-->

ANCA-nın Kölgəsində Qalan Həqiqətlər

 

Qloballaşan dünyada etnik diaspor təşkilatları adətən milli kimliyin qorunması, mədəniyyətin təşviqi və inteqrasiya proseslərinə töhfə vermək üçün fəaliyyət göstərirlər. Lakin bu təşkilatlar bəzən görünən funksiyaların arxasında daha dərinə işləyən, daha məqsədli və daha təhlükəli geosiyasi strategiyaların vasitəsinə çevrilirlər. Amerika Erməni Milli Komitəsi – ANCA bu fenomenin qabarıq, sistemli, bir o qədər də təhlükəli nümunəsidir.

Söz azadlığı, insan haqları, tarixlə üzləşmə kimi ali dəyərləri bayraq edərək ABŞ və Avropa institutlarında fəaliyyət göstərən ANCA əslində beynəlxalq hüququ siyasi məqsədlərlə manipulyasiya edən, regional sabitliyi hədəf alan, terror keçmişini müasir lobbiçilik strategiyaları ilə pərdələyən güc mərkəzinə çevrildi. Bu təşkilat diaspor qurumu kimi təqdim olunsa da, onun fəaliyyət məntiqi və taktiki davranışları bir çox hallarda hibrid diplomatiya, ideoloji ekspansiya və informasiya sabotajı elementləri daşıyır.

ANCA-nın rəsmi sənədlərində qeyd edilən məqsədlər – “erməni məsələləri üzrə maarifləndirmə”, “insan haqlarının müdafiəsi”, “siyasi iştirakın artırılması” – müasir demokratik cəmiyyətlər üçün tanış və cazibəli səslənə bilər. Lakin bu ifadələrin arxasında təkcə tarixdən seçilmiş versiyaların tirajlanması deyil, həm də geopolitik reallıqların saxtalaşdırılması, etnik qarşıdurmaların alovlandırılması və azərbaycanlılara, türklərə qarşı sistemli nifrət istehsalı dayanır. ANCA-nın fəaliyyəti təkcə bir xalqa haqq qazandırmaq yox, həm də başqa xalqlara qarşı məqsədli və davamlı demonizasiya strategiyası yürütmək üzərində qurulub.

Bu komitənin açıq və gizli fəaliyyətləri arasında yalnız ideoloji yox, həm də praktik şiddət zənciri var. Tarixə baxdıqda, ANCA-nın birbaşa və ya dolayı şəkildə legitimləşdirdiyi terror aktları, siyasi sui-qəsdlər və diplomatik cinayətlər onun ideoloji köklərinin haradan gəldiyini aydın şəkildə göstərir. 1970–1980-ci illərdə erməni terror təşkilatlarının Türkiyə diplomatlarına qarşı həyata keçirdiyi qanlı hücumlar ilə ANCA-nın lobbiçilik fəaliyyəti eyni siyasi məqsədin fərqli metodlarla həyata keçirilməsindən başqa bir şey deyildi.

ANCA-nın qanlı tarixi təkcə keçmişin problemi deyil – bu, bu gün də beynəlxalq siyasətdə aktiv şəkildə istifadə olunan yumşaq güc maskası arxasında gizlənmiş sərt təzyiq siyasətidir. Onun Vaşinqton, Paris və Ottavadakı fəaliyyəti sivil siyasətin bir parçası kimi təqdim olunsa da, arxa planda konfliktləri dirçəltmək, saxta tarixlərlə beynəlxalq münasibətləri zəhərləmək və sülhə gedən yolları mina xəttinə çevirmək kimi nəticələr doğurur.

Daşnaksütyun və ANCA – Bir İdeologiyanın İki Qolu

Hər hansı bir təşkilatın bu günkü fəaliyyətini tam başa düşmək üçün onun ideoloji və tarixi köklərinə nəzər salmaq zəruridir. ANCA-nın kökü isə təkcə ABŞ-dakı erməni diasporunun vətəndaş cəmiyyətinə inteqrasiyasında yox, 19-cu əsrin sonlarında Osmanlı İmperiyasının geosiyasi dağılması fonunda meydana çıxan millətçi-terrorçu hərəkatın – Daşnaksütyun partiyasının – ideoloji nüvəsində gizlənir.

1890-cı ildə Tiflisdə qurulan “Erməni İnqilabi Federasiyası – Daşnaksütyun”, Cənubi Qafqazda, Anadoluda və İranın şimalında yaşayan erməniləri Osmanlıya və daha sonra Rusiyaya qarşı silahlı mübarizəyə səsləyən, “Qərbi Ermənistan” xülyası ilə regionda xaos yaradan bir təşkilat idi. Onun əsas məqsədi – “böyük Ermənistan” yaratmaq uğrunda istənilən siyasi və hərbi vasitəni leqal hesab etmək idi. 1894-cü ildə Sasun üsyanı, 1896-cı ildə Osmanlı Bankının silahlı ələ keçirilməsi və daha sonra Sultan Əbdülhəmidə qarşı sui-qəsd planı bu radikal hərəkatın ilk qanlı izləridir. Təşkilat öz proqram sənədlərində terrora, etnik təmizləməyə və silahlı qiyama ideoloji əsas vermişdi.

Bu baxımdan ANCA-nın 21-ci əsrdə ABŞ və Qərb ölkələrindəki “sivil” fəaliyyətləri, sadəcə bir görüntüdür. Gerçəkdə isə bu təşkilat Daşnaksütyun ideologiyasının Amerika variantı, sivil görünüşlü, amma eyni məqsədə yönəlmiş daha sistemli və texnoloji baxımdan təkmilləşmiş bir təzahürüdür.

Bu ideoloji davamlılıq təkcə mənbələrdən yox, şəxslər və strukturlar vasitəsilə də sübut olunur. ANCA-nın liderlərinin əksəriyyəti eyni zamanda ARF (Daşnaksütyun) üzvləri və ya onun təsiri altında olan siyasi cəmiyyətlərin təmsilçiləridir. Məsələn:

- ANCA-nın keçmiş rəhbərlərindən Aram Hamparyan, Daşnaksütyun partiyasının siyasət platformasını açıq şəkildə müdafiə etmiş, Qarabağda erməni silahlı qüvvələrinin mövcudluğunu “öz müqəddəratını təyinetmə” kimi bəraətləndirmişdi.

- ANCA-nın rəhbər strukturları ARF-nin nəzarətində olan "Asbarez", "Horizon Weekly", "Armenian Weekly" kimi mediada sistemli şəkildə Azərbaycan və Türkiyə əleyhinə saxta tarix narrativlərini tirajlayır.

Bu paralel strukturlaşma göstərir ki, Daşnaksütyun və ANCA əslində eyni strategiyanın iki fərqli dövrə uyğunlaşdırılmış alətidir: biri silahla, digəri qələm və qanun adı altında – lakin məqsəd eynidir.

Şahlar Ruhi