Tarix adətən qalibləri yadda saxlayır. Amma bəzən elə hadisələr olur ki, orada nə qalib var, nə də məğlub – yalnız vicdanın zədələndiyi, insanlığın sınandığı bir an var. 1945-ci ilin 6 avqustu – məhz belə bir gündür. Bu tarix təkcə İkinci Dünya müharibəsinin hər hansı mərhələsi deyil - bu, bəşəriyyətin vicdanı qarşısında verdiyi imtahandır: elmi tərəqqi insanın mənəvi əxlaqını qabaqlayanda nə baş verir?
Hiroşima şəhəri bu sualın cavabını qan və küllə yazdı. 1945-ci ilin avqust səhərində Amerika Birləşmiş Ştatlarının "Enola Gay" adlı bombardman təyyarəsi Yaponiyanın Hiroşima şəhərinə nüvə bombası atdı. "Little Boy" adlandırılan bu nüvə silahı əslində, "Böyük Günah" idi. Bu partlayışla insanlıq ilk dəfə özünü kütləvi şəkildə yox etməyə qadir olduğunu sübut etdi. Bu sübut minlərlə günahsız insanın qanı bahasına başa gəldi.
"Little Boy" 4 tonluq bir qara dəmir parçası kimi görünürdü, amma onun içindəki hər zərrəcik, özündə bəşəriyyətin gələcəyini daşıyırdı. Səhər saat 08:15-də atılan bomba 13 min ton TNT ekvivalentində enerji ilə Hiroşimanı yer üzündən silmək gücünə malik idi. Partlayış nəticəsində 70 min insan anında öldü, 140 minə yaxın insan isə sonrakı aylar ərzində radiasiyadan və ağrılardan can verdi.
Bu, adi bombardman deyildi. Bu, həyatın bombalanması idi. Körpələr, məktəblilər, müəllimlər, evdar qadınlar, işçilər – onların heç biri döyüşçü deyildi. Onlar səhər yeməyinə hazırlaşır, işə gedir, məktəbə tələsirdilər. Amma bir anda hər şey yox oldu. Dəri sümüyə yapışdı, sular çirkləndi, sükut zülmətə çevrildi.
Albert Eynşteynin məktubu ilə başlayan “Manhetten” layihəsi elmi inqilab hesab olunurdu. Amma Oppenhaymerin “Mən aləmlərin məhvedicisiyəm” etirafı artıq elmin qələbəsindən çox, mənəviyyatın məğlubiyyətini nümayiş etdirdi.
ABŞ administrasiyası bu hərəkəti strateji zərurət kimi təqdim etdi. Guya məqsəd Yaponiyanı təslim olmağa məcbur etmək və müharibəni uzatmamaq idi. Amma əsl səbəblər bu izahın kölgəsində gizlənirdi. Nüvə bombası yalnız Yaponiyaya yox, eyni zamanda Sovet İttifaqınadə “əzələ nümayişi” idi. Bu, nüvə dövrünün rəsmən elan olunması, eyni zamanda soyuq müharibənin ilk qeyri-rəsmi atəşi idi.
Yaponiyanın məğlubiyyəti artıq göz qabağında idi. Rəsmi sənədlər göstərir ki, Rəsmi Tokio təslim şərtləri üzərində düşünürdü. Amma ABŞ nüvə silahının real nəticələrini yoxlamaq və SSRİ-ni psixoloji cəhətdən susdurmaq üçün bu bombaları laboratoriyadan çıxarıb, insan bədənləri üzərində sınadı.
Bu , təkcə siyasi cinayət deyildi. Bu, etik mədəniyyətin iflası idi. İnsan öz ağlının yaratdığı texnologiyaya qarşı etik sərhədlər qoymaq əvəzinə, onu sınaq poliqonlarına çevirdi. Siyasi riyakarlar "sülhə aparan qısa yol" adı altında sülhü qana buladılar.
Müharibədən sonra sağ qalanların çoxu psixoloji cəhətdən məhv oldu. Radiasiyanın təkcə cismi yox, sonraki nəsillərə də yayılan genetik ağrısı da oldu. Həyatda qalanlar bir tərəfdən travma, digər tərəfdən cəmiyyətin "çirklənmiş" damğası altında yaşadılar.
"Hibakuşa"... Bu söz Yaponiyada "bombadan sağ qalan" deməkdir. Əslində, bu insanlar ölümdən keçib həyatın nə demək olduğunu dünyaya izah etdilər.
Bu gün Hiroşima texnologiyanın insan üzərində qələbəsinin simvoluna çevrilib. Bəşəriyyət raketlər, kvant kompüterlər, süni intellekt sahələrində müdhiş nailiyyətlər əldə edir. Amma bu nailiyyətlər vicdanla paralel inkişaf etmir. Texnologiyanın gücü etik məhdudiyyətləri aşanda insanlığı özünün yaratdığı sistemlər yox edəcək.
Bu gün nüvə silahı olan dövlətlərin sayı artıq 9-a çatıb. Bu gün dünya 12 mindən çox aktiv və passiv nüvə başlığına sahibdir. Bütün bu arsenal –bir səhv klik, bir səhv hesablama, bir yanlış siqnal nəticəsində yeni Hiroşima fəlakəti ilə nəticələnə bilər. Yəni, texnologiya bizə ikinci şans verməyəcək.
Əgər elmin yanında etik düşüncə inkişaf etməsə, biz Hiroşima faciəsini texnoloji dövrdə daha yüksək həcm və sürətlə təkrarlaya bilərik. Bu dəfə nə kölgələr qalacaq, nə də hekayələr danışılacaq.
Adətən, tarix susanda, cinayət danışmağa başlayır. Hiroşimanın unutqanlıqda boğulması – ikinci dəfə bombalanmaq deməkdir. Bu gün adi bir anım günü deyil. Bu, bəşəriyyətin öz səhvini anlayıb, bir daha təkrarlamamaq üçün yaddaşı və vicdanı təmiz saxlama günüdür.
Əgər biz Hiroşimanı 80 il əvvəl baş vermiş hadisə kimi qiymətləndiririksə, bu, artıq bizim gələcəyimizin qaranlıq ssenarisidir.
Hiroşima bizik. Onun ağrısı bizim gələcəyimiz üçün xəbərdarlıqdır. Onun səsi bizim yaddaşımızda çırpınan mübarizədir İnsan qalmaq uğrunda mübarizə.
Şahlar Ruhi
