Bakı Yaxın Şərq diplomatiyasının yeni ünvanına çevrilir

 


İyulun 13-də Azərbaycan diplomatiya tarixində yeni səhifə açdı. Suriya və İsrail nümayəndələrinin ilk birbaşa təmaslarının Bakıda baş tutması həm bölgə, həm də beynəlxalq ictimaiyyət üçün ciddi siqnal oldu: Azərbaycan  enerji və nəqliyyat körpüsü olmaqla bərabər həm də siyasi dialoq platformasıdır. Bu görüşün faktı, ilk olaraq diplomatik mənbələrdən yayılsa da, rəsmi təsdiq Prezidentin köməkçisi Hikmət Hacıyevin “Jewish News Syndicate” nəşrinə verdiyi açıqlama ilə gəldi:

"Artıq rəsmi olaraq təsdiq edə bilərik ki, Bakı şəhərində İsrail və Suriya arasında danışıqlar keçirilib. Azərbaycan bölgədə sülh və sabitlik üçün körpü rolunu oynamağa hazırdır".

Bu cümlə bir diplomatik hadisəni təsdiqləməklə qalmadı, Azərbaycanın geosiyasi rolunun transformasiyasını da nümayiş etdirdi.

İsrail və Suriya arasında münasibətlərin kəskin düşmənçilik müstəvisində olduğu məlumdur. Ərazi mübahisələri, Qolan təpələri problemi, regionda İranın təsiri və vəkalətli müharibə faktoru bu iki ölkəni onilliklərdir barışdan uzaq saxlayıb. Belə bir fonda onların ilk birbaşa təmas üçün məkan olaraq Bakını seçməsi Azərbaycanın beynəlxalq statusunda yeni mərhələnin başlandığını göstərir. Çünki bu kimi görüşlər yalnız neytral, balanslı və etibarlı ölkələrdə baş tutur – yəni diplomatiyanın real dəyəri burada ölçülür.

Azərbaycan uzun illərdir İsraillə strateji əlaqələrini möhkəmləndirməklə yanaşı, ərəb ölkələri ilə də qarşılıqlı faydalı münasibətlər qurub. Ər-Riyad, Əbu-Dabi və Qahirə ilə inkişaf edən əməkdaşlıq, eyni zamanda Fələstin məsələsində balanslı mövqe, Azərbaycanın “diplomatik körpü” rolunu institusional hala gətirib.

Bakı danışıqları bu ikili münasibətlərin uğurlu sintezidir – Yaxın Şərqin qütbləşmiş aktorlarını bir masa arxasına gətirən yeni model məhz Bakı formatıdır.

Diplomatik kuluarlarda bu görüşdə Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərinin dolayı dəstəyi olduğu qeyd olunur. Bu, Azərbaycanın vasitəçilik təşəbbüsünün  qlobal oyunçular tərəfindən də qəbul edildiyini sübut edir. Həm Vaşinqton, həm də Əbu-Dabi üçün Bakı – Yaxın Şərqdə yeni oyun qaydaları formalaşdıra biləcək etibarlı oyunçudur. Bu, Azərbaycanı nəinki iştirakçı, həm də prosesləri formalaşdıran tərəf səviyyəsinə yüksəldir.

Azərbaycan bu fəaliyyətdən nə qazanacaq?

Bakı görüşü təkcə sülh prosesinin təşviqi deyil, həm də Azərbaycanın strateji imicinin möhkəmləndirilməsidir. Bu təşəbbüs Azərbaycan üçün bir neçə istiqamətdə yeni dividendlər yaradır:

Siyasi nüfuz: Azərbaycan artıq “enerji təchizatçısı” imici ilə məhdudlaşmır. İndi o, “diplomatik platforma” statusu ilə tanınır.

- Etibarlı tərəfdaşlıq: Bu tip görüşlər Azərbaycanın “tərəf tutmayan, amma təşəbbüs göstərən” aktor kimi qavranılmasını təmin edir.

- Strateji fürsətlər: Gələcəkdə digər düşmən tərəflərin – məsələn, İran–Səudiyyə, İsrail–Livan, Fələstin–İsrail dialoqunda Bakı “neytral masa” roluna namizəddir.

Yeni əməkdaşlıq imkanları: Diplomatik vasitəçilik bəzən sərt gücdən daha böyük iqtisadi və siyasi gəlirlər yaradır. Bu görüşlər Azərbaycanın çoxşaxəli əlaqələr sistemini genişləndirir.

Gələcək danışıqların da Bakıda keçirilməsi ehtimalı Azərbaycan üçün bu prosesin epizodik deyil, müntəzəm diplomatik xəttə çevrildiyini göstərir. Bu, ölkənin regional və beynəlxalq sistemdəki yerini daha da möhkəmləndirəcək.

Azərbaycanın bu yeni və məsuliyyətli missiyası həm ölkənin imicinə, həm də qlobal siyasətdəki roluna strateji kapital qatır.

Suriya və İsrail arasında ilk birbaşa danışıqların Bakıda baş tutması Azərbaycanın geosiyasi nüfuzunun və diplomatik etibarlılığının zirvəyə yaxınlaşdığını göstərir. Bu, sadəcə bir hadisə deyil, dövlətin uzunmüddətli xarici siyasət fəlsəfəsinin uğurlu nəticəsidir.

Artıq dünya Azərbaycanın adına təkcə enerji, Zəngəzur dəhlizi və Qarabağla yox, sülh, vasitəçilik və etimadla assosiasiya edir. Bu isə real gücdən doğan real roldur. Azərbaycan diplomatiyası bu rolu özü seçdi – və indi dünya bunu qəbul edir.

Şahlar Ruhi