. Bu, çox dəyərli ayrıntıdır.

 Bu bölmədə adı keçməyən ölkələr də var. Mərakeş Afrikanın içinə doğru genişlənir. Əlcəzair neft gəlirinin arxasında müstəqil dayanır — amma daxilən donuqdur. Tunis 2011-də dünyaya ümid satdı, 2021-də o ümidi özü geri aldı. Liviya isə ölkə deyil — o, geosiyasi Afrikanın sual işarəsidir.

 Bunların hamısı eyni böyük sualın fərqli üzləridir: Afrika öz tarixini özü yaza bilərmi? Bəziləri "bəli" deyir. Bəziləri cavabı hələ axtarır. Bəziləri isə sualı verməyə  vaxt tapmayıb.

 Afrikanın xəritəsində ki, 1884-cü ilin xətləri hələ də  qalır. Amma bu ölkələr artıq öz əllərini stolun üzərinə qoyublar.

 Növbəti addım  o əllərin qələm tutub-tutmayacağından asılıdır.

 Gənc Nəsil: Tarixi Dəyişdirən Enerjinin Adı

 Afrikanın orta yaşı 19-dur. Müqayisə üçün Avropada bu rəqəm 44-dür, Yaponiyada 49 isə.

 Bu rəqəmlər yanında bir az durmaq lazımdır. Çünki bu rəqəmlər təkcə demoqrafiya deyil — bu, tarixin növbəti fəslinin kimin əlilə yazılacağını göstərir.

Hər böyük siyasi dönüş arxasında bir nəsil dayanır. Fransız inqilabının arxasında 20 yaşlarında küçəyə çıxan gənclər durdu. Sovet sistemini dağıdanlar 30 yaşlarında idi. Cənubi Afrikanın aparteidi bitirənlər gənc nəslin enerjisi ilə qalxdı. Tarix yaşlıların yaddaşıyla yox, gənclərin qəzəbiylə yazılır.

Afrikanın gənc nəsli hələ tam səsini tapmayıb. Hələ tam oyuna girməyib, tam imkanlarını bilmir. Amma proses başlayır.

2020-ci ildə Nigeriyada polis zorakılığına qarşı #EndSARS hərəkatı başladı. Bu hərəkatın heç bir lideri yox idi. Heç bir partiyanın dəstəyi yox idi. Təşkilat bütünlüklə sosial mediada quruldu. Gənclər öz telefonlarıyla küçəyə çıxdılar  və hökuməti titrətdilər. Bu hərəkat sonda zorakılıqla yatırıldı. Amma bu, nəticəni dəyişmədi: bu nəsil öz gündəmini özü yazır.

 Bu, yeni bir dövrün başlanğıcıdır. Afrikanın gənc nəsli ilk dəfə olaraq öz tarixini öz əlləriylə yazmaq imkanına sahibdir — internet, texnologiya, qlobal şəbəkələr vasitəsiylə. Onlar artıq Qərbin əl uzatmağını gözləmir. Öz startaplarını qurur, öz medialarını yaradır, öz narrativlərini yazır.

Amma enerji ilə istiqamət eyni şey deyil.

 Yüksək gərginlikli elektrik xətti düşünün — içindən nəhəng güc axır. Düzgün istiqamətə yönəlsə şəhər işıqlanır. Yanlış istiqamətə yönəlsə hər şeyi yandırır. Afrikanın gənc nəslinin enerjisi həmin xəttədir — nəhəng, gərgin, oyaq. Amma hələ istiqamətini tapmamış.

Bu istiqaməti kim müəyyən edəcək — gənclərin özümi, yoxsa onların enerjisini istifadə etmək istəyən başqalarımı?

 Bu sual "Afrikalılar nə istəyir?" sualının ən konkret, ən təcili formasıdır.

 Afrika Birliyi: Zəif Çərçivə, Güclü İdeya

 Afrika Birliyinin qərargahı Əddis-Əbəbədədir. Çin tərəfindən inşa olunub.

Bu cümlənin içindəki ironiyaya da baxmaq lazımdır: Afrikanın birliyini təmsil etmək üçün ucaldılmış bina — başqasının əliylə, başqasının puluyladır. Simvol güclüdür, amma bünövrə başqasınındır. Bu, Afrika Birliyinin ümumi mənzərəsidir.

Afrika Birliyi bu gün 55 üzv dövlətlə dünyanın ən böyük regional təşkilatlarından biridir. Amma NATO kimi hərbi gücü, Avropa İttifaqı kimi iqtisadi inteqrasiyası yoxdur. Büdcəsinin böyük hissəsi xarici donor ölkələrdən gəlir. Donor puluyladır deyə donor gündəmiylə də işləyir.

 Afrika Birliyi böyük bir evə bənzəyir — divarları var, damı var, qapısı var. Amma içi hələ tam döşənməyib. Bəzi otaqlar boşdur. Bəzi qapılar açılmır. İstilik sistemi işləmir. Sakinlər isə hər gün o evdə yaşamağa, onu öz evi saymağa çalışır.

Amma son nəticədə ev var. Bu, da az şey deyil.

2063-cu il Vizyonu da var — "Afrikanın istədiyi Afrika" konsepsiyası. Bu sənəd mükəmməl deyil, amma öz gündəmini qurmaq cəhdidir. Xarici güclərin Afrika üçün gündəm yazdığı vaxt Afrikalılar da öz gündəmlərini yazmağa çalışır. Bu parallel bu gün  kiçik görünür amma tarixin uzun axışında böyük mənası var.

 Zəif çərçivə ilə çərçivəsizlik arasında fərq var. Fərq budur: zəif çərçivə güclənə bilər. Çərçivəsizlik isə başlanğıc nöqtəsi belə deyil.

 Afrika Birliyi hələ çatmadığı yerə gedən bir qatardır. Yavaşdır. Bəzən dayanır. Bəzən yolunu azır. Amma ümumən hərəkətdədir. Və istiqamət — özünün müəyyən etdiyi istiqamətdir.

 Göstərdiyi odur ki, Afrikanın içindən güclü, orijinal, müstəqil düşüncə yüksəlir. Bu düşüncə xarici ssenarini rədd edir.

 Gizlətdiyi isə odur ki, bu düşüncənin siyasi iradəyə, institusional gücə, iqtisadi müstəqilliyə çevrilməsi hələ baş verməyib.

 Potensial var. İradə var. Enerji var.

Amma tarix potensialı yox, onun reallaşmasını mükafatlandırır.

Afrika bu dönüşün astanasındadır— yoxsa  yolun başlanğıcında?

Bu sualı ancaq vaxt cavablayacaq.

 Tarix Gözləmir

 Qitələrin taleyi adətən onilliklər ərzində dəyişir. Amma bəzən bir an gəlir ki. o ana qədər hər şey yavaş, o andan sonra isə sürətlə axır. Tarixçilər bu anlara "qırılma nöqtəsi" deyir.

Afrika bu ana yaxınlaşır.

Dörd milyard insan. Dünyanın ən gənc əhalisi. Yer üzündəki kritik mineralların böyük hissəsi (kobalt, litium, uran, qızıl)  Afrika torpağının altındadır. Rəqəmsal inqilab qitəyə gec gəlib, amma gəlib — və indi sürətlə yayılır. Dünya iqtisadiyyatının gələcəyi bu torpaqla, bu insanlarla, bu enerjiylə bağlıdır.

Bütün bunları bilən güclər artıq sahədədir. Çin infrastruktur tikir. Rusiya xaos idarə edir. ABŞ gec oyanır. Fransa qalmağa çalışır. Türkiyə isə qardaşlıq dilini işə salır. Hamısı bunu  görür — gələcəyin çəkisi Afrikadadır.

Amma gələcəyin çəkisi ilə gələcəyin sahibliyi eyni şey deyil.

 Pan-Afrikanizmin banilərindən Frantz Fanon bir dəfə yazmışdı: "Hər nəsil öz missiyasını ya yerinə yetirir, ya da xəyanət edir." Bu cümlə 1960-cı illərdə yazılıb. Amma bu gün Afrikanın gənc nəsli üçün daha aktual səslənir.

 O nəslin missiyası nədir?

 Bəlkə də bu missiya öz tarixini özü yazmaqdır. Amma başqasının ssenarisi ilə yox, öz səsiylə. Başqasının gündəmi ilə yox, öz iradəsiylə.

 Bu, asan deyil. Tarixi yük ağırdır. Daxili ziddiyyətlər böyükdür. Xarici təzyiqlər də güclüdür. Amma tarix göstərir ki, imkansız görünən dəyişimlər — ən sürətli dəyişimlər olur. Cənubi Afrika 1990- cı ildə azad görünmürdü. Ruanda 1995-də ümid yeri görünmürdü.

 Afrika nəyə çevrilir?

Bu sualın cavabı nə Pekində, nə Moskvada, nə Vaşinqtonda nə Parisdə, nə də  Ankarada yazılmır.

 Və ya— hələlik yazılmır.

 Çünki o cavabın yazılacağı qələm hələ tam ələ alınmayıb. O qələm Laqosdadır, Kiqalidədir, Nayrobidədir, Akkradadır, Ədis-Əbəbədədir. Küçədə əlində telefon tutan 19 yaşlı gəncin, və ya hələ adını bilmədiyimiz liderin əlindədir.

Tarix gözləmir.

 Bəs o gənc hazırdırmı?