Tramp Qışqırır, BRİCS Böyüyür

 


ABŞ prezidenti Donald Trampın BRİCS ölkələrinə qarşı sərt bəyanatları Qərbin geoiqtisadi panikasının səsli təzahürüdür. Onun “dağılmaqda olan qurum” adlandırdığı BRİCS isə əslində sistemli şəkildə güclənir və dolların illərlə davam edən təkəbbürlü hegemoniyasına qarşı real alternativ yaradır.

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkovun açıqladığı rəqəmlər bu dəyişimi rəsmiləşdirir: artıq BRİCS çərçivəsində həyata keçirilən ödənişlərin 90%-dən çoxu milli valyutalarla aparılır. Bu, dolları tam əvəzləmək deyil – onun hegemon güc statusunu rədd etmək, iqtisadi suverenliyə doğru atılmış strateji addımdır.

Trampın bu mövzuya reaksiyası da səssiz olmadı. Rio-de-Janeyroda keçirilən BRİCS sammiti ərəfəsində o, qurumu gömrük təhdidləri ilə “cəzalandıracağını” dedi, iştirakçı ölkələrə 10 faizlik tarif tətbiqini elan etdi və sammitin “boş keçdiyini” iddia etdi. Halbuki Putinin və Si Cinpinin videobağlantı ilə qatılacağı əvvəlcədən məlum idi. Tramp isə bu faktı öz ritorikasına uyğun şəkildə manipulyasiya edərək, onu “qorxu” əlaməti kimi təqdim etdi.

Amma dünya rəqəmlərlə danışır – və rəqəmlər Trampı təkzib edir.

Dolların Hegemoniyası Əriyir

Rio sammitində BRICS Pay adlı SWIFT-ə alternativ sistemin genişləndirilməsi təsdiq olundu. Artıq 75 ölkə ilə inteqrasiya olunan bu sistem, blokun öz maliyyə suverenliyini bərpa etməsi üçün real addımdır. Eyni vaxtda Çin xarici ticarətinin 30%-dən çoxunu yuanla aparır, Rusiya isə ixrac müqavilələrində dolların payını 43%-dən 6%-ə endirib.

Yeni İnkişaf Bankı da bu dəyişikliklərin aparıcı alətidir. Kreditlərinin əhəmiyyətli hissəsi dollarla yox, yuan, rupi və realda təqdim olunur. Bankın rəhbəri Dilma Rusef açıq şəkildə bildirir: “Biz sanksiyaların, dolların dəyişkənliyinin təsirindən uzaq layihələrə yönəlmişik”.

BRİCS-in geoiqtisadi blok kimi transformasiyası üç əsas sütun üzərində qurulub:

- Milli valyutalarla hesablaşma sistemlərinin inkişafı;

- Rəqəmsal valyutaların tətbiqi və “BRICS Ledger” platformasının yaradılması;

- Geosiyasi asılılıqlardan azad informasiya və ticarət məkanlarının formalaşdırılması.

Bu, sadəcə texniki islahat deyil – bu, suverenlik fəlsəfəsidir.

Trampın Gücü İtdikcə Səsi Yüksəlir

Tramp BRİCS-ə qarşı ritorikasını “çox ciddi zərbə” adlandırır. Amma reallıq onun ritorikasını təkzib edir: 36 ölkədən 250-dən çox nümayəndənin iştirak etdiyi BRİCS-in media və analitik mərkəzlər forumu Rio-de-Janeyroda keçirildi. Sammitdə “BRICS Pay”, “BRICS Media Connect” və “BRICS Policy Institute” kimi strateji təşəbbüslər elan olundu.

Beynəlxalq ekspertlər Trampın açıqlamalarını “arzu ediləni reallıq kimi təqdim etmək cəhdi” kimi qiymətləndirirlər. Rusiya Dövlət Dumasının nümayəndəsi Dmitri Novikov haqlı olaraq deyir: “Tramp sanksiya və təzyiqlərlə status-kvonu qorumağa çalışır, amma bu metodlar artıq effekt vermir”.

Dollarla Yox, Yuanla Satılan Neft

Ən mühüm dönüş neft bazarında baş verir. Səudiyyə Ərəbistanı Çinlə neft sövdələşmələrində yuan qəbul edir. Çin neft birjasında əməliyyatların 13%-i artıq dollarla aparılmır. Bu isə Bretton-Vuds sisteminin təməlini sarsıdan geosivilizasion dəyişiklikdir.

Moskva, Pekin və Tehran “East Eurasia Commodities Exchange” adlı birja təsis edib – burada hesablaşmalar milli valyutalarla və qızıl ilə aparılır. Bu platforma ilk 90 gündə 2,4 milyard dollarlıq əməliyyat həyata keçirib.

“RAND Corporation”-un analitiki Karl Debro prosesləri belə xarakterizə edir:

“Tanklara yox, tranzaksiya platformaları və rəqəmsal valyutalara məğlub oluruq. Bu - sivilizasion məğlubiyyətdir.”

Yeni Dünyanın Geoiqtisadi Şəbəkəsi: Afrikadan Türkiyəyə qədər

BRİCS-in təsir dairəsi təkcə üzvlərlə məhdudlaşmır. Türkiyə, Səudiyyə Ərəbistanı, İndoneziya, Əlcəzair, Nigeriya və Banqladeş kimi ölkələr “BRİCS Plus” formatına daxil olub, bəziləri də artıq rəsmi üzvlük üçün müraciət edib.

Afrika qitəsi isə bu prosesin mərkəzlərindən birinə çevrilir. Pan-African Payment and Settlement System artıq BRICS Pay ilə inteqrasiya olunub. Çin, BƏƏ və Misirin təşəbbüsü ilə “Dollarız Yaşıl Maliyyə” proqramı başlayıb.

BVF-nin son hesabatlarına görə, 2024–2028-ci illərdə qlobal iqtisadi artımın 70%-I məhz Qlobal Cənubun payına düşəcək.

BRİCS nə ABŞ-a qarşı yönəlmiş qisas layihəsidir, nə də yeni hegemon. Bu – seçim hüququnun, iqtisadi suverenliyin, texnoloji müstəqilliyin sistemli şəkildə bərpasıdır.

Trampın 10%-lik gömrük təhdidləri yeni reallıq qarşısında aciz görünür. Hər bir yuanla, rupi ilə, realla həyata keçirilən əməliyyat bu reallığı dərinləşdirir.

Hindistanlı iqtisadçı Amit Kumar yazır:

“Bu, dolların süqutu yox, diktatının sonudur.”

Əgər keçmişdə dünyaya qaydaları ABŞ yazırdısa, bu gün BRİCS bu qaydaları müzakirə edir. Və bu müzakirələr yalnız dollar dilində aparılmır.

Şahlar Ruhi