"Konteyner inqilabı": Serbiya Avropa istisində yanır


Avropanı əhatəsinə alan anormal istilər təkcə meteoroloji təhdidlər yaratmır – siyasi sistemlər də qızışır, qaynamağa başlayır. Serbiya bu baxımdan həm coğrafi, həm də siyasi mənada təhlükəli bir istinin mərkəz nöqtəsinə çevrilib. Belqrad artıq təkcə Balkanların yox, Avropanın da siyasi gərginlik barometri kimi çıxış edir. Ölkədə tələbə hərəkatı, artan etirazlar və dərinləşən narazılıq hibrid inqilab ssenarisinə çevrilməkdədir. Hakimiyyət isə baş verənləri Qərbin yönləndirdiyi rəngli inqilab cəhdi kimi şərh edir.

Etirazların simvolik fitili

Hər şey 2023-cü ilin noyabrında Novi Sad dəmiryolu vağzalında damın uçması ilə başladı. 16 nəfərin faciəli ölümü, cəmiyyətin dərin təbəqələrində illərlə yığılan narazılığı alovlandırdı. Səhlənkarlıq, korrupsiya, məsuliyyətsizlik – bunlar artıq təkcə qəzanın deyil, bütöv sistemin simvoluna çevrildi. Tələbə etirazlarının adı da təsadüfi deyil: “Konteyner inqilabı”. Aksiyaçılar küçələrə çıxıb zibil qutularından barrikadalar düzəltdilər, yollara çıxışı bağladılar və ictimai blokada hərəkatı başladılar.

28 iyun simvolikası

Etiraz dalğasının 28 iyunda başlanması isə sadəcə təsadüf deyil. Serb tarixində bu tarix iki böyük milli travmanın – 1389-cu ildə Sultan Muradın öldürülməsi və 1914-cü ildə Frans Ferdinanda qarşı sui-qəsdin – simvoludur. Yeni nəsil də bu simvolikayı müasir mübarizənin fonunda dirildərək köhnə travmaları yeni siyasi iddialarla birləşdirir. Bu, həm emosional, həm də strateji olaraq simvolik təpki deməkdir.

 Daxili böhran, xarici ssenari

Serbiyanın Qərblə təmasları, Rusiya ilə yaxınlığı, Çinlə əməkdaşlığı onu geosiyasi mübarizənin qovşağına çevirib. Prezident Aleksandar Vuçiçin neytral-müstəqil siyasəti bir tərəfdən suveren qərar vermək təşəbbüsü kimi qiymətləndirilirsə, digər tərəfdən Qərb institutları və təşkilatları tərəfindən narahatlıqla izlənilir. Etirazların tələbə kütləsi üzərindən təşkili və yönləndirilməsi isə bu mübarizənin "yumşaq güc" elementləri ilə aparıldığını göstərir.

 Müxalifətdən monarxa, idmandan küçəyə

Etirazçılar ilk mərhələdə faciyə ilə bağlı ədalət tələb edirdilər. Lakin zamanla çağırışlar böyüdü: növbədənkənar parlament seçkiləri, korrupsiyaya son, siyasi islahatlar. Hərəkata dəstək isə sadəcə küçələrdən yox, ictimai elitalardan da gəldi.

Şahzadə Filip Karadjordjevic açıq məktubla dinc etirazçılara dəstək verdi.
Novak Cokoviç Uimbldon zəfərini etirazçıların jesti ilə qeyd etdi.
İncəsənət, media, hüquq cameəsindən də hərəkatı dəstəkləyən bəyanatlar gəldi.
Bu, artıq sadəcə bir tələbə aksiyası deyil – xalqın güzgüsünə çevrilmiş bir müqavimət dalğasıdır.

Təhlükəsizlik, yoxsa təzyiq?

Prezident Vuçiçin ritorikası sərtləşir. Etirazlara “terror fəaliyyəti”, “zorlama aktı” kimi yanaşan lider öz mövqeyində geri çəkilməyəcəyini açıq bəyan edir. Barrikadaların dağıdılması, kütləvi həbslər, hətta əvvəlki iğtişaşçılara verilən əfv – bunlar hamısı hakimiyyətin repressiv yanaşmasını nümayiş etdirir. Lakin bu sərtlik ictimai gərginliyi azaltmaq əvəzinə, onu dərinləşdirir.

 Hakimiyyət davamlı, etirazlar isə inadlı

Serb tarixçisi Draqan Popoviç: “Repressiyalarla xaosun qarşısı alınmır, əksinə, o alovlanır.”
RIAC eksperti Milan Lazoviç: “Hakimiyyət hələ stabil görünür, lakin etiraz dalğası uzunmüddətli və inadlı olacaq.”
Bu qarşıdurma ani deyil, sistemli və uzunmüddətli bir sosial-siyasi silkələnmədir. Serb cəmiyyəti dəyişir və bu dəyişiklik ya çevriliş, ya da çevrilmə ilə başa çatacaq.

Serbiya üçün tarixi dönəmdir

Serbiya bu gün həm iqlimdə, həm də siyasətdə "qaynama nöqtəsi"ndədir. Daxildə artan narazılıq, xaricdən sıxılan pres, gənclərin meydanlarda fəallığı – bunlar balkan demokratiyasının gələcəyini formalaşdıracaq. “Konteyner inqilabı” sadəcə zibil qablarından ibarət barrikadalar deyil, bir nəsil yaddaşının formalaşmasıdır.

 Sual budur: bu proseslər sonda Serbiyanı daha azad, yoxsa daha avtoritar edəcək? Cavab hələ küçələrdə yazılır...

Şahlar Ruhi