Yaxın Şərq siyasətinin mürəkkəb arxitekturasını anlamaq üçün bəzən dövlətlərin yox, fikir sistemlərinin və onları təmsil edən liderlərin analizinə ehtiyac yaranır. Çünki bu regionda siyasi qərarlar çox vaxt rasional dövlət maraqlarından çox ideologiya, dini legitimlik, tarixi yaddaş və kollektiv təhlükə psixologiyası ilə formalaşır. Bu kontekstdə İran İslam Respublikasının ali lideri Əli Xameneyi təkcə siyasi lider deyil; o, müəyyən ideoloji sistemin qoruyucusu, inqilabi siyasi mədəniyyətin daşıyıcısı və regionun geosiyasi dinamikasını formalaşdıran əsas aktorlardan biridir.
1979-cu ildə baş vermiş İslam İnqilabı İran tarixində həm də yeni siyasi antropologiyanın yaranması idi. İnqilab nəticəsində dövlətin legitimlik mənbəyi dəyişdi: modernist milli dövlət modelindən teoloji-siyasi modelə keçid baş verdi. Bu modelin ideoloji əsasını isə Ruhullah Xomeyni tərəfindən irəli sürülən “Vilayət-İ fəqih” doktrinası təşkil edirdi. Bu doktrina dini hüququn siyasi hakimiyyət üzərindəki ali nəzarətini legitim saymaqla legitimliyi siyasi hakimiyyətin əsasına çevirir.
Siyasi fəlsəfə baxımından bu model klassik dövlət nəzəriyyələrindən kəskin şəkildə fərqlənir. Əgər Tomas Hobbs dövlətin legitimliyini təhlükəsizlik müqaviləsi ilə izah edirdisə, İranın inqilabi modeli legitimliyi ilahi hakimiyyət konsepsiyası ilə əsaslandırır. Bu isə dövlət və ideologiya arasında sərhədləri demək olar ki, aradan qaldırır.
Bu modelin qorunması və institusional davamlılığı isə böyük ölçüdə Xameneyinin siyasi strategiyası ilə bağlıdır. 1989-cu ildə Xomeyninin ölümündən sonra ali lider postuna yüksələn Xameneyi İranın ideoloji dövlət modelini təkcə qorumaqla kifayətlənmədi; o, bu sistemi yeni geosiyasi reallıqlara uyğunlaşdırmağa çalışdı.
Lakin Xameneyini anlamaq üçün onu təkcə ideoloji sistemin qoruyucusu kimi təsvir etmək kifayət deyil. Onun siyasi davranışını formalaşdıran mühüm amillərdən biri də inqilab nəsli liderlərinə xas olan təhlükə və mühasirə psixologiyasıdır. Siyasi psixologiya nəzəriyyələrinə görə, inqilabi siyasi elitalar çox vaxt dövlətlərini davamlı təhlükə altında olan bir sistem kimi qəbul edir. Bu yanaşma qərarvermə prosesində təhlükəsizlik məsələlərinin ideoloji və iqtisadi məsələlərdən üstün tutulmasına səbəb olur.
İranın təhlükəsizlik doktrinası da məhz bu psixoloji və tarixi kontekstdə formalaşıb. Xüsusilə 1980–1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi İran siyasi elitasının kollektiv yaddaşında dərin iz buraxmışdı. Müharibə İranın təhlükəsizlik strategiyasını köklü şəkildə dəyişdirdi və dövlət elitasında asimmetrik müdafiə strategiyasının formalaşmasına səbəb oldu.
Konfliktologiya və təhlükəsizlik tədqiqatlarında bu strategiya çox vaxt “asimmetrik güc balansı” modeli kimi təsvir edilir. İran bu model çərçivəsində klassik hərbi üstünlükdən daha çox regional müttəfiqlər şəbəkəsinə, raket proqramına və asimmetrik müharibə taktikasına üstünlük verir.
Bu yanaşma regionda tez-tez “Müqavimət oxu” adlandırılan siyasi və hərbi şəbəkənin formalaşmasına gətirib çıxartdı. İranın Livan, Suriya, İraq və Yəməndəki müttəfiqləri vasitəsilə regional təsir imkanlarını genişləndirməsi məhz bu strateji düşüncənin məhsuludur.
Geosiyasi baxımdan isə Xameneyinin siyasəti daha geniş kontekstdə qiymətləndirilməlidir. Son onilliklərdə Yaxın Şərqdə baş verən münaqişələr – Suriya müharibəsi, regional güclər arasında rəqabətin artması və İran ilə İsrail arasında gərginliyin kəskinləşməsi regionda yeni təhlükəsizlik balansının formalaşmasına səbəb oldu. Bu proseslər İranın xarici siyasət strategiyasını daha da radikallaşdırdı və təhlükəsizlik prioritetlərini ön plana çıxartdı.
Bütün bunları nəzərə alaraq, Xameneyini anlamaq üçün onu həm də ideoloji dövlət modelinin qoruyucusu, inqilabi siyasi psixologiyanın daşıyıcısı və İranın regional geosiyasi strategiyasının əsas memarlarından biri kimi analiz etmək lazımdır.
İnqilabın övladı
Xamaneyi kimi siyasi fiqurların formalaşmasını anlamaq üçün təkcə onların bioqrafiyasına nəzər salmaq kifayət etmir. Siyasi psixologiya və siyasi sosiologiya göstərir ki, liderlərin düşüncə sistemi çox vaxt formalaşdıqları tarixi kontekst, sosial mühit və ideoloji təsirlər nəticəsində yaranır. Bu baxımdan Xameneyinin siyasi dünyagörüşünü anlamaq üçün onun yetişdiyi mühitə – XX əsrin ortalarında İran cəmiyyətində baş verən dərin sosial və ideoloji transformasiyalara diqqət yetirmək vacibdir.
Əli Xameneyi 1939-cu ildə İranın dini və intellektual mərkəzlərindən biri olan Məşhəd şəhərində, ruhani ailəsində anadan olmuşdu. Onun ailə mühiti İranın klassik şiə dini təhsil ənənəsi ilə sıx bağlı idi. Şiə dini institutları tarixən həm də müəyyən mənada alternativ ictimai-siyasi şəbəkələr kimi fəaliyyət göstərirdilər. Bu xüsusiyyət xüsusilə İran kimi dövlət və din münasibətlərinin mürəkkəb olduğu cəmiyyətlərdə daha aydın görünür.
Siyasi sosiologiyada belə institutlar çox vaxt “paralel legitimlik strukturları” kimi xarakterizə olunur. Yəni dövlət hakimiyyətindən kənarda fəaliyyət göstərən, amma cəmiyyət üzərində ciddi ideoloji və sosial təsirə malik olan strukturlar. İranın şiə ruhani şəbəkəsi də məhz bu funksiyanı yerinə yetirirdi.
XX əsrin ortalarında İran sürətli modernləşmə mərhələsinə daxil olmuşdu. Şah Məhəmməd Rza Pəhləvi tərəfindən həyata keçirilən modernləşmə proqramı – xüsusilə “Ağ İnqilab” islahatları iqtisadi və sosial strukturları dəyişdirməyə yönəlmişdi. Bu islahatların məqsədi İranı Qərb tipli modern dövlət modelinə yaxınlaşdırmaq idi.
Lakin modernləşmə siyasəti cəmiyyətin bütün təbəqələri tərəfindən eyni şəkildə qəbul edilmirdi. Ənənəvi sosial qruplar, xüsusilə dini elita bu prosesləri mədəni və ideoloji təhlükə kimi qiymətləndirirdi. Onların fikrincə, sürətli sekulyarlaşma və Qərbləşmə İranın dini və mədəni kimliyini zəiflədə bilərdi.
Bu münaqişə İran cəmiyyətində iki fərqli legitimlik modelinin toqquşmasına gətirib çıxardı:
- modernist dövlət legitimliyi – monarxiyanın modernləşmə və milli inkişaf ideologiyası
- dini legitimlik – islam hüququ və dini hakimiyyət konsepsiyası.
Bu ideoloji qarşıdurma nəticədə İran siyasi tarixinin ən mühüm hadisələrindən birinə – İran İnqilabına aparan prosesləri sürətləndirdi
Xameneyinin ideoloji formalaşmasında ən mühüm rol oynayan fiqur isə şübhəsiz ki, Ruhullah Xomeyni olmuşdur. Xomeyni təkcə dini alim deyildi; o, islamı siyasi ideologiya səviyyəsinə yüksəldən və onu dövlət idarəçiliyinin əsasına çevirməyə çalışan siyasi nəzəriyyəçi idi.
Onun siyasi doktrinasının mərkəzində “Vilayət-i fəqih” konsepsiyası dayanırdı. Bu nəzəriyyəyə görə, islam hüququnun alimləri həm də siyasi hakimiyyət üzərində legitim nəzarət hüququna malikdirlər. Bu ideya klassik şiə siyasi düşüncəsində mövcud olsa da, Xomeyni onu ilk dəfə müasir dövlət nəzəriyyəsi ilə birləşdirərək siyasi sistem modelinə çevirdi.
Siyasi fəlsəfə baxımından bu model teokratik dövlət formasının modern interpretasiyası kimi qiymətləndirilə bilər. Bu sistemdə dövlət hakimiyyəti, həm də dini legitimliklə əsaslandırılır.
Xameneyi gənclik illərində məhz bu ideoloji mühitdə formalaşmışdı. O, Xomeyninin siyasi fəaliyyətində fəal iştirak etmiş, Şah rejiminə qarşı mübarizə aparan dini şəbəkələrin üzvlərindən biri olmuşdur. Bu fəaliyyət nəticəsində Xameneyi bir neçə dəfə həbs edilmiş və təhlükəsizlik strukturlarının təqibinə məruz qalmışdır.
Siyasi psixologiya baxımından belə təcrübələr liderlərin dünyagörüşünə ciddi təsir göstərir. Repressiya və siyasi təqib təcrübəsi çox vaxt siyasi elitalarda mübarizə psixologiyası və sistemə qarşı dərin etimadsızlıq formalaşdırır. Bu amil sonrakı dövrdə onların təhlükəsizlik və hakimiyyət məsələlərinə daha sərt yanaşmasına səbəb olur.
Bu baxımdan Xameneyinin siyasi davranışında müşahidə olunan sərt təhlükəsizlik yanaşması və Qərb dövlətlərinə qarşı ifrat etimadsızlıq müəyyən mənada onun formalaşma dövrünün məhsulu kimi də qiymətləndirilə bilər.
1979-cu il inqilabından sonra Xameneyi yeni siyasi sistemin əsas fiqurlarından birinə çevrildi. İnqilabın ilk illərində o, müxtəlif siyasi və institusional vəzifələrdə fəaliyyət göstərdi və 1981-ci ildə İran İslam Respublikasının prezidenti seçildi.
Bu dövr həm də İran tarixində son dərəcə mürəkkəb və təhlükəli mərhələ idi. İnqilabdan dərhal sonra ölkə regionun ən qanlı münaqişələrindən biri ilə üzləşdi – İran–İraq Müharibəsi. Səkkiz il davam edən bu müharibə İran siyasi elitasının kollektiv yaddaşında dərin iz buraxdı və ölkənin təhlükəsizlik strategiyasını köklü şəkildə dəyişdirdi.
Məhz bu müharibə İranın siyasi liderlərinə dövlətin əsas prioritetinin ideoloji ekspansiya yox, rejimin və dövlətin sağ qalması olduğunu daha aydın göstərdi.
Beləliklə, Xameneyinin ideoloji və siyasi formalaşması üç əsas amilin təsiri altında baş vermişdir:
- - İran İslam İnqilabının ideoloji irsi
- - dini institutların siyasi sosiallaşma mühiti
- - müharibə və siyasi repressiya təcrübəsi
Bu amillərin kombinasiyası Xameneyinin siyasi dünyagörüşünü formalaşdırmış və onun hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyasətin ideoloji və psixoloji əsaslarını müəyyən edirdi.
Mühasirə psixologiyası və təhlükəsizlik doktrinası
Siyasi liderlərin təhlükəsizlik və xarici siyasət qərarlarını anlamaq üçün onların fəaliyyət göstərdiyi beynəlxalq mühit qədər, daxili psixoloji və ideoloji kontekst də böyük əhəmiyyət daşıyır. Siyasi psixologiya və təhlükəsizlik tədqiqatları göstərir ki, inqilabi sistemlərdə formalaşan siyasi elitalar çox vaxt öz dövlətlərini davamlı təhlükə altında olan siyasi quruluş kimi qəbul edirlər. Bu fenomen beynəlxalq münasibətlər nəzəriyyəsində “mühasirə psixologiyası” (siege mentality) adlandırılır.
Xameneyinin siyasi düşüncəsində dövlətin və inqilabın təhlükəsizliyi digər bütün siyasi və iqtisadi prioritetlərdən üstün tutulur.
Konfliktologiya və təhlükəsizlik nəzəriyyələrində belə vəziyyətlər çox vaxt “rejimin özünümüdafiə sindromu” termini ilə izah olunur. Bu sindroma görə, yeni qurulmuş ideoloji rejimlər öz varlıqlarını qorumaq üçün təhlükəsizlik məsələlərini dövlət siyasətinin mərkəzinə yerləşdirirlər. Bu proses isə zamanla dövlətin strateji düşüncə modelinə çevrilir.
Xameneyinin siyasi düşüncəsində də bu yanaşmanın izlərini aydın şəkildə görmək mümkündür. Onun çıxışlarında və siyasi bəyanatlarında tez-tez təkrarlanan əsas tezislərdən biri İranın xarici təhdidlər qarşısında davamlı müqavimət göstərməsi ideyasıdır. Bu ideya İranın təhlükəsizlik strategiyasının əsas prinsiplərindən biri idi.
Beynəlxalq münasibətlər nəzəriyyəsində İranın təhlükəsizlik modeli çox vaxt asimmetrik strategiya kimi xarakterizə olunur. Klassik realist yanaşmaya görə isə, dövlətlər təhlükəsizliklərini təmin etmək üçün hərbi güc balansına əsaslanırlar. Amma İran kimi iqtisadi və hərbi resursları daha məhdud olan dövlətlər bu balansı alternativ strategiyalar vasitəsilə qurmağa çalışırlar.
İranın seçdiyi model məhz bu kontekstdə formalaşmışdır. Bu strategiyanın əsas elementləri aşağıdakılardır:
- regional müttəfiq silahlı qruplar şəbəkəsinin yaradılması
- ballistik raket və pilotsuz uçuş aparatları proqramının inkişafı
- asimmetrik müharibə taktikalarının tətbiqi
- regional münaqişələrdə dolayı iştirak
Bu strategiya Qərb təhlükəsizlik ədəbiyyatında tez-tez “proxy warfare” və ya dolayı müharibə modeli kimi təsvir edilir. İran isə bu yanaşmanı daha çox ideoloji çərçivədə – “müqavimət strategiyası” kimi təqdim edir.
Bu strategiyanın institusional əsasını isə İranın ən güclü hərbi strukturlarından biri İnqilab Keşikçiləri Korpusu təşkil edir. İnqilab Keşikçiləri Korpusu eyni zamanda İranın regional siyasətinin həyata keçirilməsində mühüm rol oynayan təhlükəsizlik institutudur.
Bu qurumun regiondakı fəaliyyətləri nəticəsində İran Livan, Suriya, İraq və Yəməndə müxtəlif müttəfiq qruplarla strateji əlaqələr qurmuşdur. Beynəlxalq təhlükəsizlik tədqiqatlarında bu şəbəkə tez-tez “Müqavimət oxu” (Axis of Resistance) kimi xarakterizə edilir. Bu şəbəkənin əsas aktorlarından biri Livanda fəaliyyət göstərən Hizbullah təşkilatıdır.
Geosiyasi baxımdan bu strategiyanın əsas məqsədi İranın birbaşa hərbi qarşıdurmadan qaçaraq regionda strateji təsir imkanlarını genişləndirməkdir. Beləliklə, İran öz təhlükəsizlik perimetrini faktiki olaraq ölkə sərhədlərindən kənarda qurmağa çalışır.
Beynəlxalq münasibətlər nəzəriyyəsində bu yanaşma “irəli müdafiə strategiyası” (forward defense) adlandırılır. Bu modelə görə, dövlət potensial təhlükələri öz sərhədlərinə çatmadan əvvəl regionun digər nöqtələrində neytrallaşdırmağa çalışır.
Amma bu strategiya eyni zamanda regionda yeni gərginliklər də yaradırdı. İranın regional təsirinin artması xüsusilə İsrail və bəzi ərəb dövlətləri tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bu da regionda uzunmüddətli təhlükəsizlik dilemması yaratmışdı.
Təhlükəsizlik dilemması nəzəriyyəsinə görə, bir dövlətin öz təhlükəsizliyini artırmaq məqsədilə atdığı addımlar digər dövlətlər tərəfindən təhlükə kimi qəbul edilir və nəticədə qarşılıqlı silahlanma və gərginlik spiralı yaranır. Yaxın Şərqdə İranın raket proqramı və regional müttəfiqləri məhz belə bir təhlükəsizlik dilemmasını formalaşdırmışdı.
Bu kontekstdə Xameneyinin strateji düşüncə modeli ideoloji motivasiyalarla yanaşı, həm də real geosiyasi hesablamalara əsaslanır. Onun siyasətində əsas məqsəd İranın regional güc statusunu qorumaq və eyni zamanda dövlətin ideoloji sisteminin davamlılığını təmin etmək idi.
Beləliklə, Xameneyinin təhlükəsizlik doktrinası üç əsas prinsip üzərində qurulmuşdur:
- rejimin sağ qalması – dövlət və inqilab sisteminin qorunması
- asimmetrik güc strategiyası – hərbi balansın alternativ vasitələrlə təmin edilməsi
- regional təsir siyasəti – İranın geosiyasi mövqeyinin genişləndirilməsi
Bu prinsip və strategiyalar Xameneyinin siyasi liderliyi dövründə İranın xarici siyasətinin əsas istiqamətlərini müəyyən etmiş və ölkənin Yaxın Şərqdə mühüm geosiyasi aktorlardan birinə çevrilməsində mühüm rol oynamışdır.
Xameneyini anlamaq
Siyasi psixologiya və psixoanalitik yanaşmalar göstərir ki, dövlət rəhbərlərinin qərarvermə tərzi çox vaxt onların şəxsi həyat təcrübələri, identiklik formalaşması və kollektiv travmalarla münasibəti ilə sıx bağlıdır. Bu baxımdan İranın ali lideri Əli Xameneyi haqqında psixoanalitik analiz aparmaq onun siyasi davranış modelini daha dərindən anlamağa imkan verir.
Psixoanalitik nəzəriyyənin banisi Ziqmund Freyd lider psixologiyası ilə bağlı yazılarında qeyd edirdi ki, siyasi hakimiyyət çox vaxt kollektiv identiklik və lider fiquru arasında yaranan emosional bağ üzərində qurulur. Onun məşhur fikirlərindən birində bu ideya belə ifadə olunur:
“Kütlələr liderlə emosional identifikasiya vasitəsilə birləşirlər.”
Freydin bu fikri siyasi psixologiyada xarizmatik liderlik və kollektiv identiklik fenomeninin izahında tez-tez istifadə olunur. İran İslam İnqilabı da belə bir kollektiv emosional mobilizasiya nümunəsi idi. İnqilabın lideri Ruhullah Xomeyni yalnız siyasi rəhbər deyil, həm də dini və ideoloji simvol kimi qəbul edilirdi.
Xameneyinin siyasi identikliyi məhz bu xarizmatik siyasi mühitdə formalaşmışdı. Siyasi psixologiyada belə hallar “xarizmatik varislik sindromu” adlanır. Bu modelə görə, xarizmatik liderdən sonra hakimiyyətə gələn fiqur öz legitimliyini məhz həmin liderin ideoloji irsinə bağlılıq vasitəsilə qurmağa çalışır. Xameneyinin siyasi diskursunda Xomeyninin ideyalarına davamlı istinadlar məhz bu psixoloji və ideoloji mexanizmin nəticəsi kimi qiymətləndirilə bilər.
Psixoanalitik nəzəriyyədə lider davranışını izah edən digər mühüm anlayış isə travma və təhlükə qavrayışıdır. Psixoanalitik nəzəriyyənin inkişafında mühüm rol oynamış Erik Erikson qeyd edirdi ki, liderlərin identikliyi çox vaxt onların gənclik dövründə yaşadıqları siyasi və sosial böhranların təsiri altında formalaşır. Eriksonun fikrincə:
“Tarixi böhranlar liderlərin şəxsiyyətini formalaşdıran psixoloji laboratoriyaya çevrilə bilər.”
Xameneyinin siyasi formalaşma dövrü məhz belə bir böhran mühitinə təsadüf etmişdi. Şah rejiminə qarşı mübarizə, siyasi təqiblər və daha sonra baş verən İran-İraq müharibəsi…
Bu yanaşma Xameneyinin siyasi diskursunda da aydın şəkildə müşahidə olunur. Onun çıxışlarında tez-tez rast gəlinən əsas mövzulardan biri İranın yalnız hərbi deyil, həm də ideoloji və mədəni təzyiq altında olduğu ideyasıdır. Bu baxış İran siyasi diskursunda “yumşaq müharibə” anlayışı ilə ifadə olunur.
Siyasi psixoanaliz sahəsində mühüm fiqurlardan biri olan Harold Lasswell siyasi liderlik haqqında yazılarında qeyd edirdi:
“Siyasət çox vaxt şəxsi psixoloji motivlərin ictimai səviyyədə ifadə formasıdır.”
Lasswellin bu yanaşması siyasi psixologiyada geniş istifadə olunur və liderlərin davranışının yalnız rasional dövlət maraqları ilə deyil, həm də onların şəxsi psixoloji strukturu ilə bağlı olduğunu göstərir.
Bu baxımdan Xameneyinin siyasi davranışı müəyyən mənada ideoloji identiklik və təhlükə qavrayışının sintezi kimi qiymətləndirilə bilər. Onun siyasi diskursunda tez-tez vurğulanan “müqavimət”, “müstəqillik” və “hegemonluğa qarşı mübarizə” ideyaları yalnız geosiyasi mövqenin deyil, həm də psixoloji identikliyin ifadəsidir.
Psixoanalitik yanaşma liderlərin qərarvermə tərzində ehtiyatlılıq və strateji səbr kimi xüsusiyyətlərin də mühüm rol oynadığını göstərir. Bu baxımdan Xameneyinin siyasi davranışı radikal və impulsiv qərarlardan daha çox tədrici və hesablanmış strategiyaya əsaslanır.
Bu xüsusiyyət xüsusilə onun regional siyasətə yanaşmasında müşahidə olunur. İran çox vaxt birbaşa hərbi qarşıdurmadan qaçaraq dolayı təsir mexanizmləri və uzunmüddətli geosiyasi strategiyalara üstünlük verir. Bu model beynəlxalq münasibətlər nəzəriyyəsində bəzən “strateji səbr doktrinası” kimi təsvir olunur.
Beləliklə, psixoanalitik yanaşma Xameneyinin siyasi portretini bir neçə əsas xüsusiyyətlə izah etməyə imkan verir:
- ideoloji identiklik – inqilab ideologiyasına və Xomeyni irsinə güclü bağlılıq-
- tarixi travmanın təsiri – siyasi repressiya və müharibə təcrübəsinin yaratdığı təhlükə qavrayışı
- mühasirə psixologiyası – dövlətin davamlı xarici təhdid altında olduğu düşüncəsi
- strateji səbr – uzunmüddətli və mərhələli siyasi strategiyaya üstünlük
Bu xüsusiyyətlərin birləşməsi Xameneyinin siyasi davranış modelini formalaşdırmışdır. Onun liderlik üslubu ideoloji motivasiyalar, tarixi təcrübələr və psixoloji faktorların kompleks qarşılıqlı təsiri nəticəsində meydana çıxmışdır.
Bu baxımdan Xameneyini yalnız ideoloji lider kimi deyil, həm də İran İslam Respublikasının siyasi sistemini qorumağa yönəlmiş strateji və psixoloji lider modeli kimi qiymətləndirmək mümkündür.
Şahlar Ruhi
