-->

“Zəngəzur Koridoru” ABŞ-nin nəyinə lazımdır?

 

“Zəngəzur Koridoru” — təkcə regional nəqliyyat layihəsi yox, eyni zamanda qlobal strateji güc mübarizəsinin mərkəzinə çevrilmiş  geosiyasi arteriyadır. Bu dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistanın Sünik vilayətindən keçməklə birbaşa quru əlaqəsini təmin etməklə yanaşı, eyni zamanda Türkiyə və bütövlükdə Orta Asiya ilə fiziki bağın bərpası mənasını da daşıyır.

2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda (Azərbaycan, Ermənistan, Rusiya) bu koridorun yaradılması nəzərdə tutulsa da, reallaşma prosesi təkcə texniki yox, həm də ideoloji və suverenlik çarpazlığında sıxışıb qalmış diplomatik düyün kimi qalır. “Zəngəzur Koridoru”nun real mənası təkcə lojistik komfortda yox, həm də tarixi-siyasi təlatümlərin və yeni dünya düzənində güc mərkəzlərinin təyini ilə sıx bağlıdır.

İran bu bölgəni həm Ermənistanla münasibətlərin körpüsü, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi kimi görür. Rusiya isə 2020-ci ildə imzalanan atəşkəsdən sonra bölgədə "sülhməramlı" qüvvələri ilə de-fakto nəzarət mexanizmi qurub. ABŞ isə bu köhnə imperiya nizamını pozmaq üçün, alternativ – Qərb yönümlü  nəqliyyat və təsir modelləri qurmaq istəyir.

“Zəngəzur Koridoru”nun ABŞ vasitəsilə “idarə olunması” təklifi bir neçə məqsədə xidmət edir:

-  İran-Ermənistan-Rusiya geosiyasi üçbucağını parçalamaq,

-  Ermənistanı alternativ təhlükəsizlik şəbəkəsinə bağlamaq,

-  Azərbaycanın enerji və ticarət yollarını Qərb nəzarətində saxlamaq.

Bu, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün “Orta dəhliz”inin amerikan versiyası ola bilər.

“Orta Dəhliz” – Çin-Türkiyə-Avropa arasında ən qısa və təhlükəsiz nəqliyyat yoludur. ABŞ bu dəhlizdə Çinin dominantlığını azaltmaq, Avrasiyada alternativ ticarət və nəqliyyat xətti qurmaq üçün “Zəngəzur Koridoru”nu strateji nöqtə kimi görür. Bu həm də:

-  Transxəzər marşrutu ilə Mərkəzi Asiya resurslarının daşınmasını təmin edir ;

-  Avropa üçün enerji və əmtəə təchizatında çeşidlilik yaradır ;

-  ABŞ-yə öz texnoloji və hərbi-lojistik strukturlarını regionda yerləşdirməyə zəmin yaradır ;

"Zəngəzur Koridoru" eyni zamanda ABŞ üçün Türkiyə ilə regional güc paylaşımının sınaq meydanıdır. Ankara bu dəhlizi pantürk inteqrasiyasının əsas halqası kimi təqdim edir. ABŞ isə bu konsepti təkcə ona görə dəstəkləyir ki, həmin xəttdə həm Türkiyənin, həm də NATO-nun mövcudluğu artmış olur. Bu, NATO-nun Qara dəniz və Xəzər aralığında sıxışdırılmış mövqeyini yenidən açmaq üçün istifadə olunacaq yeni “dəhliz doktrinası” nın tərkib hissəsi ola bilər.

ABŞ sülh prosesində “neytral vasitəçi” olaraq çıxış etməyə çalışsa da, real məqsəd  hər iki tərəfi öz nəzarətindəki iqtisadi-siyasi dəhliz modelinə bağlamaqdır. Bunun üçün:

-  Ermənistana “qarantiyalı təhlükəsizlik və iqtisadi artım” vəd edilir ;

-  Azərbaycana isə “Qərbə çıxış və enerji bazarına əlavə imkanlar” təklif olunur.

Bu yolla ABŞ bölgədə öz mövcudluğunu hərbi üsullarla yox, iqtisadi və lojistik manipulyasiya ilə qurmaq niyyətindədir.

2025-ci ilin iyulunda ABŞ rəsmilərinin Ermənistan hökumətinə təqdim etdiyi plan belə idi: Ermənistanın suverenliyinin qorunması şərtilə "Zəngəzur Koridoru" beynəlxalq nəzarətdə idarə edilsin.

Bu model aşağıdakı elementləri əhatə edir:

-  100 illik icarə əsasında idarəçilik (rəsmiləşdirilməmiş təklif) ;

-  ABŞ və ya Qərb tərəfdaşlı şirkətin koridora nəzarət etməsi ;

-  Gömrük yoxlamalarının “smart sistemlər” vasitəsilə həyata keçirilməsi.

Ermənistan bu modeli suverenliyə təhdid kimi görsə də, ABŞ diplomatiyası bunun əksini sübut etmək üçün onu sülhün qarantı və inkişafın açarı kimi təqdim edir.

Moskva üçün bu koridor “dəhliz” adı altında NATO‑nun Cənubi Qafqazda lövbər salması kimi qəbul edilir. Bu, həm Ermənistandakı rus hərbi bazasının (Gümrü), həm də Qarabağdakı keçmiş sülhməramlı strukturun iflasını simvolizə edir.

İran üçün Ermənistan  Rusiyaya çıxış qapısıdır. Bu çıxışın ABŞ-nin nəzarətində bir dəhlizə çevrilməsi Tehran üçün regional mühasirə hissini gücləndirəcək. İran rəsmiləri bu layihəni “İran-Ermənistan münasibətlərinə təhlükə” və “sionist xəttin uzantısı” adlandırır.

Pekin üçün Orta dəhlizdə ABŞ-nin fəallaşması “Bir Kəmər, Bir Yol” təşəbbüsünü zəiflədə bilər. ABŞ bu koridorda aktivləşərək Pekinə həm geosiyasi, həm də infrastruktur rəqibi olur.

XXI əsrin geosiyasi lövhəsində "Zəngəzur Koridoru" ABŞ üçün bütün regionun strateji arxitekturasını yenidən dizayn etmək vasitəsidir. Bu dəhliz üzərində gedən mübarizə əslində enerji, ideologiya, diplomatiya və güc balansı uğrunda qlobal yarışın bir fraqmentidir. ABŞ burada təsir gücünü dərinləşdirmək, Avrasiyada yeni lojistik-maliyyə şəbəkəsi qurmaq və regional müstəqillikləri öz orbitinə çəkmək niyyətindədir. Bu koridorun gələcəyi təkcə yolları yox, regionun siyasi gələcəyini də dəyişdirəcək strateji ipi də kimlərin tutacağı ilə müəyyən olunacaq.

Şahlar Ruhi