Terror
Kimindir?
Terrorla bağlı hər ciddi söhbət yanlış sualla başlayır: "Terror nədir?"
Düzgün sual isə belədir: "Terror kimə aiddir?"
Bu fərq semantik görünür — əslində isə ontolojidir. Birinci sual hadisəni təsvir etməyə çalışır. İkinci sual isə hadisəni mülkiyyətə çevirir. Birincidə biz anlayış axtarırıq. İkincidə isə tərəf seçirik.
Bu fərq xırda deyil. Bu fərq içində siyasi fəlsəfə gizlənir. Çünki terroru təsvir etmək epistemoloji aktdır — onu kiməsə aid etmək isə siyasi. Birincisi həqiqəti axtarır, ikincisi isə məsuliyyəti bölüşdürür. Və tarix göstərir ki, məsuliyyəti bölüşdürənlər həqiqəti müəyyən edənlər olur.
Bu nöqtədə bir illüziya yaranır: guya "terror" obyektiv olaraq mövcud olan, neytral şəkildə təsvir edilə bilən fenomendir. Halbuki "terror" anlayışı heç vaxt təsvir edilməyib — həmişə ittiham edilib. O, faktı qeyd etməyib, mövqe tutub.
1793-cü il. Fransa. Reign of Terror.
Robespyerin rəhbərliyi altında dövlət gündəlik olaraq öz vətəndaşlarını edam edir. Gilyotin adi cəza alətindən çox siyasi mesajdır. Qorxu burada təsadüfi nəticə deyil, məqsədin özüdür. Dövlət zorakılığı gizlətmir — onu nümayiş etdirir. Çünki qorxunu idarəetmə texnologiyasına çevirib.
Bu dövr tarixə "La Terreur" kimi düşdü. Maraqlısı isə budur: "terrorizm" anlayışının özü məhz burada — dövlətin öz zorakılığını legitimləşdirdiyi kontekstdə formalaşdı. Yəni terrorun ilkin institutsional forması dövlətə qarşı yönəlmiş qeyri-dövlət zorakılığı deyildi. Əksinə, dövlətin vətəndaşa qarşı sistemli qorxu istehsalı idi.
Çünki terror əvvəlcə legitim idi — amma sonradan qeyri-legitim elan olundu. Başqa sözlə, terror əvvəlcə metod idi, sonra isə etik kateqoriyaya çevrildi. Dövlət zorakılığı özünü "terror" adlandırmağı dayandırır və bu sözü rəqiblərinə "bağışlayır". Beləliklə, termin dəyişmir, ünvan isə dəyişir.
Bu dəyişiklik hüquqi deyil — siyasi gücün nəticəsidir.
Terroru anlamaq üçün onun formasını yox, sahibini soruşmaq lazımdır. Əks halda biz hadisəni yox, onun bizə təqdim olunan versiyasını müzakirə edirik.
Terror zorakılığın forması ilə yox, statusu ilə müəyyən olunur. Bu status isə hüquq tərəfindən yox, güc tərəfindən verilir.
Anlayışın cinayəti: semantik silah
Hüquqi anlayışlar siyasiləşəndə iki proses eyni anda baş verir: reallıqla anlayış arasındakı sərhəd bulanıqlaşır — və bu bulanıqlıq təsadüfi yox, funksionaldır.
"Terrorizm" bu bulanıqlığın ən uğurlu nümunəsidir. Çünki bu anlayış hüquqi dəqiqlikdən çox siyasi elastiklik üzərində qurulub. Hüquq dəqiqlik tələb edir: sərhəd çəkir, tərif verir, məsuliyyət müəyyən edir. Siyasət isə əksinə işləyir: sərhədi genişləndirir, tərifi dəyişir, məsuliyyəti yönləndirir.
Bu toqquşmanın nəticəsi isə paradoksdur: beynəlxalq hüquqda bu günə qədər terrorizmin vahid, universal, siyasətdən azad tərifi yoxdur. 1937-ci ildə Millətlər cəmiyyəti çərçivəsində ilk ciddi cəhd edildi. Uğursuz oldu. Daha sonra BMT daxilində onlarla konvensiya, layihə, müzakirə aparıldı. Hamısı eyni nöqtədə ilişdi: "terrorçu kimdir?" sualı hüquqi yox, siyasi cavab tələb edirdi.
Çünki dəqiq tərif qoyulduğu anda problem yaranır. Əgər terror "mülki əhaliyə qarşı qorxu yaratmaq məqsədilə zorakılıqdırsa" — bu tərif təkcə qeyri-dövlət aktorlarına şamil edilə bilməz. Dövlətlərin hərbi əməliyyatları, bombardmanları, sanksiyaları da bu çərçivəyə düşə bilər. Bu isə güc balansını pozur.
Ona görə də tərif ya qəsdən daraldılır, ya parçalanır, ya da ümumiyyətlə qeyri-müəyyən saxlanılır. Hüquqi boşluq yaranır — amma bu boşluq bəzi qüvvələr üçün zəiflik yox, üstünlükdür. Çünki qeyri-müəyyən anlayış interpretasiya imkanı yaradır. Interpretasiya isə güc deməkdir.
Beləliklə, "terrorizm" hüquqi kateqoriya olmaqdan çıxır, siyasi etiketə çevrilir. Eyni akt fərqli kontekstlərdə fərqli adlanır. Eyni metod bir tərəf üçün terror, digər tərəf üçün müqavimət olur. Eyni təşkilat bir paytaxtda qadağan edilir, digərində isə maliyyələşdirilir. Burada dəyişən faktlar deyil — onları adlandıran güc mərkəzləridir.
Bu nöqtədə anlayış artıq reallığı təsvir etmir — reallığı formalaşdırır.
"Terrorçu" etiketi təkcə hüquqi status vermir. O, legitimliyi ləğv edir. Dialoqu bağlayır. Qarşı tərəfi siyasi subyekt olmaqdan çıxarır və təhlükəsizlik təhdidinə çevirir. Bu isə çox kritik transformasiyadır: çünki təhdidlə danışıqlar aparılmır — o, zərərsizləşdirilir.
Bu prosesi ən aydın şəkildə Maks Veber izah etmişdi: dövlət legitim zorakılıq inhisarına sahib olan strukturdur. Amma burada əsas söz "zorakılıq" yox, "legitim"dir. Legitimlik zorakılığı dəyişmir — onu qəbul edilən edir.
Beləliklə, "terrorla mübarizə" çox vaxt terrora qarşı mübarizə deyil — "terror" sözünü kim istifadə edəcək sualı ətrafında mübarizədir. Bu isə artıq narrativ müharibəsidir. Və bu müharibədə həqiqət yox, onu daha yaxşı ifadə edən qalib gəlir.
İnkar edilə bilən güc: proksi müharibəsi
Soyuq Müharibə dövründə terror əsasən dövlətə qarşı yönəlmiş alət idi. Dövlətlər hədəf idi, terror isə asimmetrik cavab forması rolunu oynayırdı. Amma Soyuq müharibədən sonra bu münasibət tərsinə çevrildi. Terror artıq dövlətə qarşı yox — dövlət tərəfindən istifadə olunan alətə çevrildi.
Bu transformasiya açıq elan olunmadı. Heç doktrina kimi də yazılmadı. Amma praktikada formalaşdı və sistemləşdi. Müasir geosiyasətdə bu modelin adı var: proksi müharibə.
Proksi — rəsmi olaraq mövcud olmayan, amma real təsir yaradan gücdür. Dövlət öz siyasi məqsədlərini birbaşa yox, vasitəçilər üzərindən həyata keçirir. Bu vasitəçilər bəzən milis qrupları, bəzən ideoloji hərəkatlar, bəzən isə açıq şəkildə terror təşkilatları olur.
Bu modelin əsas üstünlüyü sadədir: məsuliyyəti parçalamaq. Bir dövlət başqa dövlətin ərazisinə birbaşa müdaxilə edəndə hüquqi məsuliyyət daşıyır. Amma eyni məqsədi qeyri-rəsmi aktor vasitəsilə həyata keçirəndə, əlaqəni inkar edə bilir. Bu isə yeni bir güc formasını yaradır: İnkar edilə bilən güc.
Bu güc növü klassik hərbi gücdən fərqlənir. O, görünmür, amma təsir edir. Adi gözlə müşahidə olunmur, amma nəticə yaradır. Və ən əsası — məsuliyyət daşımır.
Proksi heç vaxt tam nəzarət altında qalmır. Çünki bu aktorlar eyni zamanda subyektdir. Onların öz ideologiyası, öz maraqları, öz sosial bazası var. Dövlət onları maliyyələşdirə, silahlandıra, istiqamətləndirə bilər. Amma onların düşüncəsini tam idarə edə bilməz.
Alət aktora çevrilir. Dövlət qısa müddətli geosiyasi üstünlük əldə edir — amma uzun müddətli qeyri-sabitlik yaradır.
Bu transformasiya təsadüfi deyil — strukturaldır. Çünki terror təşkilatının əsas resursu texnologiya yox, insan faktorudur. Onun gücü silahdan yox, inamdan gəlir. İnanan insan isə yalnız əmri yerinə yetirmir — o, məqsədi mənimsəyir. Məqsədi mənimsədikdə isə onu yenidən şərh edir. Bu nöqtədə nəzarət qırılır.
Beləliklə, müasir terror artıq zorakılıq forması deyil — o, geosiyasi idarəetmə modelidir. Və bu modelin ən təhlükəli tərəfi onun effektivliyidir. Ucuzdur. Çevikdir. İnkar edilə biləndir. Amma nəzarət edilə bilən deyil.
Karl fon Klausvits demişdi: "Müharibə siyasətin başqa vasitələrlə davamıdır." Müasir kontekstdə isə: terror — siyasətin məsuliyyətsiz hərbi formasıdır.
Fədai: istehsal xərci sıfır olan silah
Terror təşkilatını adi cinayət şəbəkəsindən, hətta nizami ordudan ayıran əsas fərq strukturda yox, insandadır. Bu fərq fədai adlanır.
Adi təşkilatlar əmrlə işləyir. Ordular intizamla işləyir. Terror isə inamla işləyir. Bu fərq texniki yox — ontolojidir. Çünki əmrlə hərəkət edən insan itaət edir. İnamla hərəkət edən insan isə özünü məqsədə çevirir.
Fədai məhz bu nöqtədə yaranır. O, adi döyüşçü deyil. O, heç vasitə də deyil. O, artıq strategiyanın bir hissəsi yox, strategiyanın özüdür. Çünki onun qərarı kənardan verilmir. O, qərarı daxilində daşıyır.
Bu isə klassik güc modellərini pozur. Nizami orduda əsgər əmrə tabedir. Əmr dəyişdikdə onun davranışı da dəyişir. İerarxiya zənciri qırılanda sistem dağılır. Terror strukturunda isə əksinədir: ierarxiya zəiflədikcə fədainin rolu artır. Çünki o, mərkəzdən yox, ideyadan qidalanır.
Terror təşkilatları haqqında bir səhv təsəvvür var: onlar ancaq ideoloji strukturlardır. Bu doğru deyil. Onların üst qatında ideologiya var. Amma alt qatında çox daha klassik motivlər işləyir: güc, resurs, nüfuz, nəzarət. Bir çox hallarda liderlik ideologiyanı məqsəd kimi yox, alət kimi istifadə edir.
Bu, tarixi nümunələrdə açıq görünür. Taliban hakimiyyətə gələndən sonra ideoloji ritorikanı qismən geri çəkib idarəçilik reallıqları ilə uzlaşdırdı. İŞİD eyni anda həm "xilafət" qururdu, həm də neft satışı ilə iqtisadi model yaradırdı. Hizbollah isə "müqavimət" diskursu ilə yanaşı paralel iqtisadi və sosial strukturlar qurdu.
Amma bu o demək deyil ki, ideologiya saxtadır. Çünki strukturun alt qatında — fədainin səviyyəsində — ideologiya realdır. Fədai üçün ideologiya həqiqətdir. Onun qərarı rasional hesablamanın nəticəsi deyil. O, mənəvi çərçivə daxilində verilir.
Rasional aktor risk hesablayır. Fədai isə risk anlayışını ləğv edir. Rasional aktor yaşamaq istəyir və bu istək onun qərarlarını məhdudlaşdırır. Fədai üçün isə ölüm risk deyil — məqsədin bir hissəsidir.
Bu nöqtədə klassik deterens (çəkinmə) mexanizmi işləməz hala gəlir. Çünki qorxu üzərində qurulan heç bir strategiya qorxunu artıq qəbul etmiş insana təsir etmir.
Beləliklə, terror təşkilatı yeni tip resurs əldə edir: İnanan insan — istehsal xərci olmayan strateji silahdır. Raket istehsal etmək üçün texnologiya lazımdır. Amma fədai üçün təkcə ideoloji çərçivə və sosial kontekst kifayətdir.
Bir çox hallarda fədainin motivasiyası real təcrübədən doğur. İşğal, zorakılıq, sosial ədalətsizlik, kimlik böhranı — bunlar abstrakt ideoloji konstruksiyalar yox, konkret həyat təcrübələridir. İdeologiya bu təcrübələri strukturlaşdırır, izah edir və istiqamətləndirir.
İnsan ideologiyanı qəbul etmir — bəzən ideologiya insanın yaşadığı reallığın izahına çevrilir. Bu baş verəndə, onu kənardan dağıtmaq demək olar ki, mümkünsüz olur.
Liderliyi aradan qaldırmaqla struktur dağılmır. Çünki struktur artıq şəbəkəyə çevrilib. Ərazini nəzarətə götürmək ideologiyanı yox etmir. Çünki ideologiya coğrafiyaya bağlı deyil.
Beləliklə, terrorun mərkəzi fiziki yox, psixolojidir. Bu mərkəzə qarşı klassik hərbi strategiyalar daeffektiv deyil. Çünki onlar infrastrukturu hədəf alır. Halbuki əsas infrastruktur insanın daxilindədir.
Alternativsizlik: terrorun əsl torpağı
İnsan mahiyyəti etibarilə nəyi istədiyini düşündüyü qədər dəqiq bilmir. Amma nəyi istəmədiyini çox yaxşı bilir. Bu fərq kiçik görünür — amma siyasi davranışın əsasını təşkil edir.
Müasir siyasi nəzəriyyələr fərz edir ki, insan rasional seçim edən varlıqdır. Ona seçim veriləndə, o, maraqlarına uyğun qərar qəbul edəcək. Amma real insan davranışı bu modelə tam uyğun gəlmir.
İnsan çox vaxt "hə"ni qurmaqda çətinlik çəkir — amma "yox"u instinktiv olaraq tanıyır. O, ideal gələcəyi təsəvvür etməkdə tərəddüd edir — amma mövcud vəziyyətdə nəyin qəbuledilməz olduğunu dərhal hiss edir. Bu isə siyasi mobilizasiyanın istiqamətini müəyyən edir.
Terror təşkilatları bu psixoloji mexanizmi nəzəri olaraq yox, praktik olaraq anlayır. Onların əsas gücü mənfi mobilizasiyadadır.
"İşğala YOX. Alçalmağa YOX. Belə həyata YOX."
Bu cümlələr proqram yox — reaksiyadır. Amma məhz bu səbəbdən də effektivdir. Çünki bu mesajlar insanın artıq yaşadığı təcrübəni təsdiqləyir. Ona yeni bir reallıq təqdim etmir — mövcud reallığı mənalandırır.
Alternativsizlik sadəcə seçim olmamağı deyil. O, seçimin mənasız görünməsidir. İnsan alternativin mövcud olduğunu görə bilər — amma onun işləmədiyinə inanırsa, psixoloji olaraq alternativsiz vəziyyətdədir.
Bu nöqtədə demokratik mexanizmlər də funksiyasını itirir. Əgər insan seçkiyə inanmırsa — səs vermir, hüquqa inanmırsa — məhkəməyə getmir, dialoqa inanmırsa — danışmır.
Bu inam boşluğu isə boş qalmır. Onu daha radikal strukturlar doldurur. Çünki terror təkcə ideologiya təqdim etmir — o, eyni zamanda çıxış yolu illüziyası yaradır.
Demokratik mühitdə "yox" institusional kanallarla ifadə olunur — etiraz, seçki, ictimai debat. Bu kanallar işlədiyi müddətdə radikallaşma marjinallaşır. Amma bu kanallar olmayanda, ya da etibarsız görünəndə "yox" yeraltına keçir. Yeraltında isə o dəyişir. O, artıq fikir yox — enerji olur. Strukturlaşır. Radikallaşır. Nəzarətdən çıxır. Və nəhayət, zorakılığa çevrilir.
Beləliklə, terror birdən-birə yaranmır. O, uzun bir prosesin son mərhələsidir. Bu prosesi görməyən strategiyalar təkcə nəticəylə mübarizə aparır — səbəblə yox. Nəticə ilə mübarizə isə paradoksal olaraq səbəbi gücləndirə bilər. Çünki zorakılığa verilən zorakı cavab ilkin narazılığı təsdiqləyir və onu legitimləşdirir.
Terror birdən-birə yaranmır. O, uzun bir prosesin son mərhələsidir. Nəticə ilə mübarizə isə paradoksal olaraq səbəbi gücləndirə bilər.
Terror nədir sualı deyil — terror kimə aiddir sualı əsas mübarizə meydanıdır.
Kim "terror" sözünü müəyyən edirsə, o da legitimliyi müəyyən edir. Kim legitimliyi müəyyən edirsə, o da zorakılığın sərhədlərini çəkir. Bu isə artıq hüquq yox — hakimiyyət məsələsidir.