Tarixdə bəzi müharibələr var ki, onları ancaq cəbhə xəritələri ilə izah etmək mümkün olmur. Tankların irəliləməsi, raketlərin uçuşu, şəhərlərin işğalı bu müharibələrin təkcə səthidir. Əsl qarşıdurma isə başqa səviyyədə baş verir — siyasi iradənin sərhədlərində, iqtisadi resursların paylanmasında, strateji diqqətin idarə olunmasında. Müasir geosiyasətdə müharibələr getdikcə daha çox bu görünməyən müstəvidə oynanılır.

2022-ci ilin fevralında Ukraynada başlayan müharibə də məhz belə qarşıdurmalardandır. İlk günlərdə bu hadisə sadə və emosional bir formul ilə izah edildi: Rusiya imperial revanşizmə qayıdır, Ukrayna isə öz dövlətini müdafiə edir. Bu izahın faktoloji əsası var, amma o, hadisənin yalnız bir hissəsini göstərir. Çünki böyük güclərin müharibələri nadir hallarda yalnız görünən səbəblərlə baş verir. Onların arxasında həmişə daha geniş geosiyasi hesab dayanır.

Bu müharibəni anlamaq üçün bir sual vermək kifayətdir: əgər məsələ yalnız Ukrayna olsaydı, bu qarşıdurma niyə bu qədər böyük beynəlxalq sistem böhranına çevrildi? Niyə Avropa təhlükəsizlik arxitekturası yenidən müzakirə olunmağa başladı? Niyə ABŞ, Çin, İran və Yaxın Şərq dövlətləri eyni geosiyasi tənliyin içində göründü?

Bu suallar bizi hadisənin başqa ölçüsünə aparır. Ukrayna müharibəsi yalnız bir dövlətin taleyi ilə bağlı deyil. O, Avrasiya güc balansı haqqında mübahisənin yeni mərhələsidir.

Zbiqnev Bjezinski
Geosiyasi düşüncənin klassik fiqurlarından biri olan Zbiqnev Bjezinski bu məntiqi hələ XX əsrin sonunda təsvir etmişdi. Onun fikrincə, Ukrayna Avrasiya məkanının “geosiyasi düyün nöqtələrindən” biridir. Ukrayna Rusiyanın təsir dairəsində qalsa, Moskva Avropaya qayıda bilər. Ukrayna Qərb orbitinə daxil olsa, Rusiya Avrasiya dövlətinə çevrilərək Avropadakı təsirini itirə bilər.

Bu fikir ilk dəfə onun "Böyük şahmat taxtası" əsərində sistemli şəkildə izah edilmişdi. Bjezinskiyə görə Ukrayna adi dövlət deyil; o, Avrasiyadakı güc balansını dəyişə bilən strateji qapıdır.

Bugünkü müharibə bu nəzəriyyənin real siyasi səhnədə təzahürü kimi görünür. Ukrayna cəbhəsi yalnız bir döyüş meydanı deyil; o, böyük dövlətlərin strateji hesablarının kəsişdiyi nöqtədir.

Amma bu oyun təkcə  Ukraynada getmir. Paralel olaraq başqa bir region — Yaxın Şərq — qlobal strategiyanın ikinci səhnəsinə çevrilir. İran ətrafında artan gərginlik, İsrailin təhlükəsizlik dilemması, enerji bazarındakı dalğalanmalar və region dövlətlərinin dəyişən ittifaqları bu böyük oyunun digər hissəsini təşkil edir.

Beləliklə, XXI əsrin geosiyasi mənzərəsində iki fərqli müharibə görürük: biri Avropada, digəri Yaxın Şərqdə. Amma bu iki müharibə əslində  eyni strateji qarşıdurmanın müxtəlif mərhələləridir — ABŞ və Rusiya arasında gedən uzunmüddətli güc balansı mübarizəsinin.

Geosiyasətdə bəzən torpaq qazanmaq əsas məqsəd olmur. Bəzən daha böyük məqsəd rəqibin diqqətini, resurslarını və siyasi iradəsini uzunmüddətli böhranlara bağlamaqdır. Bu məqalədə məhz həmin görünməyən oyunu anlamağa çalışırıq: Ukrayna və Yaxın Şərq arasında qurulan böyük strateji şahmatı.

"Bütün yollar Kiyevdən keçir"

Bəzi münaqişələr var ki, onların səbəblərini yalnız bugünkü siyasi qərarlarla izah etmək mümkün deyil. Bu tip qarşıdurmalar daha uzun geosiyasi tarixlərin və daha dərin strateji düşüncələrin nəticəsi olur. Ukrayna müharibəsi də belə münaqişələrdəndir. Onu başa düşmək üçün yalnız 2022-ci ildə başlayan hadisələrə yox, Avrasiya məkanında onilliklərdir formalaşan güc balansına baxmaq lazımdır.

Soyuq müharibənin bitməsi ilə Avrasiya məkanında böyük bir siyasi boşluq yarandı. Sovet İttifaqının dağılması yalnız yeni dövlətlərin yaranması demək deyildi; bu hadisə eyni zamanda böyük güclərin strateji hesablarını yenidən qurmağa məcbur etdi. Postsovet coğrafiyasında yaranan dövlətlər bir anda qlobal geosiyasətin kəsişmə nöqtələrinə çevrildilər.

Bu dövlətlər arasında Ukrayna xüsusi yer tuturdu. Coğrafi mövqeyi, geniş sənaye potensialı və Qara dəniz hövzəsində yerləşməsi səbəbilə Ukrayna Şərqi Avropa ilə Avrasiya arasında strateji keçid zonası idi. Bu səbəbdən onun siyasi istiqaməti qlobal güc balansına da təsir edə biləcək faktor kimi qiymətləndirilirdi.

Bu reallığı erkən mərhələdə analiz edən strateqlərdən biri məhz  Bjezinski idi. Bjezinski Ukraynanı Avrasiya siyasətində “geosiyasi pivot” kimi təsvir edirdi. Onun fikrincə, Ukrayna postsovet məkanında güc balansını müəyyən edən əsas ölkələrdən biridir.

Bjezinski Ukraynanın rolunu izah edərkən bir neçə əsas tezis irəli sürürdü. Onun fikrincə, Ukraynanın müstəqilliyi Rusiyanın region üzərində imperiya tipli təsir qurmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən Ukrayna Qərb strukturlarına inteqrasiya eləsə, bu vəziyyət Rusiyanın Avropa geosiyasətində rolunu ciddi şəkildə zəiflədə bilər. 

Amma Ukrayna məsələsini təkcə Qərb strateji düşüncəsi ilə izah etmək mümkün deyil. Bu münaqişənin digər tərəfi də var — Rusiyanın Ukrayna ilə bağlı geosiyasi vizyonu.

Tarixi, mədəni və strateji baxımdan Ukrayna Rusiya siyasi düşüncəsində xüsusi yer tutur. Rusiyanın bir çox strateji məktəbləri Ukraynanı Şərqi Avropa təhlükəsizlik sisteminin əsas hissəsi kimi qiymətləndirir. Bu yanaşmaya görə Ukrayna üzərində Qərb təsirinin artması Rusiyanın təhlükəsizlik mühitini dəyişdirə bilər.

Rusiya strateji diskursunda tez-tez səslənən arqumentlərdən biri NATO-nun şərqə doğru genişlənməsi ilə bağlıdır. Moskva uzun müddətdir bu prosesi öz təhlükəsizlik maraqlarına təhdid kimi təqdim edir. Bu baxımdan Ukraynanın Qərb təhlükəsizlik strukturlarına inteqrasiya perspektivi Rusiyada ciddi narahatlıq doğururdu.

Rusiyanın geosiyasi düşüncəsində Ukrayna həm də iqtisadi və lojistika baxımından mühüm əhəmiyyətə malikdir. Qara dəniz regionu, enerji tranzit marşrutları və postsovet sənaye infrastrukturu bu ərazini Moskva üçün strateji dəyərə malik sahəyə çevirirdi.

Bəzi rus strateji analitikləri Ukraynanı postsovet məkanında geosiyasi balansın əsas elementi kimi təsvir edirlər. Onların fikrincə, Ukrayna Rusiyanın təsir dairəsindən tam şəkildə çıxarsa, bu vəziyyət Avrasiya məkanında yeni güc balansı yarada bilər. Bu yanaşma Rusiyanın Ukrayna məsələsinə  daha geniş geosiyasi perspektivdən yanaşdığını göstərir.

Deyilənləri ümumiləşdirsək, Ukrayna müharibəsi iki fərqli strateji baxışın toqquşması kimi görünür. Bir tərəfdə Ukraynanın Qərb strukturlarına inteqrasiyasını Avrasiya güc balansının vacib elementi hesab edən yanaşma. Digər tərəfdə isə Ukraynanın Rusiyanın təhlükəsizlik mühitində mühüm rol oynadığını düşünən geosiyasi perspektiv dayanır.

Bu iki baxışın toqquşması Ukrayna məsələsini təkcə regional mübahisə çərçivəsindən çıxararaq daha geniş geosiyasi müzakirəyə çevirir. Nəticədə Ukrayna müharibəsi Avrasiyanın gələcək siyasi xəritəsinin necə formalaşacağı barədə davam edən strateji mübahisənin ən açıq mərhələlərindən birinə çevrilir.

Ukraynadan Yaxın Şərqə : strateji diqqətin parçalanması

Geosiyasətdə böyük dövlətlərin ən çox qorxduğu vəziyyətlərdən biri eyni anda bir neçə strateji cəbhədə rəqabət aparmaq məcburiyyətidir. Tarix göstərir ki, imperiyalar çox vaxt məhz bu səbəbdən zəifləyiblər. Resursların, siyasi diqqətin və hərbi gücün müxtəlif istiqamətlərə bölünməsi strateji qərarların effektivliyini azaldır.

Bugünkü beynəlxalq sistemdə ABŞ məhz belə bir vəziyyətlə üzləşmiş kimi görünür. Vaşinqton eyni anda üç fərqli regionda strateji rəqabət aparır: Avropada Ukrayna müharibəsi, Asiyada Çinlə artan gərginlik və Yaxın Şərqdə İran ətrafında formalaşan təhlükəsizlik dilemması.

Bu üç istiqamət bir-birindən ayrı münaqişələr kimi görünə bilər. Amma qlobal siyasətin strukturuna baxdıqda onların eyni strateji sistemin hissələri olduğu aydınlaşır.

Ukrayna müharibəsi ABŞ və Avropa üçün əsas təhlükəsizlik məsələsinə çevrildiyi bir vaxtda Yaxın Şərqdə yeni gərginlik dalğası formalaşmağa başladı. İranın regional təsiri, İsrailin təhlükəsizlik narahatlıqları və regiondakı proksi müharibələr bu ərazini yenidən qlobal siyasətin əsas gündəminə gətirdi.

Bu vəziyyət ABŞ strategiyası üçün mürəkkəb dilemma yaradır. Bir tərəfdən Vaşinqton Avropada Rusiyanın təsirinin artmasının qarşısını almağa çalışır. Digər tərəfdən isə Yaxın Şərqdə İranın regional rolunu məhdudlaşdırmaq məqsədi güdür. Bu iki strategiya paralel şəkildə həyata keçirilir və nəticədə ABŞ resursları bir neçə istiqamətə bölünür.

Strateji düşüncədə bu vəziyyət bəzən “diqqət iqtisadiyyatı” problemi kimi təsvir edilir. Böyük dövlətlər həm də siyasi diqqətə malik olurlar. Bu diqqət eyni anda çoxsaylı böhranlara yönəldildikcə strateji koordinasiya çətinləşir.

Məhz bu məqam bəzi analitiklərin diqqətini çəkir. Onların fikrincə, Ukrayna müharibəsi Qərbin əsas diqqətini Avropaya yönəltdiyi bir dövrdə Yaxın Şərqdə baş verən hadisələr qlobal strateji balansı daha mürəkkəb hala gətirir.

Enerji bazarları bu prosesin ən görünən tərəflərindən biridir. Yaxın Şərqdə gərginlik artdıqca neft və qaz qiymətləri dalğalanır. Bu isə qlobal iqtisadi sistemə təsir göstərir və bəzi enerji ixrac edən dövlətlər üçün əlavə gəlir imkanları yaradır.

Digər tərəfdən regiondakı münaqişələr böyük dövlətlərin regional müttəfiqləri üzərində də təsir göstərir. İsrail, İran, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələr yalnız regional aktorlar deyil; onların siyasəti qlobal güclərin strategiyalarına birbaşa təsir edir.

Bəzi analitiklər bu vəziyyəti geosiyasi şahmat oyunu ilə müqayisə edirlər. Bu oyunda hər fiqurun hərəkəti  digər lövhələrdəki vəziyyətə də təsir edir. Ukrayna cəbhəsində baş verən hadisələr Yaxın Şərqdəki strateji hesabları dəyişə bilər. Eyni şəkildə Yaxın Şərqdə yaranan böhranlar Avropadakı təhlükəsizlik mühitinə təsir göstərə bilər.

Bu səbəbdən XXI əsrin geosiyasi münaqişələri getdikcə daha çox qarşılıqlı əlaqəli sistemlər kimi görünür. Bir regionda baş verən hadisələr başqa regionlarda strateji nəticələr doğurur.

Beləliklə, Ukrayna və Yaxın Şərq münaqişələrini ayrı hadisələr kimi deyil, eyni qlobal güc balansının müxtəlif mərhələləri kimi oxumaq daha real yanaşma ola bilər. Bu yanaşma göstərir ki, müasir geosiyasətdə qarşıdurmalar  bir neçə paralel səhnədə oynanılır.

"Qardaş Olmaq Məcburiyyəti"

Böyük güclərin strategiyasında bəzən paradoksal nəticələr ortaya çıxır. Bir dövlət rəqibini zəiflətmək üçün müəyyən addımlar atır, lakin həmin addımlar uzunmüddətli perspektivdə başqa bir güc balansının formalaşmasına səbəb olur. Son illərdə ABŞ-ın Rusiya və Çinlə bağlı siyasəti də məhz belə paradoksal nəticələr doğuran proseslərdən biri kimi görünür.

Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən geniş iqtisadi sanksiyalar Moskvanı qlobal iqtisadi sistemdə yeni tərəfdaşlar axtarmağa məcbur etdi. Bu vəziyyətdə ən təbii istiqamət Asiya bazarları oldu. Xüsusilə Çin Rusiyanın enerji resursları üçün ən böyük alıcı və iqtisadi tərəfdaşlardan birinə çevrildi.

Beləliklə, beynəlxalq siyasətdə yeni dinamika formalaşmağa başladı: Rusiya və Çin arasında daha sıx iqtisadi və strateji əlaqələr yaranırdı. Bu yaxınlaşma siyasi koordinasiyada da özünü göstərməyə başladı.

Bu proses əslində geosiyasət nəzəriyyəsində uzun müddət müzakirə edilən bir ehtimal idi. ABŞ strateqləri illər boyu Avrasiya məkanında Rusiya ilə Çinin eyni geosiyasi blokda birləşməsinin qarşısını almağa çalışmışdılar. Çünki belə bir yaxınlaşma Avrasiya qitəsində yeni güc mərkəzinin yaranmasına səbəb ola bilərdi.

Zbiqnev Bjezinski  bu ehtimala da xüsusi diqqət yetirmişdi. Onun fikrincə, ABŞ üçün ən arzuolunmaz ssenarilərdən biri Avrasiya məkanında böyük güclərin strateji koordinasiyasıdır. Bu cür yaxınlaşma qlobal güc balansını dəyişdirə bilər.

Bjezinski Avrasiyanı dünya siyasətinin əsas səhnəsi kimi təsvir edirdi. Onun fikrincə, bu geniş coğrafiya üzərində təsir imkanları qlobal sistemin gələcəyini müəyyən edən əsas faktorlardan biridir. Məhz bu səbəbdən ABŞ strategiyasının əsas məqsədlərindən biri Avrasiya məkanında müxtəlif güc mərkəzləri arasında balansı qorumaq idi.

Amma Ukrayna müharibəsindən sonra yaranan vəziyyət fərqli istiqamətdə inkişaf etməyə başladı. Qərb sanksiyaları və siyasi təcrid Rusiyanı iqtisadi və siyasi baxımdan Çinlə daha sıx əməkdaşlığa yönəltdi. Enerji, maliyyə və texnologiya sahələrində əməkdaşlıq genişlənməyə başladı.

Bu proses qlobal sistemin strukturunda baş verən daha geniş transformasiyanın əlamətidir. Çünki Rusiya və Çin kimi böyük dövlətlərin əməkdaşlığı Avrasiya məkanında yeni siyasi və iqtisadi konfiqurasiya da yarada bilər.

Digər tərəfdən bu yaxınlaşmanın öz daxilində də mürəkkəb balans var. Rusiya və Çin arasında strateji tərəfdaşlıq olsa da, onların geosiyasi maraqları tam şəkildə üst-üstə düşmür. Hər iki ölkə öz regional təsir sahələrini qorumağa çalışır və bu münasibət daha çox pragmatik əməkdaşlıq xarakteri daşıyır.

Bununla belə, beynəlxalq siyasətdə belə praqmatik ittifaqların da böyük nəticələr doğura bildiyi tarixdə dəfələrlə müşahidə olunub. Bəzən dövlətlər ortaq ideologiyaya görə yox, ortaq geosiyasi maraqlara görə də yaxınlaşırlar.

Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıq məhz belə bir vəziyyət formalaşdırır. Rusiya Qərb iqtisadi sistemindən qismən uzaqlaşaraq Asiya bazarlarına yönəlir, Çin isə qlobal ticarət və enerji sistemində öz rolunu genişləndirir.

Bu prosesin uzunmüddətli nəticələri hələ tam aydın deyil. Amma bir şey artıq görünür: Avrasiya məkanında güc balansı dəyişir. ABŞ, Rusiya və Çin arasında formalaşan yeni strateji münasibətlər qlobal siyasətin gələcək istiqamətini müəyyən edə bilər.

Böyük güclər rəqabəti: paralel böhranların anatomiyası 

Böyük güclərin rəqabəti tarix boyu yalnız bir regionda baş verməyib. Qlobal siyasətin əsas xüsusiyyəti müxtəlif regionların eyni strateji oyunun fərqli səhnələrinə çevrilməsidir. XXI əsrdə bu xüsusiyyət artıq sübuta ehtiyac duymur — o, hər gün öz sübutunu ortaya qoyur.

Ukrayna müharibəsi Avropada açılmış birinci cəbhədirsə, Yaxın Şərq ikinci səhnədir. Bu iki coğrafiya arasında məsafə böyükdür, amma strateji məntiq birdir: Qərbin diqqətini, resurslarını və birliyini eyni anda bir neçə istiqamətdə sıxışdırmaq. 2026-cı ilin əvvəlinə gəldikdə bu strategiya açıq şəkildə görünür.

Yaxın Şərqin mürəkkəbliyi təkcə dini-etnik ziddiyyətlər deyil. XX əsrin ortasından bu region dünya enerji bazarının qalbi oldu. Körfəz dövlətlərindən gündəlik 20 milyon barrel neft Hörrmüz boğazından keçir ki, bu da dünya neft ixracatının təxminən 30 %-nə bərabərdir. İran bu boğazı bağlamaqla qlobal enerji qiymətlərini bir gecədə ikiqat artıra bilər. Bu, nüvə silahı qədər güclü bir strateji rıçaqdir.

Ticarət marşrutları da eyni dərəcədə həssasdır. 2023–2025-ci illərdə Yəməndəki Husilərin Bab-əl-Məndəeb boğazına hücumları dünya dəniz nəqliyyatının 15 faizini Süveyş kanalından uzaqlaşdırdı, gəmiçilik xərclərini dörd dəfə artırdı. Burada diqqətə dəyər bir detal var: bu dağıdıcı effekti yaradan Husilər  İranın maliyyələşdirdiyi, on minlərlə döyüşçüsü olan, amma kənar dünyaya görünməz bir proksi qüvvədir. Bir proksi oyunçu qlobal ticarəti poza bildi.

Yaxın Şərqdə baş verən hər böhran həm də böyük güclər arasında davam edən strateji rəqabətin yeni bir cəbhəsidir.

İranın "Müqavimət Oxu"

Tehran onilliklər boyu birbaşa müharibəyə girməkdən qaçıb. Bunun əvəzinə "Müqavimət Oxu" adlanan bir şəbəkə qurdu: Livanın Hizbullahı, Fələstinin Həmasu, Yəmənin Husiləri, İraqın Kataib Hizbullahı. Bu dörd qüvvə eyni anda dörd fərqli cəbhədə İsrail və ABŞ-ı sıxışdırırdı. Maliyyə, silah, ixtisaslı kadrlar İrandan gəlirdi, amma əllər başqasına məxsus idi. Bu, həm inkar edilə bilən, həm idarə edilə bilən, həm də olduqca ucuz müharibə modelidir.

7 Oktyabr 2023-cü ildə Hamas İsrailə həyata keçirdiyi hücumda 1200 nəfəri öldürdü — bu, 1948-ci ildən bəri İsrailin ən ağır itki günüdür. İranın bu əməliyyatda birbaşa iştirakını sübut etmək çətindir, lakin "Müqavimət Oxu"nun bütün cəbhələri eyni gün aktivləşdi: şimaldan Hizbullah raketləri, cənubdan Husi hücumları, şərqdən İraq milisləri. Koordinasiya görünürdü.

Strateji qeyd: 13 Aprel 2024-cü ildə İran ilk dəfə birbaşa İsrail ərazisinə hücum etdi — 300-dən çox raket və dron. İsrail, ABŞ, Böyük Britaniya, Fransa və İordaniyanın birgə müdafiəsi nəticəsində hücumun 99 faizi dəf edildi, amma siyasi mesaj göndərilmişdi: İran artıq birbaşa cavab verir. Onillik kölgə müharibəsinin yeni mərhələsi başlamışdı.

Suriya: domino effektinin birinci daşı

2024-cü ilin dekabrında baş verən hadisə Yaxın Şərqin strateji xəritəsini bir gecədə dəyişdirdi. Həmə, Homs, nəhayət Dəməşq — şəhərlər bir-birinin ardınca Əhrar əl-Şam və Həyət Tahrir əl-Şam qüvvələrinin nəzarətinə keçdi. Əsəd ailəsinin 54 illik hakimiyyəti 11 gün ərzində süquta uğradı. Bəşər Əsəd Rusiyaya qaçdı.

Bu, adi rejim dəyişikliyi deyildi. Suriya İranın "Müqavimət Oxu"nun strateji kəməri idi — İrandan Livana gedən silah körpüsü  məhz Suriya ərazisindən keçirdi. Hizbullahın silah anbarları, İranın hava bazaları, Rusiyapın Xmeymim hava qüssəsi və Tartus dəniz bazası — hamısı Suriya torpağında idi. Əsədin devrilməsi ilə eyni anda bu üç güc — İran, Rusiya, Hizbullah — eyni anda strateji mövqelərini itirdi.

Rusiya üçün itki eyni dərəcədə ağırdır. Kreml 2015-ci ildən bəri Suriyada hərbi iştirakını saxlamaq üçün on milyardlarla dollar xərcləmişdi. Tartus limanı Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dayaq nöqtəsidir. Əsədin getməsi ilə bu bazaların gələcəyi qeyri-müəyyənləşdi. Ukrayna müharibəsilə eyni vaxtda iki strateji mövqeyi eyni anda idarə etmək Moskvaya ağır gəlirdi — Suriya cəbhəsini saxlamaq üçün nə maliyyə, nə diqqət qalmışdı.

Əsədin devrilməsi ilə eyni həftədə İsrail Suriya hərbi infrastrukturunun 80 faizini — hava bazaları, raket anbarları, hərbi gəmilər — hava zərbələri ilə məhv etdi. Məqsəd yeni Suriya hakimiyyətinin bu silahları  İrana,  Hizbullaha, və ya başqa proksi qüvvəyə verməsinin qarşısını almaq idi.

2024-cü ilin sentyabrında İsrail Hizbullah rəhbərliyini ardıcıl zərbələrlə məhv etdi. Həsən Nəsrullah, Həsən Xəlifə, Fuad Şükr — onilliklər ərzində qurulmuş komanda strukturu bir neçə həftədə dağıdıldı. Livan cəbhəsi susdu. Suriya körpüsü kəsildi. HƏMAS Qəzzada  ağır itkilər verdi. Yəmənin Husiləri hücumlarını davam etdirdi — amma artıq tək qalmışdı.

İyun 2025-ci ildə İsrailin "Rising Lion" əməliyyatı və ABŞ-ın birbaşa iştirakı ilə İranın Natanz, Fordo və İsfahan nüvə obyektləri hədəf alındı. On iki gün davam edən hərbi əməliyyat İranın nüvə infrastrukturunu ciddi şəkildə zəiflətdi. Bu, yalnız hərbi zərbə deyildi — onillik nüvə proqramının strateji nəticəsinin sıfırlanması idi.

28 Fevral 2026: ABŞ-İsrail birgə əməliyyatı çərçivəsində Ali rəhbər Ayətullah Xamenei öldürüldü. SEPAH-ın komanda strukturu dağıdıldı. Oğlu Möctəba Xamenei yeni ali rəhbər seçildi. İran daxilindəki siyasi gələcək açıq suallar altındadır.

Çin faktoru: köhnə oyunun yeni oyunçusu

2023-cü ildə baş verən bir hadisə Yaxın Şərqin arxitekturasında daha dərin bir dönüşü elan etdi. Mart 2023-cü ildə Pekin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında diplomatik münasibətlər bərpa olundu. Bu, 2016-cı ildə kəsilmişdi. Amma daha önəmlisi budur: bu sazişin arxasında ABŞ yox, məhz Çin dayanırdı.

Çin Yaxın Şərqdə enerji alıcısı, "Kəmər və Yol" infrastruktur investoru, getdikcə artan silah satıcısı rolunu oynayır. Körfəz ölkələri artıq petrodollar sistemindən kənara çıxmağı sınayır — Çinlə neft ticarətini yuan ilə aparmağa başlayıblar. Bu, uzunmüddətli proses — amma istiqamət müəyyəndir.


Martin Indik-Geosiyasi Analitik

 

 «Körfəz dövlətləri artıq ABŞ-a tam               güvənmirlər. Obama dövrünün çəkilməsi, Tramp dövrünün qeyri-müəyyənliyi onlara göstərdi ki, sığorta yalnız Vaşinqtonda saxlanılmaz. Bu sığortanı indi Çin, Rusiya, hətta İranla müqavilələrdə axtarırlar.»




İki paralel səhnə, bir strateji məntiq

Ukrayna müharibəsi ilə Yaxın Şərq böhranını bir yerdə oxuduqda görünən mənzərə aydındır: Qərb eyni anda iki böyük cəbhəni idarə etməyə məcbur olur. Hər iki cəbhədə resurs, diqqət, siyasi iradə tükənir. NATO-nun şərq qanadı genişlənir — Körfəzdəki müttəfiqlərin inamı isə azalır. Bu iki proses bir-birini gücləndirir.

Rusiya üçün Yaxın Şərqdəki böhran həm imkan, həm risk daşıyır. İmkan: ABŞ-ın diqqəti bölünür, Ukrayna cəbhəsinə ayrılan resurs azalır. Risk: İranın zəifləməsi — Moskvaya dron, texnologiya, diplomatik örtük təmin edən ortağın aradan qalxması — Rusiyanın öz savaşını ağırlaşdırır. Suriyadan sonra bu risk daha da real görünür.

«Bir tərəfdə Avropa təhlükəsizlik sistemi yenidən qurulur.

Digər tərəfdə Yaxın Şərqdə regional balans dəyişir.

Bu iki proses  eyni oyunun fərqli cəbhələridir.»

Enerji bazarları, diplomatik ittifaqlar, proksi şəbəkələr, hərbi texnologiya transferi — bu kanallar vasitəsilə iki coğrafiya bir-birinə bağlıdır. Bir regionda baş verən hadisə digərini zərbə vurur. Suriyada Əsədin devrilməsi Rusiyanın Aralıq dənizi mövqeyini sarsıtdı. İranın nüvə infrastrukturunun zədələnməsi Moskvaya gedən dron şəbəkəsini dayandırdı. Körfəzdəki enerji qeyri-sabitliyi ABŞ-ın Avropa müttəfiqlərinə vəd etdiyi enerji alternativlərini çətinləşdirir.

Avropada Ukrayna müharibəsi və Yaxın Şərqdə İran ətrafında formalaşan gərginlik — Suriya dönüş nöqtəsi, Hizbullahın süqutu, Çinin yüksəlişi — bir-birindən ayrı hadisələr deyil. Onlar XXI əsrin qlobal siyasətində formalaşan yeni güc balansının iki paralel səhnəsidir. Bu səhnələrdə baş verən hər dəyişiklik beynəlxalq sistemin gələcək strukturuna birbaşa təsir edir.

Böyük Yaxın Şərq layihəsi və geosiyasi mühəndislik

2003-cü ildə ABŞ İraqa girəndə ABŞ-nin bəhanəsi sadə idi: kütləvi qırğın silahları, Səddam rejimi, demokratiya. Lakin Vaşinqtonun strateji dairələrində daha geniş bir vizyon formalaşırdı. Dövlət katibi Kondoliza Raysın dilindən səslənən "yaradıcı xaos" konsepsiyası bu vizyonun açıq etirafı idi — Yaxın Şərqin köhnə siyasi arxitekturası sındırılacaq, yerinə Qərb maraqlarına uyğun yeni regional sistem inşa ediləcəkdi. Bu layihə sonradan "Böyük Yaxın Şərq" adını aldı.

Layihənin məntiqinə görə regiondakı avtoritar rejimlər həm xalqın nifrətini, həm də siyasi qeyri-sabitliyi qidalandırırdı. Demokratikləşmə həm dəyər, həm də strateji alət kimi təqdim edildi. Amma bu planın işləməsi üçün bir şey lazım idi — regionda "model dövlət." Vaşinqton bu modeli hazır tapdı: Türkiyə.

AKP 2002-ci ildə hakimiyyətə gələndə Qərb üçün ideal ssenari canlanan kimi göründü: demokratik seçki yolu ilə gələn, bazar iqtisadiyyatını qəbul edən, NATO üzvü olan bir İslam partiyası. Vaşinqton bu fenomeni həvəslə təbliğ etdi — "demokratik İslam mümkündür, Türkiyə bunun sübutudur." Ərəb baharı alovlandığında isə bu narrativ özünün zirvəsinə çatdı. 2011-ci ildə Ərdoğan Qahirəyə getdi — küçələr onu alqışladı. Tunis, Misir, Suriya — hər yerdə eyni sual səslənirdi: "Türkiyə modeli bizim üçün də işləyər?"

Ankara bu cazibəni şüurlu şəkildə istismar etdi. Xarici işlər naziri Əhməd Davudoğlunun "strateji dərinlik" doktrinası Türkiyəni etnik və dini sərhədlərin üstündə — bütün müsəlman dünyasına açıq bir güc kimi təqdim edirdi. Bu, neoosmanı diskursun klassik ifadəsi idi: Osmanlı mirası  strateji resurs kimi yenidən kəşf edilirdi.

Lakin 2011-ci ildə Suriyada başlayan üsyan Türkiyənin bütün strateji hesablarını alt-üst etdi. Ankara üç böyük səhv proqnoz verdi. Birincisi, Əsəd rejiminin tez çökəcəyi — çökmədı. İkincisi, Müsəlman Qardaşlar hərəkatının regionda hakimiyyətə gələcəyi — 2013-cü ildə Misirdə Sisi çevrilişi bu hesabı dağıtdı. Üçüncüsü isə ən ağırı idi: Suriya xaosundan güclənən Kürd faktoru. ABŞ İŞİD-ə qarşı mübarizədə YPG-ni əsas yerüstü qüvvəyə çevirdi. Türkiyə üçün bu, NATO müttəfiqinin PKK-nın Suriyalı qolunu silahlandırması demək idi — dözülməz strateji paradoks.

Suriya sərhədi boyunca 3,5 milyon qaçqın, cənubda isə ABŞ silahlandırdığı Kürd qüvvələri. "Model dövlət" narrativi artıq işləmirdi. Türkiyə planın qalibindən planın girovuna çevrilmişdi.

2016-cı il iyulun 15-i gecəsi hər şeyi dəyişdirdi. Çevriliş cəhdi zamanı F-16-lar Ankara üzərində uçurdu, parlament binası bombalanırdı, Ərdoğanın özü isə neçə saatlığına tarixdən silinmək təhlükəsi ilə üz-üzə qaldı. O gecə Qərbdən gələn reaksiya isə soyuq idi — Obama administrasiyası saatlarla gözlədi, Kerry "demokratiyanı dəstəkləyirik" dedi, lakin bu sözlər boş havada asılı qaldı. Moskva isə dərhal zəng etdi.

Çevrilişdən sonra Ankara ekstradisiya tələb etdi — Gülen ABŞ-da yaşayırdı. Vaşinqton rədd etdi. Bu, iki ölkə arasındakı etimad körpüsünü praktiki olaraq dağıtdı. Həmin ilin avqustunda Ərdoğan Sankt-Peterburqa getdi, Putinlə görüşdü. Bu səfər protokol viziti deyildi — strateji yenidən mövqelənmənin açıq elanı idi. Türkiyə ABŞ-ın "model dövləti" olmaqdan çıxıb müstəqil, öz oxu ətrafında fırlanan aktora çevrilirdi.

15 İyuldan sonra Türkiyənin regional söyləmi də kökündən dəyişdi. Neoosmanı-mülayim islamçı diskurs — "hamının lideri, müsəlman dünyasının modeli" — tədricən millətçi-türkçü diskursla əvəz edildi. Artıq mesaj universallığını itirdi: "bütün müsəlmanların səsi" deyil, "türkün haqlarını qoruyan dövlət." Suriyada türkmənlərə dəstək, Libyaya hərbi müdaxilə, Qarabağda Azərbaycana açıq arxa durma — bu addımların hamısı etnik-milli məntiqə söykənirdi, dini-universal məntiqə yox.

Bu dəyişikliyin strateji qiyməti ağır oldu. Mülayim islamçı diskursla Türkiyə Ərəb dünyasının qəlbinə çatırdı. Millətçi-türkçü diskursla isə yalnız türk etnik kimliyinin mövcud olduğu coğrafiyaya — Orta Asiya, Cənubi Qafqaz, Suriyada türkmən bölgələrinə — çatırdı. Türkiyə xarici görünüşdə daha güclü, daha sərt, daha müstəqil idi. Lakin əslində daha dar oynayırdı. ABŞ-ın Böyük Yaxın Şərq planında nəzərdə tutulan "körpü" rolu — Qərb dəyərləri ilə İslam dünyası arasında vasitəçi — artıq mövcud deyildi. Türkiyə körpü olmaqdan çıxıb rəqabətdə olan ayrıca aktora çevrilmişdi.

2015-ci ilin sentyabrında Rusiya Suriyaya girdi. Rəsmi söyləm tanış idi: terrorizmlə mübarizə, legitim hökumətin dəstəklənməsi. Lakin Kreml üçün məsələ Əsədin şəxsən xilas edilməsindən qat-qat böyük idi. Tartus limanı — Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dayaq nöqtəsi. Xmeymim hava bazası — Moskvanın Afrikaya, Yaxın Şərqə uzanan strateji əlinin barmaqları. Suriya Rusiyanın isti dənizlərə çıxışının son qapısı idi. Bu qapının bağlanmasına icazə vermək mümkün deyildi.

Rusiya müdaxiləsi həm də Böyük Yaxın Şərq planına qarşı açıq "yox" idi. Moskva bir şeyi sübut etdi: postsovet məkanında olduğu kimi, Yaxın Şərqdə də rejim dəyişikliyi birtərəfli həyata keçirilə bilməz. Bu mesaj regiondakı bütün avtoritar liderlərə ünvanlanmışdı — və hamısı eşitdi. Suriyada Rusiya təkcə Əsədi deyil, ABŞ-ın "yaradıcı xaos" doktrinasının özünü də döyüş meydanında dayandırdı.

2010-cu illərin ortasına gəlinəndə Böyük Yaxın Şərq layihəsinin əsas sütunları bir-bir çökmüşdü. İraq parçalanmış, İŞİD-in yüksəlişi ilə yaranan xaos ABŞ-ın demokratikləşmə narrativini məzəmmətə çevirmişdi. Suriya içsavaşı idarəolunmaz hala gəlmişdi — hər aktor öz oyununu oynayırdı, heç kim istədiyini almırdı. Misirdə demokratik yolla seçilmiş hökumət hərbi çevriliş ilə devrilmiş, Vaşinqton isə buna göz yummağı seçmişdi. Liviyanın Qəddafi sonrası mənzərəsi isə ən açıq iflasın sübutu idi: dövlət çökmüşdü, yerinə silahlı qruplaşmaların idarə etdiyi parçalanmış ərazilər qalmışdı.

Plan nə üçün dağıldı? Cavab sadədir: arxitekturası kənardan çəkilmişdi, lakin regionun öz dinamikası içəridən işləyirdi. Etnik, dini və ideoloji fay xətləri onilliklərin yükünü daşıyırdı. Bu yükü xarici strateji hesablarla yenidən bölüşdürmək mümkün deyildi. Böyük Yaxın Şərq layihəsi regionu dəyişdirə bilmədi — lakin regionu dağıdaraq dəyişdirdi. Fərq böyükdür.

Planın dağıntıları hələ soyumamışdı ki, səhnəyə yeni oyunçu girdi — səssiz, tələsməyən, əlində silah yox, çek olan. Çin Yaxın Şərqə nə ordu, nə ideologiya, nə demokratiya vədi ilə gəldi. Enerji müqavilələri, liman infrastrukturu, "Kəmər və Yol" layihəsinin şaxələri — bunlar Pekinin strateji dili idi. Bu dil regiondakı liderlərə tanış və rahat gəldi: şərt yoxdur, daxili işlərə müdaxilə yoxdur, yalnız qarşılıqlı fayda.

2023-cü ildə Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçilik etməsi təsadüfi addım deyildi — bu, onillik strateji səbrin məntiqli nəticəsi idi. ABŞ region arxitekturasını silah və söyləmlə qurmağa çalışdı, Çin isə iqtisadi asılılıq şəbəkəsi ilə qurdu. Böyük Yaxın Şərq layihəsi uğursuz oldu — lakin onun boşluğunda Çin öz layihəsini səssiz-səmirsiz həyata keçirdi. Fərq yalnız üsulda deyil, səbrdə idi.

"Döyüşdə Qalib Gəlib Müharibəni Itirmək"

Hər müharibənin sonunda eyni sual səslənir: qalib kimdir? Tarixən cavab sadə idi — döyüş meydanında üstün gələn tərəf diplomatik üstünlüyü də qazanırdı. Amma XXI əsrin münaqişələri bu sadə məntiqi artıq işlətmir. Çünki müasir müharibələrdə iki fərqli qələbə var — biri görünən, biri görünməyən. Biri cəbhə xəritəsində ölçülür, digəri beynəlxalq sistemin yeni arxitekturasında.

Taktiki qələbə ölçülə biləndir: tutulmuş torpaq, məhv edilmiş texnika, əsir alınan əsgər. Strateji qələbə isə başqadır — o, rəqibin uzunmüddətli davranışını, beynəlxalq sistemdəki mövqeyini və gələcək seçimlərini dəyişdirməkdə ölçülür. Bu iki nəticə çox vaxt eyni tərəfə işarə etmir. Qalib  tərəf bəzən müharibənin strateji nəticəsini itirir — çünki qələbənin qiyməti uzunmüddətli perspektivdə ödənilir, döyüş meydanında yox.

Tarix bu paradoksu dəfələrlə sübut edib. 1975 -ci il - Vyetnam. ABŞ on il boyunca hərbi baxımdan üstün oldu, amma son nəticədə siyasi iradəsi tükəndi. 1989-cu il -  Əfqanıstan. Sovet İttifaqı döyüş meydanını tərk etdi — dörd il sonra özü də dağıldı. Hər iki halda güclü olan tərəf döyüşdə yox, sistemdə məğlub oldu.

Ukrayna müharibəsi də bu paradoksun içindədir. Rusiya torpaq qazandı — lakin iqtisadiyyatı sanksiyaların altında əzilir, gənc nəsli cəbhədə tükənir. Ukrayna müstəqilliyini qorudu — lakin şəhərləri xarabalığa döndü, iqtisadiyyatı xarici yardımdan asılı hala gəldi. ABŞ Avropada NATO-nu möhkəmləndirdi — lakin Yaxın Şərqdə onillik strateji investisiyasını itirdi. İran "Müqavimət Oxu"nu qurdu — lakin Suriya düşdü, Hizbullah dağıldı, nüvə infrastrukturu vuruldu, ali rəhbəri öldürüldü.

Bu dörd tərəfin hər biri eyni anda həm qazandı, həm itirdi. Taktiki uğur strateji itki ilə yan-yana gəldi. Bu fərqi görməyənlər — istər Moskva, istər Vaşinqton, istər Tehran — eyni səhvi etdi: döyüş meydanındakı nəticəni sistemdəki nəticə ilə qarışdırdı.

Sistem müharibələrində qalib elan etmək tələskənlikdir. Çünki bu müharibələrin həqiqi nəticəsi cəbhə xəttinin donduğu gün deyil, beynəlxalq sistemin yeni formasını aldığı gün görünür. O gün isə hələ gəlməyib. Ukrayna cəbhəsi davam edir. Yaxın Şərqin yeni arxitekturası hələ qurulmayıb. Qaliblər hələ bəlli deyil — yalnız oyunun qaydaları dəyişib.

"Qalib Yoxdur, Oyun Davam Edir"

Soyuq müharibə bitəndə Qərb bir səhv hesab etdi: rəqibin çöküşünü sistemin zəfəri kimi oxudu. Fukuyamanın "tarixin sonu" tezini yalnız akademiklər deyil, siyasətçilər də ciddi qəbul etdi. Liberal demokratiya qalib gəlmişdi — artıq alternativ yox idi. Bu əqidə ilə ABŞ dünya arxitekturasını tək əllə qurmağa girişdi: NATO genişləndi, Dünya Ticarət Təşkilatı quruldu, Çin qlobal bazara qəbul edildi. Məntiq sadə idi — iqtisadi inteqrasiya siyasi konvergensiyanı doğuracaq.

Amma tarix bu hesabı qəbul etmədi. Çin qlobal bazara qəbul edildi — amma liberal demokratiyaya yox. Rusiya Qərb institutlarına inteqrasiya olundu — amma Qərb dəyərlərinə yox. İqtisadi inteqrasiya siyasi konvergensiya yaratmadı — əksinə, rəqibləri daha güclü etdi. ABŞ-ın ən böyük strateji səhvi məhz bu idi: sistem açıq olduqca hamı güclənir — həm müttəfiqlər, həm rəqiblər.

Bu müharibələrin qalibi kimdir? Sual sadə görünür — cavabı deyil. Rusiya Ukraynada torpaq qazandı, lakin iqtisadiyyatı sanksiyaların altında əzilir, gənc nəsli cəbhədə tükənir. Ukrayna müstəqilliyini qorudu, lakin şəhərləri xarabalığa döndü, iqtisadiyyatı xarici yardımdan asılı hala gəldi. ABŞ Avropada NATO-nu möhkəmləndirdi, lakin Yaxın Şərqdə onillik strateji investisiyasını itirdi. İran *"Müqavimət Oxu"nu qurdu — lakin Suriya düşdü, Hizbullah dağıldı, nüvə infrastrukturu vuruldu, ali rəhbəri öldürüldü.

Müasir geosiyasətdə tam qələbə getdikcə nadir hala gəlir. Çünki bu müharibələr artıq yalnız torpaq uğrunda deyil — sistem uğrunda aparılır. Sistem müharibələrində isə qalib yoxdur, yalnız daha az itirənlər var.

Zbiqnev Bjezinski şahmat taxtası metaforasını seçəndə yanılmamışdı — amma bir şeyi görməmişdi: bu taxtada fiqurlar öz iradəsi ilə hərəkət etməyə başlayanda oyunun qaydaları dəyişir. Ukrayna təkcə strateji qapı olmadığını sübut etdi — o, öz taleyi uğrunda vuruşan dövlət olduğunu göstərdi. İran proksi şəbəkəsi ilə onillik müharibə apardı — lakin axırda özü hədəfə çevrildi. Türkiyə *"model dövlət"dən müstəqil aktora çevrildi — amma bu müstəqillik onu nə Qərbə, nə Şərqə tam bağladı. Çin isə hamı döyüşərkən qurdu.

Məqalənin əvvəlində bir sual vermişdik: bu müharibələr niyə bu qədər böyük sistem böhranına çevrildi? Cavab indi daha aydındır. Çünki bu müharibələr torpaq uğrunda deyil — tarixin növbəti mərhələsinin kim yazacağı uğrunda aparılır. Xəritədə göstərilməyən cəbhələrdə, görünməyən silahlarla, adı qoyulmamış qaliblərlə. Bu müharibələrin son səhifəsi hələ yazılmayıb — amma qələm artıq əldədir.

Şahlar Ruhi